Azərbaycanın boks millisinin heyətində dəyişikliklər edilib

Azərbaycanın boks millisinin heyətində dəyişikliklər edilib
14:57 5 İyun 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Kişi boksçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişikliklər edilib. "Report"un məlumatına görə, bu barədə yığmanın böyük məşqçisi Nəriman Abdullayev federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib. 
Təcrübəli mütəxəssis "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən heyət üzvlərindən bəzilərinin iyunun 14-də Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatına aparılmayacaqlarını söyləyib: “Bəzi boksçularımız İslamiadada zədələndi. Bu səbəbdən, əvəzedicilərinə şans verəcəyik. Məsələn, yarışda qaşları partlayan Tamerlan Abdullayev Avropa çempionatında iştirak edə bilməyəcək. Onun əvəzinə təcrübəli Pərviz Bağırovu sınayacağıq. 81 kq-da da dəyişiklik etmişik. Rauf Rəhimovun əvəzinə Eldar Quliyev özünü göstərməyə çalışacaq. Məsud Yusifzadənin isə çəkisi az olduğu üçün 52 kq-da deyil, 49 kq çəki dərəcəsində işləyəcək. Bu çəkidə dünya çempionumuz Elvin Məmişzadə rinqə çıxacaq. 91 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədovun İslamiadadan da öncə dirsəyində zədəsi vardı. Bu yarışda final döyüşündən sonra yenidən ağrılar hiss olunmağa başladı. Hazırda müalicə olunduğundan Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevə şans verəcəyik”. 
N.Abdullayev komandanın Avropa çempionatına hazırlığını dəyərləndirib. O bildirib ki, yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir: “Hazırlığın ilk mərhələsini uğurla başa vurduq. Bakıda təşkil olunan məşqlərdə komandaya köməkçi boksçular da cəlb edilmişdi. Fiziki hazırlıqlarla yanaşı, sınaq döyüşləri də keçirdik və deyə bilərəm ki, komanda Avropa çempionatına hazırdır”.
İyunun 4-də Ukraynaya yollanan Azərbaycan millisi Xarkovda hazırlığın son mərhələsinə başlayıb. N. Abdullayevin sözlərinə görə, toplanışın ikinci mərhələsində əsas diqqəti texniki və taktiki məşqlərə yönəldəcəklər: “Məşqlər yüksək səviyyədə keçir. Son 10 gündə hazırlığı Xarkovda davam etdirəcəyik. Burada yerli yığma və Ukraynaya gələcək digər komandalarla birgə toplanış planlaşdırırıq”.
Qeyd edək ki, iyunun 26-dək davam edəcək Avropa çempionatında baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidova (+91 kq) şans verəcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-boks-millisinin-heyetinde-deyisiklikler-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR