"Türkiyə əlini-qolunu bağlayıb oturmaq fikrində deyil"

Türkiyənin baş naziri Binəli Yıldırım jurnalistlərin suallarını cavablandırır.

Metbuat.az-ın məlumatına görə, referendumdan sonra Şimali İraq hökumətinə tətbiq olunacaq sanksiyalara toxunan Baş nazir Yıldırım, "Üç sahədə sanksiya nəzərdə tutulur: iqtisadi, siyasi-diplomatik və təhlükəsizlik-hərb məsələləri üzrə. Biz bu referendumun qeyri-qanuni olduğunu, onun nəticələrini tanınmayacağımızı bəyan etmişik”.  

B.Yıldırım deyib ki, bu, Şimali İraqdakı regional rəhbərliyin kürdlər, ərəblər, türkmənlər, bütün müxtəlif etnik qrupların gələcəyini düşünmədən, şəxsi ambisiyalarını düşünərək atdığı addımdır: “Bu, hər hansı bir ümid və gələcək üçün perspektivli addım deyil. Türkiyə əlini-qolunu bağlayıb oturmaq fikrində deyil. Artıq Təhlükəsizlik Şurası və Nazirlər Kabineti də qərarını verib. Kərkük və Mosul kimi referendum sərhədindən kənarda olan bölgələrdə səsvermə keçirilməsi müharibəyə zəmin yaratmaqdır. Bunun də cəzasını oradakı günahsız insanlar çəkəcək. Bundan sonrakı addımlarda İraqın mərkəzi hökuməti ilə birgə qərar verəcəyik. Aldığımız qərarlarla bağlı maneə olacağı təqdirdə təhlükəsizlik tədbirləri görməliyik. Biz bunu, İraqın mərkəzi hökuməti ilə koordinasiya edəcəyik. Türkmənlərə qarşı yenidən kütləvi qırğın olarsa, heç kim buna laqeyd olacağımızı gözləməsin. Elə bir hərəkət olarsa, bunu özümüzə qarşı hərəkət kimi qəbul edəcəyik”.

Baş Nazirin sözlərinə görə, Şimali İraq rəhbərliyinin atdığı addımdan sonra yaxşı niyyətlər haqqında danışmaq mümkün deyil: “Bu işdə israrlı olanlar əslində öz xalqlarının gələcəyini qaraldır. Ölkəmizin təhlükəsizliyi ilə bağlı tədbirlər görürük. Afrində silahsız bölgə yaratmaq üçün addımlar atırıq. Bunu “müharibə” adlandırmaq səhvdir. Biz döyüşə girmirik, bunlar təhlükəsizlik üçündür. Türkiyənin Baş Qərargah rəisi və dövlət başçısı Tehrana səfər edəcək. İran, Türkiyə və İraq, bu böhranın böyümədən həll ediləcəyini düşünür”.

Günay Elşadqızı \ METBUAT.AZ

Nasist partiya parlamentdə - Almaniyanı nələr gözləyir? - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR