Fitrəni kimlər və nə qədər verməlidir? - ZƏKATIN MƏBLƏĞİ

Fitrəni kimlər və nə qədər verməlidir? -  ZƏKATIN MƏBLƏĞİ
15:59 22 İyun 2017
272 Digər
Ölkə mətbuatı
A- A+

Orucun  mühüm  əməllərindən  biri də  fitrə zəkatı ödəməkdir.

 

Dini qaydalara əsasən, hər bir müsəlman Ramazan  ayının son  günü fitrə verməlidir. İslam alimlərinin izahına görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın hər bir ailə üzü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı  olan  ailələrə  verməsi  vacibdir. 

 

Ramazan bayramına da sayılı günlər qalıb. İndi aktual bir neçə aktual sual var. Məsələn fitrə kimlərə və nə qədər verilməlidir. Borcu olan şəxslər firtə verə bilərlərmi? Kimlərə fitrə vermək daha böyük savab hesab edilir və sairə.

 

Bu sualların cavabını Lent.az-a tanınmış ilahiyyatçı Hacı Şahin verir.

 

Fitrə zəkatının mənəvi ibadətin nəticəsi olaraq həyata keçirildiyini vurğulayan Hacı Şahin bildirib ki, Ramazanda bayram namazını qılmaq bəyənilən əməl olsa da vacib sayılmır, ancaq fitrə zəkatı ödəmək vacib əməldir.

 

H.Şahinin sözlərinə görə, kimsə fitrə zəkatını ödəməzsə, hədislərdə də qeyd olunduğu kimi onun orucu qəbul olunmaz: “Orucun qəbul olunmasının şərti bayram günü fitrə zəkatı ödəməkdir.

 

Fitrə zəkatı bayram axşamı çıxarılmalıdır. Yəni, ayın 26-sı bayramdırsa, 25-i axşam evdən fitrə çıxarılmalıdır. Fitrə zəkatının məbləği buğda, un, düyü, kişmiş, xurma və s. bu növ ərzaqların qiymətlərinə uyğun tənzimlənir. Fitrə zəkatı ailə üzvləri adından ailə başçısı tərəfindən verilir”.

 

İlahiyyatçı bildirib ki, fitrə zəkatının məbləği fərqli olur: “Qafqaz Müsəlmanları İdarəsinin ( QİM)  qənaətinə  görə, bugünkü qiymətlərə uyğun olaraq adambaşına 5 -10 manat arası fitrə zəkatının verilməsi məsləhət  görülür. Amma bu, o demək deyil ki, ondan aşağı məbləğdə fitrə vermək olmaz. İnsanlar özü mağazaya gedib həmin sadalanan ərzaqların qiymətlərinə baxaraq fitrənin məbləğini tənzimləyə  bilər”.

 

H.Şahin deyir ki, fitrə zəkatı aylıq ehtiyaclarını ödəyə bilən şəxslər tərəfindən verilməlidir: “Aylıq ehtiyaclarını ödəyə bilməyənlər, imkanı olmayanlar isə fitrə ödəməməlidir. Fitrə zəkatı vermək onların boynundan götürülür. İmkanı olmayan, amma fitrə çıxartmaq istəyən şəxs ya 3 kilo buğda, ya 3 kilo xurma, düyü və yaxud un məmulatlarını da fitrə kimi verə bilər.

 

Fitrənin kimə verilməli olduğuna gəlincə isə, fitrə yoxsul insanlara verilməlidir. Və fitrənin gecə evdən çıxarılması yaxşıdır. Bayram namazına qədər, səhər 8-9 radələrinə kimi fitrə ehtiyacı olan insanlara çatdırılmalıdır”.

 

Hacı Şahin əlavə edib ki, Ramazan ayının mahiyyəti insanlarda həmrəylik əhvalının yaranmasıdır: “Bu ayda insanlar ibadət etməklə Allaha yaxınlaşır. İslam bizə fərdi ibadətlərə qapılıb ictimai məsuliyyətdən uzaqlaşmağı yox, Allaha yaxınlaşdıqca cəmiyyətə daha  da faydalı olmağı öyrədir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR