“Report” DBNX-ya istinadən xəbər verir ki, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.
İlkin araşdırma zamanı E. Məmmədyarov əti Bakıdan Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib. Ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yük isə müayinə başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Müayinənin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.






