Rəqəmsal dünyanın fərqli cəhəti ondadır ki, o, iki tərəfli təsirə malikdir. O, bizi formalaşdırır, biz isə onu formalaşdırırıq. Çox vaxt bizə bu təsir faydalı gəlsə də, internetin verdiyi kommunikasiyanın azadlığı diqqətdən kənardır. İnternetin verdiyi kommunikasiyanın azadlığını diqqətdən kənarda qoymaq olmaz. İnternet mühitinin formalaşması məsul şəxslərin, servis yaradıcılarının, istifadəçilərin, jurnalistlərin, siyasətçilərin, pedaqoqların, psixoloqların, ümumiyyətlə böyüklərin hamısının üzərinə məsuliyyət qoyur ki, şəbəkə mühiti yeni nəsil üçün təhlükəsiz olsun. “Berkman İnternet və Cəmiyyətin Öyrənilməsi Mərkəzi”nin tədqiqatçıları Con Polfrey və Urs Qasser yeni nəsli "rəqəmsal nəsil" adlandırır və bu ifadənin müəllifləri kimi onlara dəyər verərək birinci "rəqəmsal nəsl"in təsnifatını aparır, onu qəbilə adlandırırlar. Yəni söhbət rəqəmsal texnologiyaya sahib olan nəsildən - 1980-ci ildən sonra doğulmuş nəsildən gedir ki, o nəsil bütövlükdə rəqəmsal texnologiyalardan istifadə edir və bu nəsilə alimlərin fikrincə bütövlükdə bir qəbilə demək olar. Bu qəbilə dünya əhalisinin yalnız hələlik bir milyardını təşkil edir. Nəzərə alsaq ki, bu, böyük rəqəm deyil, amma kifayət edəcək qədər həlledici məlumata malik bir qəbilədir. Bu, bir milyard əhalinin internetə çıxışı olan hissəsi deməkdir. Burada qəbilənin populyasiyası, 1980-ci ildən sonra doğulub internetin sürətli inkişafı ilə böyüyən nəsil nəzərdə tutulur. Birinci rəqəmsal nəsil uşaqları rəqəmsal texnologiyaların əsrində doğulub və böyüyüblər. Bizi əhatə edən dünyanı dəyişəcəklər, öz istəklərinə uyğun quracaqlar, bizim iqtisadiyyat, siyasət, mədəniyyət və hətta ailə tərzimiz dəyişəcək və onların istəklərinə tabe olacaq. Bu fikirləri Polfrey və Qasserin tədqiqatlarından aydın müəyyən etmək olar. Onların fikrincə rəqəmsal nəslin portreti bu keyfiyyətlərlə formalaşır: Total kreativlik, innovasiya (burada mövcud formaların dağıdılması, biznesdə yerini tutan məhdudiyyətdən imtina, demokratiklik nəzərdə tutulur), çoxməqsədlilik (burada bir neçə kollektiv məsələlərin eyni vaxtda həlli nəzərdə tutulur). Tədqiqatçılar həmçinin rəqəmsal nəslin problemli tərəflərini də müəyyən ediblər. Biliklərin formalaşması və istinad etməyi çətinləşdirən informasiya yüklənməsi, yəni informasiya çoxluğunda informasiyanı sistemləşdirmək, ardıcıl qəbul etmək, məntiqi əlaqə qurmaq, materialı strukturlaşdırmaq mümkün olmur. İnternet asılılığı, bədniyyətlərlə kontakt təhlükəli kontentlərlə əlaqə (Burada seksual zorakılıq, təhlükəli insanlarla əlaqə, şəxsi həyatın ifşa olunmasına qədər məsələlər nəzərdə tutulur) onları gözləyən təhlükədir.
Rəqəmsal dünyada, internetdə ömür boyu emiqrant kimi qalacaq, böyük nəsillər üçün, uşaqlar üçün qəliz və məhdud görünə bilərlər. Tədqiqatçı Şerri Törkul gənc internet istifadəçilərinin şəbəkəyə qoşulmamaq təhlükəsinin həyəcan həddinə gəlib çatdığını qeyd edir. Söhbət onların internet olmadıqda hansı həyəcan keçirdiyindən gedir. İnternetin olmaması, şəbəkəyə qoşulmamaq onlarda sindrom yaradır, sanki onlar hansısa bir dünyadan ayrılır, sanki böyük bir təhlükə qarşısındadırlar və onları panika bürüyür. Bu panika həyəcan halını alır və sistemli sinir xəstəliklərinə qədər gətirib çıxara bilər. Bəzən indiki gənclərin içərisində elələri var ki, öz ayfonunu itirsə, o, bunu ən yaxın qohumunun itkisinə bərabər qəbul edəcək. Həmişə şəbəkədə olmaq çağdaş insan üçün adi hala çevrilib.
Valideynlər mobil qacetləri* əvvəllər uşaqları ilə əlaqəni asanlaşdırmaq üçün əldə etsələr də, zaman keçdikcə bu, yeniyetmələr arasında bir şəbəkə, ünsiyyət dünyası oldu. Bu şəbəkə yeniyetmənin cəmiyyətdə yer tutmasını çox asanlaşdırdı. Verbal olmayan ünsiyyət münasibətlər sistemini dəyişdi. Əvvəlki komplekslər geridə qaldı. İndi üz görünmür deyə hər şeydən danışmaq olar. Söhbət gənc nəslin, yeniyetmə çağında, yeniyetmə çağına çatmamış insanın cəmiyyətə qovuşma prosesindən gedir. Biz bilirik ki, psixoloqların müxtəlif dövrlərdə apardıqları araşdırmalar nəticəsində əsas problemlərdən biri odur ki, gənc nəsil, xüsusən yeniyetmələr cəmiyyətə qovuşa bilmirlər. Onlar hələ cəmiyyətdə özünə yer tuta bilmirlər, yer tapmaqda çətinlik çəkirlər. Öz yerlərini, funksiyalarını müəyyənləşdirə bilmirlər. Lakin sosial şəbəkələr, йacetlər, ümumiyyətlə yaranmış bu internet onlara elə bir azadlıqlar verdi ki, onlar çox asanlıqla statuslarını müəyyənləşdirdilər.
Nəinki statuslarını müəyyənləşdirdilər, hətta öz mövqelərini bidirirlər və bunu çəkinmədən edirlər. Xüsusən də, sosial şəbəkələrdə öz fikirlərini azad bildirmək və buna görə cəza almamaq, buna görə ifşa olunmamaq, tənbeh olunmamaq onların daha müstəqil, daha asanlıqla cəmiyyətə qovuşmasına imkan yaratdı.
Nəsillər arasında danılmaz uçurum yaranıb. Valideynlərin çoxu texnoloji cəhətdən geri qalırlar, uşaqlar isə günü-gündən yeni bir şey tapırlar və bu yeni olan, valideynlər üçün əlçatmazdır.
İnternetdə daim ünsiyyət uşaqların maariflənməsinə xidmət edir, operativ yaddaşı itiləyir, diqqəti, sürəti artırır. Bu oxu, yazı vərdişindən fərqlidir, daha sistemli biliyə malik olmaq lazım deyil. Kursoru düzgün vurmağı bacarmaq lazımdır. Rəqəmsal uşaqlar emosional, soyuq olurlar, onların üzündə heyranlıq görsək də, bu, böyüklərlə ünsiyyətdə baş vermir.
Uşaqlar virtual dünyada yaşayırlar, sanki Andersonun nağılında olduğu kimi. Onlar buz sarayda yaşayan Kaidilər, buzda naxışlar toxuyurlar, oyun oynayırlar. Bu uşaqlar real cəmiyyətdə özlərini adekvat apara bilmirlər. Rəqəmsal uşaqlar ürəyiaçıqlıq, doğmalıq hisslərini yenidən kəşf edəcəklər. Bir müddətdən sonra bir masada əyləşib bir-biri ilə telefonla ünsiyyətdə olmaqdan yorulacaqlar, onlar bir-birinin üzünə baxmaq istəyəcəklər və yenidən bir-birinin evinə qonaq getmək istəyəcəklər və geriyə dönüş baş verəcək.
