Sosial mediada yayılan "Seyidlik vəsiqəsi" günün müzakirə mövzusuna çevrilib.
“Müasir Azərbaycan həyatına yaraşmayan, biabırçı bir olaydır”.
Bu sözləri Metbuat.az -a açıqlaması zamanı Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov bildirib.
“"Seyidlik vəsiqə"si haqda mətbuatda yazılar getməsindən xəbərdaram. İnsanlar irqinə, cinsinə, dininə görə bir-birindən fərqlənmirlər. Vəsiqələr insanlara, hüquq mühafizə orqanlarına öz görəvlərini həyata keçirmək üçün verilir. Lakin insanlara o tip vəsiqələrin verilməsi heç cür başa düşüləsi deyil. Bunların məqsədi nədir? İnsanların yaxınlığını yalnız DNT vasitəsilə müəyyənləşdirmək olar ki, onların əcdadları kim olub. Hətta, əcdadlarının kim olmasından asılı olmayaraq, onlara fərq qoyub, vəsiqələr vermək qəbul olunan deyil. Bu kimi halların qarşısını hər vasitə ilə almaq lazımdır. Əminəm ki, QMİ (Qafqaz Müsəlmanları İdarəsi) bu kimi hallardan xəbər tutsa, imkanları daxilində belə halların qarşısını alacaq, özlərinin səlahiyyətli nümayəndələrinə heç cür imkan verməzlər ki, ayrı-ayrı insanlara vəsiqə versinlər. Vəsiqənin o insanları nəyə görə, hansı xüsusiyyətlərinə görə fərqləndirdiyini müəyyən etmək lazımdır. Vəsiqələri almaqda onlar hansı məqsədləri güdürlər: Ayrı-ayrı insanlardan, yoxsa dövlətdən yardım almaq istəyirlər? Müasir Azərbaycan həyatına yaraşmayan, biabırçı hadisədir. Bunun qarşısı mütləq alınmalıdır”.
Aytən Novruzova / Metbuat.az
