“Azərbaycanın Livandakı Səfirliyinə istinadən bildiririk
ki, Azərbaycan vətəndaşı, 06.02.1994-cü il təvəllüdlü Əliyev Xəzər
İntiqam oğlu avqustun 25-də saat 05.30 radələrində Livanın Beyrut
şəhərində avtomobillə vurulub. Hadisə yolun piyadalar üçün nəzərdə
tutulmayan hissəsində baş verib”.
Publika.az-a XİN-in mətbuat xidmətindən verilən
məlumata görə, Xəzər Əliyev hadisəni törədən şəxsin iştirakı ilə
təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb və
ona ilkin yardım göstərilməsinə baxmayaraq, həmin gün saat 11.00
radələrində ölüb.
Mərhumun üzərində olan pasport sənədi əsasında Beyrut şəhər polisi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb: “Dərhal səfirliyin konsulluq xidmətinin əməkdaşları xəstəxanaya gedib, polis və tibb işçiləri ilə birlikdə cənazəyə baxış keçirilib və mərhumun şəxsiyyəti müəyyənləşib. Səfirlik tərəfindən XİN-nin Konsulluq İdarəsinin təlimatı əsasında zəruri tədbirlər görülüb, ilk növbədə mərhumun ailəsinə məlumat verilib və faktla bağlı cinayət işi açılması təmin edilib”.
Məlumatda bildirilir ki, Livanda olduğu müddətdə Xəzər Əliyev
səfirlikdə konsulluq qeydiyyatında olmayıb. Onun səyahət
sığortasının da olmadığı bildirilir. Xəstəxana göstərilən tibbi
xidmətin müqabilində ödəməni tələb edir.
“Digər ölkələrdə olduğu kimi, büdcə təşkilatları olan Azərbaycanın
xaricdəki diplomatik nümayəndəliklərinin büdcəsində bu kimi hallar
üçün büdcə vəsaiti nəzərdə tutulmayıb. Azərbaycanın Livandakı
səfirliyi Beyrut polisi, xəstəxana, hadisəni törədən şəxs və onun
vəkili ilə təmasları davam etdirərək cənazənin Azərbaycana
göndərilməsinin təmin edilməsinə çalışır. XİN-nin Konsulluq İdarəsi
məsələni diqqətdə saxlayır”, - deyə mətbuat xidmətindən
bildirilib.