Bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gələn türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız. Müstəqil dövlətin iqtisadiyyatı durmadan dinamik sürətlə inkişaf edir. Prezident İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkənin nüfuzu dünyada günü-gündən yüksəlir. Azərbaycana qarşı yönəldilən hər hansı hərbi təcavüzün qarşısını almağa hazır və qadir ordumuz var. Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq.
İnanıram ki, Azərbaycan əsgəri bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər qazanacaq!".