Ötən gün Türkiyədə Şimali İraqdakı müstəqillik referendumu ilə bağlı tədbirlər planının müzakirəsi üçün Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclası keçirilib.
Metbuat.az-ın məlumatına görə, Milli Təhlükəsizlik Şurasının iclasının ardınca açıqlama verilib. Açıqlamada deyilir: “Bütün çağırışlarımıza baxmayaraq, referendum keçirilsə, Türkiyə ikitərəfli və beynəlxalq müqavilələrdən irəli gələn hüquqlarını üstün tuta bilər. Türkiyənin milli təhlükəsizliyini birbaşa təhdid edən bu addım, İraqın siyasi birliyi və ərazi bütövlüyü ilə birlikdə, bölgədə sülh, təhlükəsizlik və sabitlik üçün də təhdid yaradır. İraq Kürdüstanının rəhbərliyi referendum qərarından imtina etməlidir. Referendumdan imtina edilsə, İraq mərkəzi hökuməti ilə Kürdüstan arasında məsələni danışıqlar yolu ilə və konstitusiyaya uyğun həll edilməsi üçün Türkiyə əlindən gələn töhvəni verməyə hazırdır”.
Açıqlamada bildirilir ki, daxili və xarici təhlükəsizlik məsələləri ilə bağlı da müzakirə aparılıb: “FETO, PDY, PKK, PYD\YPG və İŞİD olmaqla, ölkənin milli təhlükəsizliyini təhdid edən bütün terror təşkilatlarına qarşı mübarizə qətiyyətlə davam edəcək”.
Günay Elşadqızı \ METBUAT.AZ