“Azərsu” Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığa başlayıb

“Azərsu” Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığa başlayıb
15:07 26 Sentyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma uyğun olaraq səhmdar cəmiyyətin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda (ETLİ) AzMİU-nun “Mühəndis sistem və qurğularının tikintisi” kafedrasının filialı fəaliyyətə başlayıb. 
Bu barədə “Report”a "Azərsu"nun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu münasibətlə keçirilən tədbirdə qurumun sədr müavini Seymur Seyidov Azərbaycanda içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib. Onun sözlərinə görə, elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə “Azərsu” Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti ilə yanaşı, AzMİU ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə müasir tələblərə cavab verən “Su təchizatının problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası” yaradılıb. AzMİU-nun tələbələri mütəmadi olaraq “Azərsu”da istehsalat təcrübəsi, “Yay məktəbi” və Təqaüd proqramlarının imkanlarından yararlanıb. 
Qeyd edək ki, “Sukanal” ETLİ-nin yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində 50 ildən çox təcrübəsi var. Bu müddət ərzində institutda 11 elmlər doktoru və 40-dan çox fəlsəfə doktoru hazırlanıb.
AzMİU-nun prorektoru Akif Qasımov isə deyib ki, filialın yaradılmasında əsas məqsəd elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsidir. Onun sözlərinə görə, filialın yaradılması təhsil-elm-istehsalat əlaqələrinin genişləndirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, kadr potensialının artırılması baxımından əhəmiyyətlidir. Tələbələr institutun fəaliyyət sahələri, mütəxəssislərin peşəkarlığına olan tələblər ilə yaxından tanış olacaq, laboratoriya və şöbələrdə məşğələ keçmək imkanı əldə edəcək. Eyni zamanda institutun elmi işçiləri tədris prosesinə cəlb olunacaq. Filialın yaradılması “Azərsu” ASC üçün kadrların hazırlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.
“Sukanal” ETLİ-də yaradılmış AzMİU-nun “Mühəndis sistem və qurğularının tikintisi” kafedrasının əsasnaməsi təsdiq edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-azerbaycan-memarliq-ve-i-nsaat-universiteti-ile-emekdasliga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR