İmişli rayon M. Məhəmmədov adına Muradxanlı kənd tam orta məktəbi
illərdir baxımsız haldadır.
Bu barədə Metbuat.az-a İmişli rayon Muradxanlı kənd sakini Nəsimi
Nəsirli məlumat verib. O bildirib ki, kənddə fəaliyyət göstərən digər məktəb (Muradxanlı
kənd S. Qarayev adına ümumi orta məktəb) tam orta təhsil vermədiyi üçün
valideynlər övladlarını sözügedən məktəbə qoymağa məcbur olur:
“Bu məktəb akademik İsgəndər Cəfərov, MTRŞ-nın rəhbəri Nüşirəvan
Məhərrəmli kimi savadlı, hörmətli insanlar yetişdirib. Bura rayon üzrə universitetə
qəbul faizi yüksək olan bir məktəbdir. Lakin məktəb çox pis vəziyyətdədir.
Divarların uşaqların üzrərinə uçacağından qorxuruq. İlanların qorxusu da bir
başqa dərd... Rəhbərlik dəfələrlə məktəbin təmir olunacağını desə də, heç bir iş görülməyib. Kənddə tam orta təhsil verən alternativ bir təhsil ocağı
olmadığına görə, valideynlərin bəziləri taksi tutub övladlarını rayon mərkəzindəki
başqa bir məktəbə aparırlar. Baha başa gəldiyindən əksər valideynlərin buna
gücü çatmır. Kəndin sakinləri adından xahiş edirəm ki, bu məsələni
işıqlandırasınız”.
Problemlə əlaqədar İmişli rayon Təhsil Şöbəsi, eləcə də İcra
hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq, zənglərimizə cavab verən olmadı.
Problem diqqətimizdədir...
Xəyalə Məmmədova / METBUAT.AZ