İnternet ünsiyyət-fiziki kontaktı aradan qaldırır deyə cinsi, sosial status, xarici görkəm, kommunikativ imkanlar, mimika, jest və s. deyilən anlayışlar özünü itirir. Yəni artıq müəyyən bir görüşə gedəndə müəyyən qədər hazrılaşmaq, nitqinə fikir vermək, formaya salmaq, öz sosial statusunu təsdiqləmək ehtiyacı duyulurdusa, sosial şəbəkələr bütün bu məhdudiyyətləri aradan qaldırıb. Şəbəkədə ünsiyyət yoldaşlıq münasibətlərinin illuziyasını yaradır və dostluq şərtlərini tələb etmir. Həyatda dostluq şərtləri təbii ki, çox ağırdır, amma sosial şəbəkələrdə yaranmış yoldaşlıq illuziyası bu tələbləri qoymur. Real həyatda nüfuz qazana bilməyən bəzi insanlar, sosial şəbəkənin əsl qəhrəmanına çevrilirlər. Onlar orada bəzi fikirlər söyləyir, mülahizələr irəli sürürlər. Əslində indi, cəmiyyətin dehumanizasiyası prosesi gedir. Texnologiyalar insan üçün vacib olan sahələrə, şəxsi həyata, təhsilə müdaxilə edir.
"Rəqəmsalnəsl"in nümayəndələri sosial, şəxsi, real, ideal identifiklik yaradıb onu yeniləyirlər. “Online” və “Offline” dünyada kommunikasiya yaradırlar. "Rəqəmsal nəsil" özünün ictimai “Online” obrazına böyük önəm verir və səylə onu qurur. "Rəqəmsal nəsil" çox şaxəlidir və eyni vaxtda bir neçə yerdən informasiya alır.
Texnologiyanın dəyişməsi ilə insan beyninin dəyişməsi də baş verir. Rəqəmsal qəbilənin əsas problemi şəxsi informasiya anlayışının dəyişməsidir. Onlar üçün şəxsi informasiya sərhədləri dəyişib. Şəxsi dairə cizgiləri başqalaşıb. İnternetdə çox vaxt keçirməklə onlar hər birşeylərini orada bölüşürlər. İnternetdə görünmək istədikləri kimi olmaq asandır və yaxşı keyfiyyyətlərini göstərməyə çalışırlar, amma bu düşmənlər üçün açıq qapı deməkdir, sərhədləri açmaq deməkdir. Təbii ki, lazımi, şəxsi informasiyalarını paylaşmaqla onlar həm də müəyyən informasiyaları ötürürlər ki, onlar haqqında mənfi rəy yaratmaq imkanı əldə etsinlər.
Ümumilikdə götürdükdə yeni nəslin informasiya ilə münasibətlər sisteminə birmənalı şəkildə yanaşmaq olmaz. Burada təhlükəli məqamların olduğunu etiraf etməliyik və bu təhlükəli məqamların aradan qaldırılmasında biz sadəcə köməkçi rolunu oynamalıyıq. Heç bir şəkildə müqavimət göstərib onları informasiya məkanından, kommunikasiya məkanından ayırmağa cəhd etməməliyik, çünki bu mümkün olmayacaq. Əksinə bu sahədə çox ciddi maarifçilik işləri aparılmalıdır. Bu məsələdə eyni zamanda dövlət proqramının qəbul olunması da vacibdir. Hesab edirik ki, ümumilikdə informasiya təhlükəsizliyi məsələsi olduqca ciddi məsələ kimi dövlət qarşısında durur və bu məsələdə sosial şəbəkələrdə, eyni zamanda digər audiovizual multimedia layihələrində dövlətin ideoloji, əxlaqı dəyərlərinə üstünlük verən, multikulturalist dəyərləri təbliğ edən layihələrin gənclərin sevdiyi formatda
təqdimatı, bu sahədə onların marağınının oyadılması, eyni zamanda bu yöndə səhifələrin, qrupların açılması onların bu sahədə maraq dünyasının yaradılması daha faydalı ola bilər. Yəni biz bu yeni informasiya qəbiləsinin - rəqəmsal qəbilənin köməyinə gəlməliyik, müəyyən mənada biz onları yönləndirməliyik. Hər şey, gələcək, bütünlükdə rəqəmsal qəbilənin əlində olduğu üçün indidən bu qəbilənin daha dolğun, daha düzgün formalaşmasında iştirak etməliyik.
*Qacet - özündən böyük işləri özündə cəmləşdirib icra edən elektron qurğu.