Jurnalistin işi xəbər yazmaq, məlumat verməkdir. Ancaq bəzən mətbuat xidmətləri məlumat verməkdən yayınır, ya telefona cavab vermir, ya da tələb edir ki, imeyllə müraciət edilsin. Nəzərə almalıyıq ki, jurnalistika üçün zaman qızıldır, bu gün çox önəmli olan məlumat, bir həftə sonra artıq köhnəlmiş sayılır. Bəzən isə hətta həmin qurumun mətbuat xidməti imeyllə cavab vermir. Bəs bu zaman jurnalistlər nə etməlidir, problemi necə həll etmək olar? Bu məsələni mətbuat nümayəndələri ilə müzakirə edib, necə həll etməyin yollarını axtarmışıq.
Media eksperti, professor Qulu Məhərrəmli Metbuat.az-a açıqlamasında deyib: “Təəssüf ki, son 7-8 ildi belə bir tendensiya yaranıb ki, mətbuat xidmətləri məlumat verən qurumdan məlumatların qarşısını alan və həmin qurumu mediadan, ictimai nəzarətdən qoruyan struktura çevrilib. Əlbəttə bu, çox qeyri-normaldır, qəbulolunmaz haldır. Mətbuat xidmətləri ona görə yaradılır ki, ictimaiyyət bilsin hansı dövlət qurumunda hansı işlər gedir, qəbul olunan qərarlar necə yerinə yetirilir, dövlətin möhkəmləndirilməsi üçün hansı addımları atır və s. Mənə elə gəlir ki, mətbuat xidmətlərinin məsuliyyəti artmalıdır. Başa düşürük ki, bəzən mətbuat xidməti müstəqil hərəkət edə bilmir, mütləq hansısa məqamı ya idarə rəhbərinə, ya başqa bir məsul şəxslə dəqiqləşdirib, sonra mediaya verməli olur. Bax, problem ondadır ki, mətbuat xidməti önə çıxır, amma həmin strukturun, qurumun rəhbərliyi mediadan gizlənir. Əslində bütün strukturların fəaliyyəti şəffaf olmalıdır, cəmiyyətin, medianın gözü qarşısında olmalıdır. Bəzi qurumlarda mətbuat xidmətindən təbliğat kimi istifadə olunur, çox şişirdilmiş məlumatlar yayılır. Yaxşı ki, bir çox media qurumları o şişirdilmiş məlumatlardan istifadə etmir. Məlumatı dəqiqləşdirmək üçün mütləq çevik işləyən mətbuat xidməti olmalıdır. Dəfələrlə mətbuat xidmətləri ilə rəsmi toplantılar olub, onların üzərinə öhdəlik qoyulub ki, medianın suallarına cavab versinlər.
İkinci bir məsələ medianın özü ilə bağlıdır. Hər bir media qurumu o strukturda mətbuat xidmətindən əlavə qaynaqlar tapmalıdır ki, məlumatları ondan alsın, dəqiqləşdirsin və s. Kimsə məlumat vermək istəmirsə, əvvəla bunun özü qanuna ziddir. İnformasiya almaqla bağlı Qanunda dövlət strukturlarının üzərinə konkret öhdəliklər qoyulur, müraciətin formaları, müddəti müəyyənləşir. Amma təəssüf ki, mətbuat xidmətləri əməlli-başlı bürokratik quruma çevrilib, yəni o, həmin Nazirliyi, şirkəti, təşkilatı mediadan qoruyan qalxana çevrilib. Bunun qarşısı alınmalıdır, çox qeyri-sağlam yanaşmadır. Hansısa məlumatla bağlı mediaya qarşı susqunluq olanda, çoxlu şaiyələr yayılır, qeyri-dəqiq informasiyalar yayılır, sonra da həmin qurum başlayır ki, biz bu məlumatı təkzib edirik. Hesab edirəm ki, Mətbuat Şurası və Kütləvi İnformasiyalara Dəstək Fondu və digər qurumlar bu məsələdə mediaya, jurnalistlərə kömək etməlidilər. Yəni, açıq şəkildə bildirilməlidir ki, mətbuat məlumatsız yaşaya bilməz, məlumatları almaq üçün çətinliklər aradan qaldırılmalıdır.
Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev – Mətbuat xidməti ilə media təmsilçiləri arasında mütləq qarşılıqlı etimad və inam olmalıdır. Mətbuat xidmətləri adətən media sahəsindən gələndə problemler çox az olur. İmeyl yazmağı tələb etməsi mətbuat xidmətinin hüququdur. Amma həmin imeylə mütləq şəkildə cavablandırması da onun müstəsna vəzifəsidir. Əgər tələb edirsə, amma cavablandırmırsa, bax, onda həmin mətbuat xidməti ciddi məsuliyyət daşıyır. Amma mətbuat xidmətinin ona zəng edən hər hansı bir media təmsilçisinə mütləq şəkildə telefonla cavab verməlidir kimi vəzifəsi yoxdur. İmeyl tələb edə bilər, amma istəsə telefonla da cavab verə bilər. Adətən xaricdə imeyl tələb edirlər ki, sabah açıqlama ilə bağlı hər hansı anlaşılmazlıq yarananda imeyl yazışması fakt olacaq. Yeni imeyl sivil və həm də etibarlı ünsiyyət vasitəsi sayılır, xüsusilə mətbuat xidməti üçün. Bir sözlə hər iki tərəf bir-birinə anlayışla yanaşmlaıdır.
“APA TV”-nin baş redaktoru Vüqar Hüseynov - Bu problem ikitərəflidir. Burada daha çox jurnalistlərin peşəkarlığına inamsızlıq əsas rol oynayır. "Fikirlərimiz təhrif olunub" cümləsini az qala hər gün eşidirik. Buna təəssüf edirəm. Amma eyni zamanda fikirlərin təhrif olunduğu iddialarının əksər hallarda haqlı olması ikiqat təəssüf doğurur. Jurnalist mövzuya bələd olmalı, verdiyi sualın və aldığı cavabın mahiyyətini anlamalıdır. Təəssüf ki, bunu anlamayan qeyri-peşəkarlar mediada çoxdur. Nəticədə mətbuat xidmətləri cavabların kontekstdən çıxarılmaması üçün yazılı sorğu tələb edirlər. Mətbuat xidməti rəhbərləri ilə jurnalistlər arasında etimadın artması problemin aradan qalxmasına səbəb olar. Mən günahı təkcə jurnalistlərin qeyri-peşəkarlığında görmürəm. Medianı başdan etmək üçün sorğu tələb edən mətbuat xidməti rəhbərləri də yox deyil. Amma ümumilikdə problemin kökü gənc jurnalistlərin təcrübəsizliyindədir.
Qaynar.info saytının baş redaktoru Zahir Əzəmət – Bunun bir çox səbəbi var. Birinci, onların məqsədi informasiyanı mətbuat üçün açıq saxlamaq yox, gizlətməkdir. İkincisi, öz iradələri ilə qərar verə bilmirlər. Mətbuata cavab verməklərinin müddəti bu sualı öz müdirlərinə neçə günə başa sala bilməklərindn asılıdır. Müdirin də başadüşmə sürəti onun həmin günkü kefindən, gəlirindən, əhval-ruhiyyəsindən və s. ciddi faktorlardan asılıdır.
ATV-nin əməkdaşı Eldəniz Vəliyev - Mətbuat xidmətlərinin yazılı müraciətə üstünlük verməsinin əsas səbəbi ünvanlanan suallara cavab verməmək istəyidir. Yəni, onlar konkret olaraq yox, cavabı vermək istəmədiklərindən və ya verə bilmədiklərindən belə bir orta vəziyyət "tapıblar". Əslində, bəzi mətbuat xidməti əkdaşları "nə qədər az danışsam, bir o qədər səhv etmək ehtimalım az olar" prinsipi ilə işləyirlər. Bu da ondan irəli gəlir ki, həmin şəxslər yerlərində deyillər. Düşünürəm ki, savadlı və bacarıqlı mətbuat xidməti rəhbərləri təmsil etdikləri qurumlar üçün çox əhəmiyyətlidilər. Mətbuata açıq bacarıqlı mətbuat xidmətləri idarə və təşkilatlarının bir növ qoruyucusu rolunu oynayır. Amma təəssüf ki, mətbuatdan çıxıb mətbuat işçilərinə üstdən-aşağı baxan mətbuat katiblərimiz daha çoxdur.
Tanınmış jurnalist, aparıcı İlham Tumas – Bizdə bir misal var, mətbuat xidmətləri əslində öz rəhbərlərinə oxşayırlar. Hesab edirəm ki, mətbuat xidmətlərinin çoxunda günah olmur. Birbaşa həmin qurumun rəhbəri gərək elə etibarlı mətbuat xidməti işə götürsün ki, o, həmin qurumun maraqlarına, işinə uyğun şəkildə cavab verə bilsin. Amma görünür ki, bir sıra qurumların rəhbərləri mətbuat xidmətlərinə inanmırlar, ona görə də belə problem yaranır.
Milli.az saytının baş redaktoru Anar İmanov - Bu məsələlər qanunvericiliklə tənzimlənir. Mətbuat xidmətləri bütün sorğulara 15 gün ərzində cavab verməlidirlər. Xüsusi araşdırmadırsa, o zaman 1 aya. Amma bəzi hallarda ümumiyyətlə reaksiya verilmir, məsələlər ört-basdır edilir, telefonlara cavab verilmir. Məncə, bir çıxış yolu da ondan ibarət ola bilər ki, məsuliyyətsiz, qanunu pozan mətbuat xidmətləri KİV-lər tərəfindən məhkəməyə verilsin. Bununla bağlı qanunvericilikdə cərimələr də göstərilir. Bunlar tətbiq edilsə, yaxşı olar. Bir də yaxşı olar ki, bu məsələlər KİV-lərdə ictimailəşsin, bəlkə onda fayda olar.
