Bu gün Xocavənd rayonunun işğalından 25 il ötür.
Metbuat.az-ın məlumatına görə, Xocavənd, 2 oktyabr 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Rayonun adı 1923-cü ilədək Aşağı Qaranlıq olub. 1991-ci ilin 26 noyabrında Dağlıq Qarabağ muxtar vilayətinin ləğv edilməsindən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılıb. Əhalisi 41,725 (o cümlədən azərbaycanlılar – 10,648) nəfər olan rayonun ümumi sahəsi 1458 kv. km-dir.
İşğal zamanı rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib. Bundan əlavə, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə ermənilər tərəfindən dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb, 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
İşğal zamanı rayonun 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib. Rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülən 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib.
Günay Elşadqızı \ METBUAT.AZ