Azərbaycan otellərində "Halal turizm standartları" tətbiq ediləcək

“İslam Həmrəyliyi ili” çərçivəsində may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi, həmçinin son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir.

Metbuat.az xəbər verir ki, bu məqsədlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tələblərinə həsr olunmuş seminardan sonra qərar verilib.

Standart halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün “Halal idarəetmə sistemi”ni əhatə edəcək. Standartda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmalarının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb.

Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir. 4 və 5 ulduzlu otellərdə qadınlara, kişilərə və ailələrə xüsusi mərtəbələrin ayrılması üçün müraciət olunacaq.

Ramazan ayında mehmanxana ziyarətçilərinə xüsusi xidmətlər göstəriləcək. Bir sözlə, müsəlman turistlərin yaşayışı, turların təşkili və digər səmərəli istirahəti üçün bütün tələblər bu standartda nəzərə alınıb.

Qeyd edək ki, Türkiyənin Turizm İnistitutu halal turizmin standartını Azərbaycana hədiyyə edib. Həmin standartlar Səhiyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə. Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə razılaşdırılaraq, otellərə göndərilib. Yaxın günlərdə komitənin halal turizm standartlar paketini təsdiqləyəcəyi gözlənilir.

2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Sektor müdirinin sözlərinə görə, cari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı yetmiş minədək artıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR