Siyasətdə, iqtisadiyyatda, maliyyədə və insan fəaliyyətinin digər sahələrində "qloballaşma" termini ilə assosiasiya olunan müasir meyllər təhlükəsizlik anlayışının tərifinə xeyli düzəlişlər edərək hər şeydən əvvəl, onun mənasını genişləndirir. Bəzi tədqiqatçıların ədalətli mülahizələrinə görə, "müasir cəmiyyət üçün təhlükəsizlik hər şeyi əhatə edən anlayışa çevrilir, belə ki, hər bir insana toxunan və normal həyat ritmini pozmaq qabiliyyətində olan: terror hücumunun qurbanı olmaqdan başlayaraq evlərdə və obyektlərdə elektrik enerjisinin kəsilməsinə qədər ən kəskin prosesləri əhatə edir. Bu nöqteyi-nəzərdən bir neçə onillik ərzində transmilli cinayətkarlıq beynəlxalq birlik tərəfindən həlli bütün dövlətlərin kollektiv gücünü tələb edən qlobal problem kimi nəzərdən keçirilir.
2000-ci ilin dekabrında İtaliyanın Palermo şəhərində Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası imzalanmışdır. Bu sənədin 3-cü maddəsinə müvafiq olaraq cinayət o zaman transmilli xarakter daşıyır ki, o:
-
birdən artıq dövlətdə baş vermiş olsun;
-
bir dövlətdə baş vermişdir, lakin hazırlanması, planlaşdırılması, rəhbərlik və ya nəzarət başqa dövlətdə həyata keçirilmiş olsun;
-
bir dövlətin daxilində baş vermişdir, lakin bu cinayətdə birdən artıq dövlətdə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşma iştirak edir;
-
bir dövlət daxilində baş vermişdir, lakin nəzərəçarpacaq nəticələri başqa ölkəyə də təsir etmişdir.
Transmilli cinayətkarlığın, eyni zamanda təhlükələrin mənbələrinin təbiətini təhlil edərkən pulların leqallaşdırılması ("yuyulması") kimi hadisəyə diqqət yetirmək lazımdır. Bu, qarşısına mənfəət əldə etmək məqsədi qoyan hər hansı cinayətin ayrılmaz hissəsidir.
Mütəxəssis qiymətləndirməsi dedikdə, əsaslandırılmamış mülahizələr deyil, elmi meyarlara əsaslanan metodlar məcmusundan istifadə başa düşülərsə, mütəşəkkil cinayətkalığın dünyanın müxtəlif ölkələrində əməliyyatlar apardığı ümumdünya maliyyə axınlarının real miqyaslarını təsəvvür etmək son dərəcə çətindir.
Bununla belə, bir çox beynəlxalq təşkilatlar - BMT, Maliyyə tədbirlərinin işlənib hazırlanması qrupu (ingiliscə Financail Action Tasl Force - FATF), Beynəlxalq Valyuta Fondu bu sahədə öz qiymətlərini vermişlər. 2004-cü ilin dekabrında BMT yanında təhlükələr, problemlər və dəyişikliklər üzrə yüksək səviyyəli qrupun məruzəsinə görə, yalnız narkotik vasitələrin qeyri-qanuni dövriyyəsindən ildə 300-dən 500 mlrd. dollara qədər mənfəət əldə edilir. [http://www.un.org/secureworld].
Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, "yuyulmuş" məbləğlər dünya ümumi daxili məhsulunun orta hesabla 2%-dən 5%-ə qədərini təşkil edir FATF isə qeyd edir ki, hətta ən optimist proqnozlara görə bu məbləğlər İspaniya kimi ölkənin ÜDM-nə bərabər ola bilər.
Pulların "yuyulması" prosesi nədən ibarətdir?
Hər baş vermiş və ya baş verən cinayətin məqsədi, hər hansı qanuni kommersiya fəaliyyətinin məqsədi kimi - daha az risklərlə mənfəət əldə edilməsidir. Şübhəsiz, bunun üçün cinayətkarlar kriminal gəlirlərin hüquq-mühafizə orqanları tərəfindən aşkar edilməməsi və qanunla izlənməsinə başlamaması üçün onların mənşəyini gizlətməlidir. Cinayət yolu ilə əldə edilmiş vəsaitlərə qanuni yolla qazanılmış pul görüntüsü vermək elə onların "yuyulması" deməkdir.
Rusiya qanunvericiliyində 2001-ci il avqustun 7-də qəbul edilmiş 115-FZ saylı "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına ("yuyulmasına") və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında" federal qanunda göstərilmiş tərifdən istifadə olunur. Bu sənədə əsasən puılların "yuyulması" - cinayət işlədilməsi nəticəsində əldə edilən pul vəsaitlərinə və ya digər əmlaka malik olmaq, istifadə etmək və ya sərəncam verməyə hüquqi don geyindirməkdir.
Tədqiqatçılar pulların "yuyulmasında" üç mərhələni ayırırlar. Bu mərhələlərə tətbiq olunan maliyyə metodlarından asılı olaraq bir sıra əməliyyatlar daxil ola bilər, lakin bütün prosesin mahiyyəti bu zaman dəyişmir. Birinci mərhələ - yerləşdirmə (placement) - qeyri-qanuni gəlirlərin depozitlər, nağd və nağdsız köçürmələrdən (o cümlədən elektron) və digər alətlərdən istifadə etməklə maliyyə institutlarına yerləşdirilməsi prosesidir.
İkinci mərhələ - laylanma (layering) - bu, cinayət yolu ilə əldə edilən gəlirlərin müxtəlif tranzaksiyalar, o cümlədən saxta firmalar, yalançı şəxslər vasitəsilə və s. köməyilə mənbədən ayrılması prosesidir. Bu halda cinayətkarlar "pulun izi"ni maksimum itirməlidirlər.
Üçüncü mərhələ - inteqrasiya (integration). Bi mərhələni artıq cinayət fəaliyyətini ört-basdır etmək üçün kənardan qanuni görünən gəlirlərdən istifadə prosesi kimi təsəvvür etmək olar. Sonrakı əməliyyatlar, məsələn, investisiyalar, qiymətli kağızların alqısı və s. pulların və ya başqa əmlakın "yuyulması" prosesini tamamilə bitirməyə imkan verir.
"Yuyulmuş" pulların real həcmini qiymətləndirmək çətindir. Ayrı-ayrı faktlar və hadisələr əsasında bunun təsirini və dövlətlər, regionlar və ya bütün dünya birliyi üçün yaradacağı təhlükəni yalnız təsəvvür etmək mümkündür. Dövlət və onun iqtisadiyyatı nöqteyi-nəzərindən pulların "yuyulması" həm zərər (əgər pullar "kölgə" iqtisadiyyatına qoyulursa, ölkədən çıxarılırsa, bu zaman pul resurslarının bölüşdürülməsinə təsir edir) vura bilər, həm də müvəqqəti müsbət nəticələr verə bilər. Bir qayda olaraq, bir çox "ofşor dövlətlər" onların iqtisadiyyatına qoyulan və ÜDM-in böyük hissəsinə təşkil edən pulların mənşəyi ilə maraqlanmır. Lakin elə səbəblər var ki, bunlar pulların "yuyulmasının" iqtisadi, siyasi və sosial sahələr üçün dağıdıcı nəticələr verdiyini güman etməyə məcbur edir. Bu nəticələrdən çoxu Rusiyadan da yan keçməmişdir.
Pulların "yuyulmasının" neqativ nəticələri arasında bu prosesin digər mənfi hallarla - terrorizmlə, qeyri-qanuni narkotik və silah alveri ilə, qul alveri və qeyri-leqal mühacirliklə əlaqədar olduğunu deyirlər. Pulların leqallaşdırılması bu hadisələrin həm ilk səbəbi, həm də nəticəsi olmaqla onların miqyasını gücləndirir. İstənilən halda, cinayət yolu ilə əldə edilmiş gəlirlərin "yuyulması" terror və kriminal qruplaşmalara öz fəaliyyətlərini genişləndirmək üçün əlavə stimullar verir.
Pulların "yuyulmasının" iqtisadi nəticələri də az önəmli deyil. Bunun nəticəsində maliyyə bazarlarının, o cümlədən dünya maliyyə bazarlarının bütövlüyü parçalanmaya məruz qalır. Bu proses xüsusilə kapitalların bir ölkədən digərinə hərəkət etməsi sürətinin artması sayəsində güclənmişdir. "Çirkli" kapitalın qəfil və sürətli yerdəyişmələri bankların və digər maliyyə institutlarının müflisləşməsinə səbəb olur. Bu cəhətdən 2004-cü ildə "Sodbiznesbank"ın lisenziyasının geri alınması və ya Rusiyada "Quta-Bank"ın müflisləşməsi, beynəlxalq səviyyədə isə "Beynəlxalq kredit-kommersiya bankı"nın və "Berinqs-bank"ın iflasını göstərmək olar. Belə vaxtlarda dövlət heç də həmişə effektiv iqtisadi siyasət yürütmək imkanına malik olmur. Milli iqtisadiyyatı deformasiyaya uğratmağa qadir olan nəhəng "kölgə" sahəsi meydana gəlib inkişaf edir. İnflyasiya artır, leqal özəl sektor dağılmağa başlayır. "Yuyulmuş" nağd pulların böyük məbləğləri uğurlu pul-kredit siyasətinin həyata keçirilməsi imkanını şübhə altına qoyur.
Xüsusilə zəif inkişaf etməkdə olan iqtisadiyyatlar əziyyət çəkir. Çox vaxt qeyri-leqal pul vəsaitlərinin həcmi bu cür dövlətlərin büdcələrindən artıq olur ki, bu da faktiki olaraq bütün ölkənin kriminallaşmasını bildirir. Latın Amerikası ölkələrində - Kolumbiyada, Boliviyada, Peruda situasiya tez-tez bu ssenari üzrə inkişaf edir. Narkotik vasitələrin alverindən əldə edilən böyük məbləğlərdə pullar ("yuyulmuş") yerli narkokartellərə nəinki faktiki olaraq adıçəkilən ölkələrdə iqtisadi və siyasi vəziyyətə nəzarət etməyə, həm də öz fəallıqlarını dünyanın digər regionlarına da yaymağa imkan verir. Aydındır ki, bu zaman dövlətlərin maliyyə sisteminə etibar azalır, nəticədə investisiyaların həcmi və kapital axını da azalır.
Pulların "yuyulmasının" sosial və siyasi nətəcələri də vardır. Cinayət fəaliyyəti ilə məşğul olan qruplaşmalar əldə etdikləri gəlirlər sayəsində ölkədə siyasi vəziyyətə təsir etmək imkanı əldə edir, faktiki olaraq legitim hökumətin funksiyalarının bir hissəsini ələ keçirir, xüsusən də sosial sahədə. Mütəşəkkil cinayətkar qruplaşmalar işəgötürən, vəkil kimi çıxış edə və ya əhalinin müəyyən qrupları üçün, hər şeydən əvvəl isə yoxsuıllar üçün məhkəmə funksiyalarını yerinə yetirə bilər.
Kolumbiyada iqtisadi və siyasi qeyri-sabitlik şəraitində cinayət fəaliyyətində - narkobiznesdə iştirak əhalinin böyük hissəsi üçün müvəqqəti olaraq işsizlik problemini azalda bilir.
Narkotik alverçiləri işçi qüvvəsinin "alternativ məşğulluğu"nu təmin edir ki, bu da müsbət qarşılanır və yerli əhalinin rəğbətinə səbəb olur. Analoji proseslər Əfqanıstanda da müşahidə olunur.
İnterpolun qiymətlərinə görə, hazırda 11 ölkədə siyasi rejim narkomafiyanın təzyiqi ilə dağıla bilər. Bir sıra ölkələrdə korrupsiyaya uğramış siyasətçilərdən, hüquq-mühafizə orqanları, gömrük əməkdaşlarından, ordu zabitlərindən istəfadə edən narkomafiya qeyri-məhdud təsirə nail olmuşdur. Məsələn, 1980-ci illərdə Boliviyada "narkokratiya" hökumətin narkotik vasitələrlə alver edən cinayətkar təşkilatla birbaşa əlaqəsinə parlaq nümunə idi. Mütəxəssislər iddia edirlər ki, hərbi Boliviya hökuməti ilə narkotik alverçiləri arasında sərhəd çəkmək qeyri-mümkün idi.
"Narkodollarlardan" istifadə edən digər təşkilatlar Peruda "Sendero Luminoso" ("İşıqlı yol"), Türkiyədə Kürd Fəhlə Partiyası (PKK), Livanda "Hizbullah", Şri-Lankada "Tamil azadlıq pələngləri", Böyük Britaniyada İrlandiya Respublika Ordusu (İRA) və başqalarıdır. Bu, cinayət fəaliyyətindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən terror təşkilatlarının heç də tam siyahısı deyil.
Terrorizmin və pulların "yuyulmasının" prosesləri o cəhətdən oxşardır ki, hər ikisində pulların real izini gizlətmək və diqqəti cəlb etməmək üçün analoji alət və üsullardan istifadə edilir. Lakin bəzi məqamlar vardır ki, bunlar terrorçuların ehtiyaclarına xidmət edən maliyyə axınlarının aşkara çıxmasını son dərəcə çətinləşdirir. ABŞ xüsusi xidmət orqanları müəyyən etmişlər ki, 2001-ci 11 sentyabr hücumlarının maliyyələşdirilməsinə görə terrorçulara 400 min dollar tələb olunmuşdur. Həm də bu məbləğ banklarda bir neçə hesabda ayrı-ayrılıqda yığılaraq toplanmış və ona görə də ciddi şübhə doğurmamışdı. Başqa sözlə, terrorizmin maliyyələşdirilməsi ilə əlaqədar köçürülən vəsaitlər məsələn, qeyri-qanuni narkotik alveri ilə əldə edilən "yuyulmuş" pullarla müqayisədə o qədər də çox görünmürdü.
Bundan başqa, terror təşkilatları üçün yardım leqal mənbələrdən - qeyri-kommersiya təşkilatlarından, xeyriyyə fondlarından, ayrı-ayrı şəxslərdən daxil ola bilər. Bu halda terrorçulara yalnız pulu son alan şəxsin adını gizli saxlamaq lazım gəlir.
Pulların "yuyulması" ilə bağlı neqativ hadisələrin dərk edilməsi, 2001-ci il 11 sentyabr hadisələrindən sonra isə terrorizmin maliyyələşdirilməsi ilə bağlı hadisələr beynəlxalq birliyi bu təhlükəsizlik çağırışlarının qarşısının alınmasına və kollektiv hərəkətlərin zəruriliyini dərk etməyə yönəldilmiş təşəbbüslər işləyib hazırlamağa məcbur oldu.
Maliyyə vəsaitlərinin "yuyulması" ilə mübarizədə çoxlu çətinliklər də mövcuddur. Hər şeydən əvvəl, dövlətlər arasında əməkdaşlıq kifayət qədər sıx deyil: onlar pulların "yuyulması" probleminə və terrorizmin maliyyələşdirilməsi məsələsinə müxtəlif cür yanaşırlar.
Bəzi ölkələrin pulların "yuyulmasının" məhz "başqalarının" problemi olduğunu hesab etmək kimi müəyyən fikir mövcuddur. Bu mülahizələrə görə hansısa xüsusi ölkələrin şəraitində bu pullar yerli əhaliyə və ya hökumətlərə iqtisadi inkişafın maliyyə mənbələrinin olmamasını "kompensasiya" edə bilir.
Dövlətlər arasında milli maraqlar zəminində, ilk növbədə iqtisadi sahədə olan ziddiyyətlər pulların "yuyulması" problemini siyasiləşdirir. Bir çox ölkələr yalnız öz tələbatlarını nəzərə almaqla hərəkət edir, bununla da mövcud və ya potensial qazanclarını beynəlxalq müqavilələrdən yüksək tuturlar.
Məlumdur ki, FATF cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına qarşı tədbirlərin həyata keçirilməsi sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısını tərtib etmişdir. Hazırda bu siyahı boşdur, halbuki bir neçə il əvvəl o siyahıda 10-dan artıq ölkənin adı var idi. [http://www.fat-fgafi.org/document/51.] Bu siyahının dərci onun tərtibçilərinin subyektivliyini qeyd edən şərhlər doğurmuşdur.
FATF-ın siyahısına "vergi cənnəti" - Cersi adası (Britaniya) daxil edilməmişdir. Siyasi mülahizələrdən bu siyahıya Çin daxil edilməyib, bir sıra marağı olan ölkələrin təzyiqi ilə isə - Monako daxil deyil.
Beynəlxalq ticarətdə və maliyyə sistemində heç kimin de-fakto məhdudlaşdırmaq istəmədiyi müəyyən funksiyaları yerinə yetirən ofşor zona və ərazilərin fəaliyyəti haqqında da unutmaq lazım deyil. Dünya regionlarının qeyri-bərabər iqtisadi inkişafı inkişaf etmiş və yoxsul dövlətlər arasında ayrılığın dərinləşməsinə səbəb olur.
Bir çox inkişaf etməkdə olan ölkələr investisiyalar cəlb etmək üçün "çirkli" pulların axını ilə mübarizə aparmaq, yoxsa ümumiyyətlə pul axınının olmaması ilə barışmaq dilemması ilə qarşı-qarşıya qalaraq "şübhəli kapitala" az diqqət etməyə üstünlük verirlər.
Korrupsiya, narkotik alveri, kölgə iqtisadiyyatı və terror fəaliyyəti inkişaf etməkdə olan ölkələr üçün təhlükəyə çevrilmişdir. Bu dövlətlər öz problemlərini sərbəst həll edə bilməyəcəklər. Rus siyasətçisi S.Karaqanov son onilliyin ən böyük səhvinin onlarla keçmiş müstəmləkələrə, ayrılmış ərazilərə müstəqil dövlətlər statusu verilməsi olduğunu demiş, qeyd etmişdir ki, həmin müstəmləkə ölkələr hələ də effektiv iqtisadi inkişaf üçün imkanları, öz əhalilərinin minimal hüquqlarını təmin edə bilməmişlər. Onun fikrincə, bu dövlətlər "qanlı münaqişələrin, terrorizmin, ətraf mühitin deqradasiyasının, bir çox başqa fəlakətlərin mənbəyinə çevrilmişlər. Bununla belə, onlar BMT-də təmsil olunur, orada təşkilatın əksər üzvlərini təşkil edirlər.
Bir çox dövlətlər mövcud müddəalara riayət etmir və konvensiyaların tələblərini yerinə yetirmirlər. 2002-ci ilə qədər Rusiya FATF-ın siyahısında faktiki olaraq bu təşkilatın tövsiyələrini yerinə yetirməyən ölkələrdən biri kimi sayılırdı. Bu, Rusiyanın nüfuzuna xələl gətirirdi.
Hətta dünyada bu problemə birincilər sırasında diqqət yetirən ABŞ-da belə FATF-ın kompleks yoxlamasının nəticələrinə görə, 2005-2006-cı illərdə bu ölkə təşkilatın 40 tövsiyəsindən yalnız 36-na riayət etmişdir.
Əməkdaşlığın effektivliyini qiymətləndirməklə, etiraf etmək olar ki, nə qədər ki, cinayətkar qruplaşmaların və terrorçuların təhlükəsiz fəaliyyəti üçün şərait yaradan, onları cinayətkar hesab etməyən dövlət və ərazilər varsa, pulların "yuyulması" və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ən ciddi təşəbbüslər belə təsirli olmayacaq.
FATF-ın "qara siyahısından" çıxarılan və 2003-cü ildə bu təşkilata bərabərhüququlu üzv olan Rusiya pulların "yuyulması" və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərində fəal iştirak edir. Rusiyanın bu təşkilata qəbul edilməsi siyasi iradənin - onun bütün beynəlxalq tələblərə riayət etməsi səyinə görə dəstəkləmək aktı idi. 2003-cü ildə Rusiyanın pulların "yuyulmasına" qarşı mübarizə sisteminin beynəlxalq yoxlanması göstərdi ki, bu ölkə bütövlükdə hələ dünya standartlarına uyğunluq yoluna təzə qədəm qoyub. Pulların "yuyulmasına" qarşı mübarizənin kiçik təcrübəsi hələ Rusiyaya bu sahədə lider mövqeləri tutmaq imkanı vermir. O, bir sıra ölkələr kateqoriyasına mənsubdur ki, artıq cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması standartları onun iştirakı olmadan yaradılmışdır.
Dünya təcrübəsində pulların "yuyulması" probleminin həllinə iki yanaşma - Amerika və Avropa yanaşmaları formalaşmışdır. Hər iki yanaşma FATF-ın tələblərinə uyğundur. Bu zaman Amerika yanaşması daha dəyərlidir, belə ki, maliyyə institutları və banklar üzərində daha sərt nəzarətə hesablanmışdır. Məhz bu yanaşma Rusiyada tətbiq üçün seçilmişdi. Bu qərar daha çox FATF-ın təzyiqi altında qəbul edilmişdi. Bunun müqabilində FATF öz tərəfindən Rusiyanı öz sıralarına qəbul etmək barədə etirazını geri götürmüşdü.
Prinsip etibarilə Rusiya pulların "yuyulması" və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə böyük rol oynaya bilər. Bunun üçün çox şeylər etmək lazımdır. İlk növbədə, FATF, BMT və digər təşkilatların tətbiq etdikləri standart və normalara daha ciddi riayət etmək lazımdır. Hələ ki, siyasətçilər, biznesmenlər və geniş ictimai rəy pulların "yuyulması" və transmilli cinayətkarlığın təhlükəli olduğunu tam mənası ilə dərk etməmişdir. Pulların "yuyulması" və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin regional istiqamətlərində səyləri artırmaq önəmlidir. Rusiya bu istiqamətdə addımlar atır. 2004-cü ildə Moskvada təsis konfransının qərarına görə, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması üçün Avrasiya qrupu (FATH kimi) yaradılmışdı. Onun tərkibinə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, ÇXR və Tacikistan daxil olmuşdu. Regional səviyyədə cinayətkarlıqla mübarizədə hər region öz təcrübəsindən istifadə etməli və konkret ərazilərin spesifikasını nəzərə almalıdırlar.
Hazırda nəinki hökumətlər, həm də xüsusi xidmətlər, hüquq-mühafizə orqanları, maliyyə kəşfiyyat xidmətləri və banklar səviyyəsində əməkdaşlıq inkişaf edir. Bu, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə vasitələrinin tətbiqi praktikasının öyrənilməsi və təcrübəsi mübadiləsinin imkanlarını yüksəldir. Rusiyanın maliyyə kəşfiyyatının baş orqanı - Maliyyə monitorinqi üzrə federal xidmət Eqmont qrupu (Eqmont qrupu - operativ informasiya mübadiləsinin genişləndirilməsinə və sistemləşdirilməsinə kömək məqsədilə yaradılmış beynəlxalq təşkilat) çərçivəsində müxtəlif ölkələrdə yerləşən analoji strukturlarla əməkdaşlıq edir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində