Qonşuluğumuzda bir ölkə itir

Qonşuluğumuzda bir ölkə itir
16:57 21 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan parlamentində ölkə hökumətinin 2017-2022-ci illərdəki fəaliyyət proqramı müzakirə olunub. "Yelk" ("Çıxış") müxalifət blokundan olan deputat Edmon Marukyan da müzakirələr əsnasında baş nazir Karen Karapetyana "2018-ci ildən sonra da hökumətə başçılıq etmək niyyətindəsiniz?" sualını verib.

Baş nazir bu sualdan inciyib və kobud şəkildə "Bu suala dəfələrlə cavab vermişəm, mövqeyimdə də dəyişiklik yoxdur" söyləyib.

Lakin bir qədər sonra o, yanlış sözlər söylədiyini anlayıb və öz aləmində siyasi diplomatiyaya əl atıb: "2017-2022-ci illərdə Ermənistan hökumətinin fəaliyyəti ilə beşillik fəaliyyət proqramı hazırlamışıq. Məncə, bu, sualınıza cavabdır".

Beləliklə, Ermənistanda hakimiyyətin sivil, konstitusion yolla hər hansı formada və ya formatda dəyişikliklərə meylli olmadığı, tam əksinə, var qüvvəsindən və imkanlarından yararlanıb belə dəyişikliklərə qarşı çıxdığı etiraf olunub.

Cənubi Qafqazda Rusiyanın forpostu rolunu yerinə yetirən, suverenliyini və müstəqilliyini illüziya təsiri bağışlayan "təhlükəsizliyin təminatı" prinsiplərinə qurban verən Ermənistanın işğalla terrorçu dövlət siyasətinə yüksəltmiş dövlət rolunu yerinə yetirdiyi artıq aksiomdur.

Bunu ermənilər özləri də etiraf edirlər.

İqtisadiyyatı son illərdə sürəkli olaraq kollapsa doğru gedən, ölkəni tərk edərək mühacirətə yollanan vətəndaşlarının sayı həndəsi silsilə ilə artan, ordusunu Rusiyadan bağışlanan silahlar və hərbi texnika vasitəsilə təmin edən Ermənistanın prezidenti Serj Sarkisyan iqtidarı faktiki olaraq korrupsiya, inzibati resurs və vətəndaş haqları ilə hüquqlarının kobud şəkildə pozulması anlamlarının məcmusundan ibarətdir.

İrəvandakı hakimiyyətin baş naziri, daha doğrusu, Sarkisiyanın müvvəqqəti əvəzedicisi funksiyasını yerinə yetirən Karen Karapetyanın da postunda qalması ilə bağlı sualı aqressiv cavablandırması normaldır.

O, sabahına, perspektivinə, vəzifədə qalacığına şübhə etmir və bunun səbəbi də trivialdır: Karen Karapetyan ölkə başçısından hələlik heç bir müvafiq göstəriş, yaxud üstüörtülü mesaj almayıb.

Sarkisyanın iki il əvvəl hazırladığı və onun prezident postunu tərk edəndən sonra hakimiyyətdə qalmasını, daha doğrusu, hakimiyyətə rəhbərlik etməsini şərtləndirən ssenarinin reallaşdırılması davam edir.

Həmin ssenariyə uyğun olaraq ilkin mərhələdə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirildi, səsvermədə də ermənilər iqtidarın təkliflərini "dəstəklədilər". Təkliflər Ermənistanın yarıprezident-yarıparlament idarəetmə üsullu ölkəyə çevrilməsini, ən başlıcası isə baş nazirin bütün rıçaqlara yiyələnməsini və prezidentin səlahiyyətlərinin sırf dekorativ səviyyəyə endirilməsini nəzərdə tuturdu.

Ermənistan gələn ilin ortalarından başlayaraq baş nazirin idarə edəcəyi dövlətə çevriləcək və bu prosesin təməli də bəhs etdiyimiz referendumun "legitim" nəticələrində qoyulub.

Ssenarininin ikinci mərhələsində parlament seçkiləri keçirildi və Serj Sarkisyan asan idarə edəcəyi deputat heyətini formalaşdırdı. Total saxtakarlıqlar, inzibati resurslardan sərhədsiz istifadə və qanunsuzluqlarla müşayiət olunan seçkilərin sonuclarına görə, Ermənistanda iqtidardakı Ermənistan Respublika Partiyası *ERP) 55 mandata yiyələnmişdi.

Cib müxalifət strukturu olaraq oliqarx Qagik Sarukyanın başçılıq etdiyi "Sarukyan" bloku 30 mandat, "Elk" ("Çıxış") bloku 9, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun isə 7 mandat qazanmışdı.

Yəni, sözdə "müxalifət" olan qurumlar cəmi 46 mandata yiyələndiklərindən 55 mandatlı ERP hökuməti formalaşdırmaq səlahiyyətlərinə malikdi.

Belə də oldu və Sarkisyan yeni hökumət formalaşdırmaq əvəzinə, Rusiyanın "Qazprom" korporasiysının Ermənistandakı "baş mühasib"i Karen Karapetyanı baş nazir postunda saxladı.

İndi üçüncü mərhələyə start verilib. Bu mərhələ ilə bağlı plana görə, Karen Karapetyan 2022-ci ilədək baş nazir postunda qalacağını deyir, amma gələn ilin sonlarında S.Sarkisyanın baş nazir postuna keçidi ilə bağlı işlərə start verilir. S.Sarkisyanın prezident postunda səlahiyyət müddəti başa çatanda o, sədrlik etdiyi ERP partiyasının parlamentdəki fraksiyası tərəfindən baş nazir postuna namizəd sayılır. Ermənistanda prezident seçkiləri keçirilir, həmin vəzifəyə S.Sarkisyanın Moskva ilə razılaşdırdığı marionetka seçilir.

Beləcə, S.Sarkisyan Ermənistanda idarətemə rıçaqlarının hamısını özündə saxlayır və çox geniş səlahiyyətlərə malik baş nazir kimi çalışmağa başlayır.

Məhz bu səbəbdən, İrəvanda hakimiyyət "hami"sindən tam təhlükəsizlik təminatı aldığından, kart-blanşına o qədər güvəndi ki, hansısa müzakirələrə belə, əhəmiyyət vermədi.

O ki ola insan haqları müdafiəçilərinin, müxalifətçilərin və tanınmış ictimai xadimlərin tənqidləri...

İndi də Ermənistan parlamentində növbəti "Muppet Show" təşkil olundu, hökumət bundan sonrakı fəaliyyəti ilə bağlı "proqram"ını açıqladı.

Açıqlama daha çox "Biz bildiyimizi edəcəyik, sizsə, sadəcə, müşahidəçi qalın" bəyanatına bənzəyirdi və ikinci önəmli məqamı ortaya qoydu: Ermənistanın varlığına, mövcudluğuna, suverenliyinə və müstəqilliyinə ən böyük, ən real təhlükə elə bu ölkənin iqtidarı, quldur yığınına bənzəyən hakimiyyətidir.

Halbuki, Sarkisyan iqtidarı "müstəqilliyimizlə suverenliyimizə müdaxilə cəhdləri, təhlükəli çağırışlar mövcuddur" bəyanatını son 4 ayda nə az, nə çox düz 56 (!) dəfə səsləndirib.

Bu bəyanat Ermənistandakı vəziyyətin fəlakət həddinə çatdığını vurğulamaqdan usanmayan Avropa Birliyinə ünvanlanıb.

Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski Sarkisyanın rejiminin bu marazmlarına çox konkret, özü də istehza ilə cavab verib: "Ermənistanın suverenliyi və müstəqilliyinə təhlükə bizim fəaliyyətimizdə deyil - təhlükə mənbəyini başqa yerdə axtarmaq gərəkdir".

... Ermənilərin bir atalar sözü var: "Aveli lava asen qeşes, kan gşes". Yəni "Həqiqəti deyib pis olmaq susub uzunqulaq kimi tanınmaqdan yaxşıdır".

İrəvandakı rejim danışdıqca özünü Buridanın məxluquna daha çox bənzətməkdədir.

Ermənistanın üzləşdiyi ən böyük təhlükə ölkənin maraqlarını və vətəndaşlarının mənafelərini öz istəklərinə qurban verən, korrupsiya bataqlığında vurnuxan idiotik hakimiyyətidir.

O hakimiyyət ki, idarə etməyə çalışdığı ölkənin faktiki olaraq itməyə başladığının fərqində deyil.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/556400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR