"Romans janrında bir boşluq yaranıb" - Ramil Qasımov

"Romans janrında bir boşluq yaranıb" - Ramil Qasımov
17:12 19 May 2017
Ölkə mətbuatı
A- A+

Vokal musiqinin əsas janrlarından biri də romansdır. Bu janr ilk dəfə orta əsrlərdə İspaniyada poeziya növü kimi yaranıb. Belə ki, romanse - ispan sözü olub, mənası instrumental musiqinin müşayiəti ilə ifa olunan lirik şeir formasıdır. 18-ci əsrin sonlarında digər ölkələrdə bu janr musiqinin vokal növlərindən biri kimi inkişaf etməyə başladı. Bəzi ölkələrdə romans və mahnı eyni məna daşıyırdı. Musiqili poetik janr olan romansın mahnıdan fərqli olaraq bədii mətni klassik poeziya növlərini ehtiva edir.

Dünya musiqi tarixində Lüdviq Van Bethoven, Frans Şubert, Mixail İvanoviç Qlinka, Pyotr İliç Çaykovski, Aleksandr Porfiryeviç Borodin, Sergey Raxmaninov və bu kimi bəstəkarlar romans janrını lirik sintemental məzmuna malik, insani hisslərin ən yüksək məcmusu kimi təqdim ediblər. Bu mənada romans janrı romantizm cərəyanının mövcud olduğu dövrlərdə daha geniş yayılıb. 19-cu əsrin musiqisində aparıcı janrlardan biri məhz romans olub.
Azərbaycan professional musiqi tarixində romans janrının ilk yaradıcısı Asəf Zeynallıdır. O, 1923-cü ildə C.Cabbarlının "Ölkəm" şeiri əsasında yazdığı romansla Azərbaycan musiqisində bu janrın əsasını qoymaqla həm də romansa yeni bədii məna gətirdi. Belə ki, ülvi məhəbbət hisslərinin tərcümanı kimi təqdim olunan yalnız insan məhəbbətini tərənnüm edən romans janrı Asəf Zeynallı yaradıcılığında vətənpərvərlik mövzularının təmsilçisinə çevrildi. Bəstəkarın "Sual", "Çadra", "Seyran" və bu kimi romansları ideya məzmunca bir-birinin davamı olan dəyərli incilərdir.

Azərbaycan bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir Hacıbəyli isə romans janrının yeni bir növünü yaratdı. Bu qəzəl-romans janrıdır. Bəstəkarın dahi şairimiz Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etdiyi "Sənsiz" və "Sevgili canan" əsərləri qəzəl-romans janrının ilk nümunələridir.

Sonralar bəstəkarlarımız musiqinin digər janrları ilə yanaşı romans janrına da böyük üstünlük verərək çox dəyərli əsərlər yaratdılar. Ağabacı Rzayeva "Oxuma gözəl" (sözləri A.S.Puşkin), Fikrət Əmirov "Gülüm" (sözləri Nizami Gəncəvi), Cahangir Cahangirov "Gül camalın" (sözləri Nizami Gəncəvi), Süleyman Ələsgərov "Vətənimdir" (sözləri Məhəmməd Füzuli), Tofiq Quliyev "Bəxtəvər oldum" (sözləri Əfzaləddin Xaqani), Vasif Adıgözəlov "Qərənfil" (sözləri Xurşid banu Natəvan) və daha neçə-neçə bəstəkarlarımız əsil Azərbaycan romansını yaratdılar. Onların romansları vokal musiqimizi inkişaf etdirməklə yanaşı vokalçılarımızın da repertuarını zənginləşdirirdi. Bülbül, Mobil Əhmədov, Rəhilə Cabbarova, Sona Aslanova, Rəşid Behbudov, Firəngiz Əhmədova, Yaşar Səfərov, Şövkət Ələkbərova, Fidan və Xuraman Qasımovalar və digər görkəmli müğənnilərimizin repertuarında romans janrı mühüm yer tutur. Hal-hazırda musiqi sənətimiz romans janrı baxımından sanki öz böhran dövrünü yaşayır. Bu barədə musiqiçilərlə tez-tez söhbətlər aparır və bu problemin həlli barədə fikir mübadilələri edirik. Belə söhbətlərdən biri də Respublikanın əməkdar artisti, Prezident mükafatçısı Ramil Qasımovla oldu. Öz peşəkar vokal ifaçılığı ilə Azərbaycan opera səhnəsində Ü.Hacibəylinin "Koroğlu" operasinda Koroğlu, R.Mustafayevin "Vaqif" operasında Vaqif, F.Əlizadənin "İntizar" operasında Arif kimi müqtədir obrazlar yaradan, Bülbül, Mobil Əhmədov məktəbini layiqincə davam etdirən Ramil Qasımov həm bir sənətkar, həm də Mədəniyyət Televiziya Kanalının direktoru kimi öz fikir və təşəbbüsünü Milli.Az-a açıqlamasında belə ifadə etdi:

"Əvvəla qeyd etməliyik ki, dövlətimizin bütün sahələrə olduğu kimi musiqi incəsənətinə də böyük qayğı və diqqəti var. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu ənənəni möhtərəm prezidentimiz cənab İlham Əliyev layiqincə davam etdirir. Onun sərəncamı ilə musiqiçilərimizin fəxri adlara layiq görülməsi, orden və medallarla təltif olunması, xüsusi təqaüdlərlə təsis edilmələri, sənətkarların rifahının yaxşılaşdırılması məqsədilə lazımi ehtiyaclarının ödənilməsi və bu kimi məsələlər musiqiçilərə göstərilən yüksək dövlət qayğısının ifadəsidir. Eləcə də ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, YUNESKO-İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə beynəlxalq səviyyəli festivalların keçirilməsi milli və professional musiqimizin inkişafında böyük əhəmiyyətə malikdir. Bu məqsədlə də iri miqyaslı hətta beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsi bizə böyük şərəf verir. O da məlumdur ki, Azərbaycan musiqisi həqiqətən zəngin köklərə malikdir. Milli mənəvi dəyərlərimizi yaşatmaq, onları indiki və gələcək nəsillərə sağlam şəkildə ötürmək bizim mənəvi borcumuzdur. Bizə göstərilən bu etimadı doğrultmaq məqsədilə hər zaman xalqımıza yeni-yeni töhfələr verməyə çalışırıq.
O ki, qaldı romans janrına - vokal musiqinin əsas janrlarından biridir. Bizim Azərbaycan musiqisində bu janrda çox dəyərli əsərlər yaranıb. Düzdür, o əsərlər həmişə aktual olduğu üçün bu gün də vokalçılarımız onlardan geniş istifadə edirlər. Amma, etiraf etməliyik ki, hal-hazırda romans janrında bir boşluq yaranıb.

Nədənsə, bəstəkarlarımız, xüsusən də, gənc bəstəkarlar bu janra az müraciət edirlər. Demək olar ki, yeni romanslar bəlkə də yazılmır və ya yazılsa da təbliğ olunmur, ictimaiyyətə çatdırılmır. Romans elə bir janrdır ki, o, insanın daxili aləmini, onun etik və estetik fikirlərini ifadə etməklə insana yüksək bədii zövq aşılayır. Bu gün məhz belə romanslara böyük mənəvi ehtiyac var. Elə musiqimizin inkişafı üçün də bu çox gərəklidir. Bu problemi həll etmək, mövcud olan boşluğu doldurmaq və romans janrını yüksək səviyyədə təbliğ etmək məqsədilə Mədəniyyət Televiziya Kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında romans janrında müsabiqə elan etmişik. Elan etdiyimiz bu müsabiqədə də əminik ki, romans janrında Azərbaycan musiqisinə yeni əsərlər bəxş olunacaq. Bütün bəstəkarlarımızın bu müsabiqədə fəal iştirak etmələrini arzulayırıq".

Beləliklə, Mədəniyyət Televiziya Kanalının direktoru Ramil Qasımovun təşəbbüsü ilə "Romans müsabiqəsi" öz işinə başlayıb. İyun ayının 30-na qədər hər bir bəstəkar öz yeni romansları ilə müsabiqədə iştirak edə bilər. Müsabiqənin şərtlərini nəzərinizə çatdırırıq:

Müsabiqədə iştirak etmək istəyənlər romans janrında yazilan əsərin notunu və rəqəmsal formatda müğənninin ifasını iyunun 30-dək medeniyyettv@aztv.az ünvanına göndərməlidirlər. Ümumi nəticələr əldə olunduqdan sonra I, II və III-cü yerlərin qalibi müəyyənləşəcək və qaliblərə müvafiq pul mükafatı veriləcək. Əsərlərdə müasirlik, ideologiya və mənəvi ruh göstərilməlidir. Yəni ki, bədii məzmun lirik və vətənpərvərlik mövzularını əhatə edə bilər.

Bəstəkarlar klassik poeziya janrları ilə bərabər gənc şairlərin də şeirlərinə müraciət edə bilərlər.
Əminik ki, bu müsabiqədə həm Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, həm də bəstəkarliq sənətinə qədəm qoyan gənclər fəal iştirak edəcəklər. Müsabiqənin qalibləri professional musiqiçilər tərəfindən müəyyən ediləcək. Beləliklə hər bir iştirakçıya uğurlar arzulayır və inanırıq ki, musiqi incəsənətimizə yeni romanslar daxil olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/546474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR