Türkiyənin Rizə şəhərinin Çayeli rayonunun Gürpınar kəndində güclü leysan nəticəsində yaranan sel ölümə səbəb olub.
Metbuat.az-ın məlumatına görə, sel nəticəsində çökən evin dağıntıları altından 1 nəfərin meyiti çıxarılıb, 1 nəfər isə yaralanıb. Sel nəticəsində köməsiz vəziyyətdə qalan 10 nəfərin xilas edilməsi üçün əraziyə axtarış-xilasetmə qrupu göndərilib.
Çayeli rayonunun Kaptanpaşa kəndində isə bir qadın şiddətli leysan nəticəsində yaranan seldən qaçmağa çalışsa da, selə düşərək həyatını itirib. Qadının meyiti hələ də tapılmayıb.
Çamlıhemşin rayonunda məktəblərdə bir günlük tətil elan edilib. Çamlıhemşin-Rize avtomobil yolunun 10-cu km-də çat yaranması nəqliyyatın hərəkətini dayandırıb. Güclü leysan nəticəsində kənd yolları dağılıb və sürüşmə nəticəsində zədələnib.
İstanbulun bəzi yerlərində də güclü yağış yağıb. Sarıyerdə 10 dəqiqə yağan güclü leysan nəticəsində yolları su basıb, əhali çətin vəziyyətdə qalıb. Həmin ərazidə iş yerini su basan qadın boğulmaqdan son anda xilas olub. Sarıyerin Nuripaşa küçəsində yol tamamilə çöküb. İki yerə ayrılan yol bir avtomobili tamamilə məhv etsə də, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.