Kim cavab verəcək, Kamran Quliyev?

Kim cavab verəcək, Kamran Quliyev?
09:57 20 Sentyabr 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

AFFA Sumqayıt şəhərində bir klub yaradıb. Adına da elə təmsil etdiyi şəhərin adını veriblər. İnsanlarda doğmalıq hiss yaratsın, azarkeşlərin sayı artsın deyə. Yaradılma məqsədi guya ki, Azərbaycan futboluna xidmət, Sumqayıtın istedadlı gənclərinin tapılıb üzə çıxarılmasıdı.


Klub fəaliyyətdə olduğu illər ərzində heç də yaradıldığı məqsədə xidmət etməyi bacarmayıb. Çünki AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın dostu, təyyarələrin "biznes klass"larında özüylə səfərə apardığı Kamran Quliyevin prezident təyin edildiyi "Sumqayıt" əsl məqsədi unudub, "milliləşdirmə" biznesinə xidmət etməklə məşğuldu. Sumqayıtlı gənclərin heç birisi bu klub tərəfindən kəşf olunub, milli komandaların heyətinə dəvət almayıb. Dünən həbs xəbəri yayılan Nicat Muxtarov kimilər isə başqa klublarda parlayır. Elə Nicatın özü də "Zaqatala"nın əvəzedici heyətində püxtələşəndən sonra "Rəvan"a cəlb olunmuş, mütəxəssislərin və azarkeşlərin diqqətini cəlb etmişdi. Sonra "Rəvan"ın işləri qaydasında getmədi. Nicat da doğma şəhərinin komandasına qayıtdı.


Qayıtdı ki, ayaqları daha da bərkisin, təcrübəsi artsın. AFFA-nın Azərbaycan futboluna xidmət məqsədiylə yaratdığı "Sumqayıt" onu peşəkar futbolçuya çevirmək əvəzinə oğurluğa vadar etdi. Artıq məlumatınız var: Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Mövsümün son iki turunda, eləcə də bu mövsüm "Sumqayıt”ın "Kəpəz” və "Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib. "Futbol+” qəzetinin araşdırmasını görə "Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidi və nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. Qəzetə məlumat verən mənbə iddia edib ki, futbolçu "Sumqayıt”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq istəyib, amma onu buraxmayıblar. 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açan Nicat yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb. Nəticədə isə özü dəmir barmaqlıqlar arasına düşüb.



Peşəkar klubun öz futbolçusunu köməksiz qoyması, "get, pulu tap gətir, cəriməni ödə, sonra meydana çıx" deməsi nə dərəcədə düzgündür? Legionerlərin, "milliləşdirdikləri" əcnəbilərin qarşısına belə şərt qoya bilərlərmi? Bu suala cavab axtarırdıq. Klubun əsas simalarından biri sayılan Ceyhun Sultanov isə cavabdan yayınıb. Saytımızın sorğusuna cavab vermək əvəzinə "bu suala cavab vermək istəmirəm" deyib. Bərəkallah!


Sən demə, Dağıstandan, Almaniyadan "Azərbaycana tarixi kökləri ilə bağlı olan" futbolçulardan xəbər tutan, onları heyətinə qatan "Sumqayıt" rəhbərliyinin burdan bura öz futbolçularının aqibətindən xəbərləri yox imiş. Nə xəstəyəm deyib, məşqlərə qatılmayanda, nə də həbsi barədə xəbər yayılanda onunla heç maraqlanmayıblar. İki sutkadı təcridxanada olan Nicatın yanına getməyi, dərd-səriylə maraqlanmağı da lazım bilməyiblər.  Bundan sonra kim sizinlə yoldaşlıq edər, kim "Sumqayıt" üçün sağlamlığını, gələcək karyerasını riskə atar, meydanda can qoyar? 


Kamran Quliyevin özü belə bu suala cavab verə bilməz. Nə vecinədi? Olmasın min Nicat. Onun gözü Dağıstandadı!


Sport7.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kim-cavab-verck-kamran-quliyev-t60637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR