Azərbaycan dilinin qorunması və inkişafı mövzusunda müzakirə keçirilib

Bu gün Mədəniyyət və Turizm Nazirliyində Nazir Əbülfəs Qarayevin rəhbərliyi ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoy, AMEA-nın Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri, akademik Muxtar İmanov, millət vəkili, akademik Nizami Cəfərov, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun iştirakı ilə Azərbaycan dilinin təkmilləşdirilməsi, qorunması və inkişafı mövzusunda geniş şəkildə müzakirə aparıldı.

Metbuat.az xəbər verir ki, dövlət dilinin işlənməsi və fəaliyyəti ilə bağlı qanunvericilikdə və digər normativ hüquqi sənədlərdə müəyyən olunmuş tələblərin yerinə yetirilməsi və bu istiqamətdə nəzarət mexanizminin formalaşdırılması, ölkədə dil quruculuğunun vəziyyəti, Azərbaycan dilinin yenilənməsi, lüğət tərkibinin zənginləşdirilməsi və digər məsələlər müzakirə edildi.

Həm yazılı, həm də şifahi dilin təzahür xüsusiyyətləri, qloballaşma şəraitində Azərbaycan dilinin problemləri barədə danışıldı. Xüsusilə orfoqrafiya qaydalarının, terminologiyanın vəziyyəti, kütləvi informasiya vasitələrinin dil üslub xüsusiyyətləri barədə mülahizələr dinlənildi.

Orfoqrafiya və izahlı lüğətlərdə mövcud nöqsanların aradan qaldırılması üçün bu tipli ədəbiyyatların nəşrinin müvafiq təşkilatlarla razılaşdırılması, dil sahəsi üzrə ixtisaslaşmış funksional qurumlar tərəfindən bu yöndə aparılan işlərə ciddi nəzarətin edilməsi və “Nitq mədəniyyəti” fənninin təhsil müəssisələrində tədris olunması bildirildi.

Yekunda belə nəticəyə gəlindi ki, Azərbaycan dilinin saflığının qorunması mətbuatda, reklamlarda dövlət dilinin daha mükəmməl bir şəkildə işlənməsini, dil normalarına riayət olunmasını təmin etmək üçün konkret təkliflər işlənərək Mədəniyyət və Turizm Nazirliyində keçiriləcək növbəti toplantının müzakirəsinə verilsin.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR