DİQQƏT: Müdir sizi işdən çıxarıbsa, əlavə pul almalısınız...

Əmək müqaviləsinə xitam verilən işçi işdən çıxarılan zaman çalışdığı müəssisədən müavinət tələb edə bilər. Çox insan bu qaydanı bilmədiyi üçün işdən çıxarıldıqdan sonra almalı olacağı müavinəti tələb etmir. İşçi tələb etmədiyi üçün də, şirkət bu məbləği verməkdən boyun qaçırır.

Bəs hansı hallarda işçiyə müavinət verilə bilər?

Bu barədə Metbuat.az-a açıqlama verən vəkil Asif Abdullayev bildirib ki, əmək müqaviləsinə xitam verilən işçiyə bu hallarda müavinət verilir:

1. İşçi tərəfindən fasiləsiz olaraq altı aydan çox müddətə əmək qabiliyyətinin itirilməsi nəticəsində əmək funksiyalarını yerinə yetirə bilmədikdə - orta əmək haqqının 2 misli;

2. Müəssisənin ləğvi və ixtisarla bağlı əmək müqaviləsinə xitam verildikdə - orta əmək haqqından az olmayan miqdarda (əgər ikinci və üçüncü aylarda iş tapmasa, həmin aylar üçün orta əmək haqqı ödənilir);

3. İşçinin vəfatı ilə bağlı müqaviləyə xitam verildikdə - orta əmək haqqının 3 misli (işçinin vərəsələrinə);

4. İşçi hərbi xidmətə çağırılması ilə bağlı əmək müqaviləsinə xitam verildikdə - orta əmək haqqının 2 misli; (Xidmətdən qayıdan şəxs, 60 gün ərzində müraciət etsə, əvvəlki iş yerinə bərpa olunmaq hüququna malikdir)

5. Mülkiyyətçinin dəyişməsi ilə bağlı - orta əmək haqqının 3 misli;

6. Əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı əmək müqaviləsinə xitam verildikdə - orta əmək haqqının 2 misli miqdarında.

Xəyalə Məmmədova / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR