Son vaxtlar sosial şəbəkələrlə bağlı müzakirələr çox geniş müzakirə alıb.

Görəsən "Facebook", yaxud digər sosial şəbəkələr olmasaydı, necə yaşayardıq? Həyatımızı bir gün "Facebook"suz təsəvvür edə bilərikmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsində ""Facebook"dan niyə qorxmalıyıq?" sualı ətrafında qızğın müzakirələr aparılıb.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, "Facebook"da cinsi azlıqlarla bağlı yazdığı statusa görə blok edilib: "Mən cinsi azlıqların həyat tərzinin dəbdəbəli, qlamur göstərilməsinin əleyhinəyəm. Fikirləşirəm ki, bu milli təhlükəsizliyə hədədir. Onların təbliğatına imkan verilməməlidir". Vüsal Məmmədov hesab edir ki, insanı "Facebook"da bloklamaq, onun real azadlığını məhdudlaşdırmaqdan daha pisdir, ciddi şəkildə fikir azadlığına qarşısıdır.

""Facebook"dan qorxmalıyıq sualına aktrisa Mələk Heydərovanın cavabı belə olub: "Qorxmalıyıq, orada informasiyalar paylaşırlar, xoşagəlməz ölüm hadisələrinin videoları paylaşılır. Müharibə təbliğ olunur. Məncə bu şeylərə görə "Facebook" təhlükəlidir".

Teleaparıcı Şəbnəm Turana görə "Facebook"a həm də virtual xəyanət məkanı deyirlər: "Amma "facebook" mənim üçün daha əhəmiyyətlidir. "İnstagram"da məsələn Vüsalın hər hansı statusunu paylaşmaq mümkün deyil. Mən "Facebook"u özümə heç vaxt təhlükə bilməmişəm".

Mətbuat.az saytının baş redaktoru, ekspert Bahadur Qobustan söyləyib ki, "Facebook"da cəmiyyətin qaydalarına xüsusi həssaslıqla yanaşılır: "Profilin blok edilməsi səbəbi də odur. Müəyyən bir cərəyanın, toplumun statusuna yol açan profili bağlayırlar. Əsas odur ki, "Facebook"da şiddət göstərməsinlər".

Sosial şəbəkələrin monopolistliyi məsələsində toxunan Vüsal Məmmədov hesab edir ki, sosial şəbəkələr həqiqətən monopolist olması səbəbindən onlardan şikayət vermək çətin prosesdir: "Azərbaycanda "Facebook"un ofisi olmadığı səbəbindən mən onu məhkəməyə də verə bilmirəm". Jurnalist "Facebook"un bloklanmasının mənfi iqtisadi fəsadlarından da danışıb: "Bu iqtisadi baxımdan da zərərdir. Çox böyük səhifələr yaradıblar "Facebok"da". Yüz mini aşan, iki yüz mini aşan. Onun reklamına pul qoyublar. "Facebook"a şikayət etmək üçün ciddi şəkil də təşkilatlanmaq lazımdır".

Vüsal Məmmədov cinsi azlıqların təbliğinin ailə dəyərlərinə mənfi təsir etdiyini söyləsə də Mələk Heydərli bu fikirlə razılaşmayıb: "Ailə modelinin cinsi azlıqdan asılılıqdan dağılması onuncu yerdədir. Bəlkə ayrı şeylərə baxaq birinci?"

"Facebook" mövzular arasında fərq qoymurmu sualını Vüsal Məmmədli belə cavablandırıb: ""Facebook"da həssaslıqla yanaşılan mövzular var. Obama Ağ Evə gələndə Ağ Evin saytında LGBT bölməsi yaratmışdı. Tramp gələndən sonra göstərişlərindən biri də bu oldu ki, Ağ Evin saytından həmin bölməni yığışdırdı. Mən o zaman bunu yazanda, bloklamamışdılar. "Facebook"da mövzulara münasibətdə ayrı seçkilik var".

Sosial şəbəkələrdəki fəaliyyəti ilə Mələk Heydərli bildirib ki, "Facebook" onun üçün təbliğat rolunu oynayır: "Bundan başqa şəkilləri "İnstagram"da daha çox paylaşıram".

Sosial şəbəkələrdə təhlükəsizlik məsələsinə toxunan Bahadur Qobustanlı ermənilərin "Facebook"da Azərbaycanın adından sayı 500.000-i keçən səhifələr yaratdığını bildirib: "Biliblər ki, Azərbaycan dilində hər hansı "Facebook" səhifəsi lazımdır və informasiya müharibəsinə çıxıblar. Bu gün dövlət təhlükəsizlik orqanları üzv sayı 100.000-500.000 olan səhifələrin adminləri ilə ayda bir dəfə görüş keçirməlidir. Bu mexanizm şəklində sistemləşdirilməlidir".

Sonda Vüsal Məmmədov bildirib ki, Azərbaycanda "Facebook"un ofisinin açılması zəruridir: "Azərbaycanın yerli sosial şəbəkəsinin açılması daha yaxşı olardı".