Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfəri çərçivəsində Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə birgə bəyanat imzalayıblar.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov 1-2
iyun 2017-ci il tarixində Rosta Rika Respublikasına rəsmi səfəri
çərçivəsində Kosta Rika Respublikasının prezidenti Zati-aliləri
cənab Luis Guillermo Solis tərəfindən qəbul edilib.
Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin salamlarını və xoş arzularını Prezident Luis Guillermo
Solisə çatdırıb, öz növbəsində, Prezident Luis Guillermo Solis ən
xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş
edib.
Səfər çərçivəsində xarici işlər nazirləri Manuel Gonzalez Sanz və
Elmar Məmmədyarov geniş tərkibdə görüş keçirib və 16 sentyabr
2002-ci ildə Nyu-York şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Kosta Rika
Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında siyasi
məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma
Memorandumu”na uyğun olaraq, siyasi məsləhətləşmələr aparıblar.
Siyasi məsləhətləşmələr çərçivəsində nazirlər ikitərəfli
münasibətlərin cari statusunu nəzərdən keçiriblər və Kosta Rika və
Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20
illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq
və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə
ediblər.
Nazirlər Kosta Rika və Azərbaycan arasında dostluq və əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin
önəmini qeyd edərək, bu xüsusda Manuel Gonzalez Sanzın 20 oktyabr
2015-ci il tarixində Azərbaycan Respublikasına rəsmi səfərini xoş
təəssüratlarla xatırlayıblar.
Elmar Məmmədyarov Kosta Rikanın Azərbaycanda səfirlik təsis etmə
qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Nazirlər
hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı
əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik
ifadə ediblər.
Nazirlər bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət
və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə
ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.
Manuel Gonzalez Sanz Kosta Rikanın Ermənistan-Azərbaycan
münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq, Azərbaycanın səviyyədə tanınmış sərhədləri
çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmasını
tam dəstəklədiyini bəyan edib.
Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və
gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı
faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər. Bu
xüsusda, Diplomatik Akademiyalararası əməkdaşlıq, tələbə və alim
mübadiləsi xüsusilə vurğulanıb.
Tərəflər hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını əks
etdirmədiyini bildiriblər və ticarət əlaqələrinin inkişaf
etdirilməsi üçün iki ölkənin biznes icmaları arasında birbaşa
təmasların qurulmasının təşviqi barəsində ortaq mövqelərini
bölüşüblər. Daha sonra onlar təmsil etdikləri ölkələrdə Azərbaycan
və Kosta Rika haqqında ictimai məlumatlılığın artırılması
baxımından ictimai diplomatiya və mədəni tədbirlərin rolunu diqqətə
çatdırıblar. Həmçinin bu kimi səylərin turist axınına tövfə
verəcəyini əlavə ediblər.
Nazirlər həmçinin ikitərəfli münasibətlərin irəlilədilməsi
baxımından parlament diplomatiyasının xüsusi rol oynadığını
bildirərək, parlament nümayəndə heyətlərinin mübadiləsi barəsində
ortaq təşəbbüslə çıxış ediblər.
Tərəflər beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş
müzakirələr apararaq, qlobal məsələlərə münasibətdə Azərbaycan və
Kosta Rikanın ortaq baxışları bölüşdüyünü və beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun olaraq, regional və qlobal sülhün
qorunub-saxlanılması məqsədilə qanunlara əsaslanan beynəlxalq
nizamnın gücləndirilməsinə sadiqliyini bəyan ediblər.
Mühüm beynəlxalq tədbirlər əsnasında görüşlərini xatırlayan
nazirlər, bü xüsuda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
və dayanıqlı qarşılıqlı dəstək təcrübəsinin təqdirəlayiq hal
olduğunu bildiriblər.
Nazirlər “Diplomatik, xidməti və rəsmi pasporta malik şəxslərin
vizadan azad edilməsi haqqında Razılaşma”nı imzaladılar və iki ölkə
arasında, xüsusilə iqtisadi və humanitar sahədə müqavilə-hüquq
bazasının gücləndirilməsi baxımından səylərin davam etdirilməsi
barəsində razılığa gəliblər.
Həmçinin, nazirlər siyasi məsləhətləşmələrin növbəti raundunun
Bakıda keçirilməsi haqqında razılığa gəliblər.