Xalq artisti Fatma Mahmudovanın Milli.Az-a müsahibəsi.
- Fatma xanım, son zamanlar çəkiniz çox azalıb. Olmaya xüsusi dieta saxlayırsız?
- Xeyr, dieta saxlamıram. Bəzən iştahım olanda yaxşı yeyirəm, iştaham olmayanda az. Sadəcə, hər kəsin bir problemi olduğu kimi mənim də özümə görə problemlərim var. Şükür Allaha, heç bir xəstəliyim yoxdur.
- Sənətinizlə bağlıdır bu problemlər?
- Xeyr, mən sənətimdə hər şeydən razıyam. Mən narazı insan deyiləm. Əldə etdiyim bütün nailiyyətlərə görə şükür edirəm. Əsas odur canımız pis dərd tapmasın.
- Hər iki qızınızın da çox gözəl səsi var. Niyə böyük qızınızın müğənni olmasını istəmədiniz?
- Əslində, böyük qızım İntizar müğənni deyil, amma gözəl səsi var. Amma çox istərdim ki, oxusun, özünü yaxşı mənada göstərsin. Sübut etsin ki, oxumaq necə olar. Bilmək olmaz bəlkə o da nə vaxtsa müğənni olacaq. Qızım Nigar bu sənətlə məşğuldur, ona dəstəyəm, çünki onun məndən başqa heç kimi yoxdur. Bütün müğənnilərin arxasında bir insan var, amma qızımın arxasında mənəm. Göydə Allah yerdə özümüzük. Biz Allahdan dəstək gözləyirik. Elə bir maddi imkanımız yoxdur ki, gündə mahnı yazdırıb, klip çəkdirək.
- Sizin də çox gözəl səsiniz var. Olmaya valideynləriniz sizə müğənni olmağa qadağa qoyub?
- Mən 15 yaşında Leyli oynamışam. Özümə görə səsim də var. Bəzən efirlərdə oxuyuram, müğənni olsam, gərək müğənnilər oxumasınlar (gülür). Hər şeyin öz vaxtı vədəsi var. Bəzən təəssüf edirəm ki, mən niyə müğənni olmadım? Mən orta məktəb şagirdi idim. Müəllimim Heydər Şəmsizadə mənə muğamı stullarla öyrədirdi. Özümdə təccüb edirəm ki, mən necə Leyli oynamışam? Hətta Leylinin anasını da oynamışam.
- Sizcə, 50 yaşında Leyli olar?
- (Fikirləşir)... 50 yaşında... İndi o baxır sənətkara da. Leylini cavan yaşında oynamaq daha gözəl olar.
- Ağdam teatrındakı illəriniz üçün çox darıxırsız?
- Ağdam teatrında mənim gənclik illərim qalıb. Əlbəttə, çox darıxıram. O zaman ailə həyatım da bütöv idi. Həyat yoldaşım Tofiq də yanımda idi. Hər bir insan dönüb keçmişinə baxmalıdır ki, mən kim idim, kim oldum. Mən həmişə keçmişimi yadıma salıram.
- Keçmişə baxarkən peşmançılıq çəkdiyiniz anlar olur?
- Bəli, mən ömür boyu peşmançılıq çəkirəm. Bəzən bir seriala dəvət edirlər, məcburiyyət qarşısında qalıb maddiyata görə gedib çəkilirəm. Sonra özüm- özümü bir ay danlayıram. Özüm özümə məhkəmə qururam.
- Bildiyimə görə, həyat yoldaşınız rəhmətə getməmişdən öncə onunla ayrılmışdız. Ayrılmağınıza səbəb nə olmuşdu?
- Ayrılmağımıza səbəb yoldaşımın ətrafındakı insanlar oldu. Onun ətrafı yaxşı deyildi. Amma ayrılandan sonra ona daha da çox diqqət göstərirdim. Çoxları heç boşandığımızı bilmirdi. Əvvəl-əvvəl onun yoxluğunu hiss etmirdim, amma indi əzab çəkirəm. Əgər bilsəydim ki, onu tez itirəcəyəm, sağlığında başqa cür davranardım. Mən onun ağır xəstə olduğunu biləndə yola çıxdım. Çox təəssüflər olsun ki, mən rayona çatanda o, artıq haqq dünyasına qovuşmuşdu (kövrəlir).
- İki qız övladını böyütməkdə çətinlik çəkdiniz?
- Bu günə qədər mən çətinlik içərisindəyəm. Mən fəhlə aktrisayam. Evimin həm fəhləsi, həm də qadınıyam. Əgər mən çətinliklə bu qədər sevilmişəmsə bunu Allaha borcluyam. Təbii ki, hər bir anaya, atasız övlad böyütmək çətindir. Həmçinin də mənə. Fəxr edirəm ki, yaxşı ki, övladlarım başımı aşağı etməyiblər.
- Taleyinizə görə hönkürtü ilə ağlamısız?
- Mən ağlayanda ağlamağımı saxlaya bilmirəm, güləndə də gülməyimi. Bəzən özüm də fikirləşirəm ki, bu qədər içində problemləri olan, içində ağır dərd gəzdirən bir insan necə tamaşaçını güldürə bilir?
- Fatma xanım, sizi tamaşaçılara sevdirən rollarınızdan biri də "Bacanaqlar" serialındakı Bəsti xala rolu oldu. Eşitdiyimə görə, serial artıq birdəfəlik bitib. Bu xəbər nə dərəcədə doğrudur?
- Mən elə bir şey eşitməmişəm."Bacanaqlar" serialı yaşayır, yaşayıb və yaşayacaq. Çünki tamaşaçılar bu serialı həvəslə izləyirlər. Serial bitsə, ən azından bu, tamaşaçılar üçün üzücü bir xəbər ola bilər.
- Artıq serialın rejissoru Ramin Hacıyev də Xəzər TV-də fəaliyyətə başlayıb.
- Mən nə deyə bilərəm? Allah canını sağ etsin. Mən şəxsən ATV telekanalını heç bir kanala dəyişməzdim. Kim hara gedirsə, yaxşı yol. Gedənə yaxşı yol, qalana can sağlığı. Kim hara istəyir getsin, serial bağlanmayacaq.
Əli Rəhimoğlu
Milli.Az