Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyadakı türklərə seçkiləri boykot etmək çağırışı iki ölkə arasındakı gərginliyi son həddə çatdırıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident İstanbulda jurnalistlərlə görüşündə Almaniya hökumətini sərt tənqid edərək, həmin ölkədə yaşayan seçki hüququna malik türkləri sentyabrın 24-də keçiriləcək parlament seçkilərində ənənəvi partiyaları dəstəkləməməyə çağırıb.
Ərdoğan çağırışını daha da konkretləşdirərək, Almaniya türklərinin Türkiyəyə düşmən münasibət bəsləyən Xristian-Demokrat, Sosial-Demokrat və Yaşıllar partiyalarına səs verməmələrini istəyib.
Türkiyə prezidentinin bu çağırışı Berlində kəskin narazılıqla qarşılanıb və Almaniyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.
Qeyd edək ki, Almaniyada yaşayan 4 milyon türkün təqribən 720 min nəfəri seçki hüququna malikdir. Onların səsləri seçkilərdə həlledici amil olmasa da, türklərin Ərdoğanın çağırışına əməl etmələri partiyaların Bundestaqdakı say tərkibinə təsir göstərə bilər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Qabil Hüseynli iki ölkə arasındakı münasibətlərin gərginləşməsinin səbəblərindən danışıb:
“Almaniya ilə münasibətlər Türkiyə üçün çox vacibdir. İki ölkə arasındakı münasibətlərin gərginləşdirilməsinə xüsusi səbəb görmürəm. Almaniyada sağçı qüvvələrin fəallaşması da, münasibətlərin gərginləşməsində xüsusi rol oynayır. Vətəndaşların siyasi məsələlərdə alət kimi istifadəsi düzgün deyil”.
Aytən Novruzova / Metbuat.az
| Sui-qəsd nəticəsində öldürülən siyasətçilər - Erməni terroru...-Oxumaq üçün tıkla |