Asvision.az saytının baş redaktoru Vüsal Məmmədov – Nə deyim axı... Siz haqlısınız. Amma onları da başa düşmək lazımdır. Heç də hər suala dərhal cavab vermək olmur. Bəzi suallara ümumiyyətlə, cavab vermək olmur. Nə etsinlər? Onlar da bizim kimi insandılar, bəzən cavabını verə bilmədikləri suallardan yayınmaq istəmələrini anlayışla qarşılamalıyıq.
Primetime.az saytının baş direktoru Türkan Məmmədli - Çalışdığımız sahənin ən köklü problemlərindən biri də məhz mətbuat xidmətinin, əsasən aşağı xidmətidir. Bir dövlət qurumuna müraciət edirsən, məsul şəxslə əlaqə qurursan, bir çox hallarda məlum nömrələrə cavab vermir, poçt ünvanı vasitəsi ilə yazırsan, baxan yoxdur. Bəzi nazirliklər sorğu göndərməyini tələb edirlər. Günlərlə o sorğuya cavab gözləyirsən. Demək olar ki, hər gün eyni problemlərlə üzləşirik. Əsasən, Təhsil və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cavab alana qədər işlədiyin mövzu aktuallığını itirir. “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin də adını çəkəcəm. Bu qurum bir çox hallarda ekektrikdə yaranacaq nasazlıqlar haqda əhaliyə mətbuat xidməti vasitəsi ilə məlumat verməyin vacib olduğunu belə unudurlar. Problem tək bu qurumlarda deyil, xatırlasaq bir çoxlarının adını çəkmək olar. Amma yaxşı işləyənlər də var.
Şəxsən primetime.az üçün bu gün ən rahat cavab ala biləcəyimiz mətbuat xidmətləri içərisində Milli Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Əliyev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi Vaqif Əsədov, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam bəyi, keçmiş mətbuat xidməti rəhbəri Zöhrə xanımı vurğulamaq yerinə düşər. Mədəniyyət sahəsində vəziyyət daha yaxşıdır. Məsələn, Heydər Əliyev Sarayının mətbuat katibi Anar bəylə işləmək çox rahatdlr. Həmçinin teatrları vurğulamaq lazımdır, Akademik Milli Dram Teatrı, eləcə də Gənc Tamaşaçılar Teatrı bu sahədə daha operativdilər. Ümumilikdə teatrlarımızın mətbuat katibləri ilə problem yaşadığımızı xatırlamıram. İslahatlar daha çox dövlət qurumlarında aparılmalıdır deyə düşünürəm. Təklifim isə budur, xüsusi bir qurum araşdırma aparsın və illərlə, daima adı ilə bağlı şikayətlər olan mətbuat xidmətlərini dəyişsinlər. Hər zaman daha yaxşı işləyə bilən şəxslər var.
“APA TV”-nin xəbər aparıcısı Sevinc Vaqifqızı - Əslində, çox aktual mövzuya toxunmusuz. Düzdür, bunu bütün rəsmi qurumların mətbuat xidmətlərinə aid etmək olmaz. Amma elə mövzular var ki, onun cavabı anında verilməlidir. Çünki, həmən xəbər gündəmdir, vacibdir. Bu səbəbdən düşünürəm ki, araşdırma mövzuların cavabını imeylə göndərmək olar, amma hansısa təcili xəbərə münasibət yerindəcə bildirilməlidir. Ən əsası mətbuat xidmətləri mövzudan xəbərdar olmalıdır. Təklif odur ki, onlar da gündəmi izləsinlər. Mövzudan xəbərdar olanda cavab vermək də asan olur.
“ASAN Radio”-nun aparıcısı və redaktoru Cəlalə Nəzəroğlu - Dövlət və ya özəl olmasından asılı olmayaraq, bütün qurumlar nəzərə almalıdır ki, jurnalistikanın qızıl qanunları var - məlumat birtərəfli verilə bilməz. Müxbir bunu nəzərə alaraq, aidiyyatı yerlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirmək istəyir. İmeyllə müraciət etmək olar. Amma qarşı tərəf imeyli dərhal yoxlayıb, operativ reaksiya verirmi? Təəssüf ki, bu, sual altındadır. Əgər məqsəd sonra kiməsə nəyisə sübut etməkdirsə, bunun üçün başqa yollar düşünmək olar. Misal üçün, qurumun əməkdaşı telefonla açıqlama verirsə, səsini yaza bilər. Ümumilikdə, jurnalistin incidilməsi, vaxtın subyektiv səbəblərdən uzadılması düzgün deyil. Bu, bəzən reytinqi əsas istiqamət seçən müəyyən portalların məlumatı qarşı tərəfin mövqeyi olmadan verməsinə gətirib çıxarır. Bu isə qərəz kimi görünür.
Publika.az saytının redaktoru Bəxtiyar Əlirzayev - İmeyl vasitəsilə sorğuların cavablandırılması bütün dünyada var və daha doğru seçimdi. Çünki hansısa məsələ ilə bağlı jurnalistin lazımi qədər məlumatı olmaya bilər, ya da telefonda danışdırarkən dövlət qurumunun təmsilçisi ilə aralarında anlaşılmazlıq yaranar, deyilənlə-yazılan fərqli şeylər olar. Bu zaman-zaman baş verib və əksər hallarda cəmiyyətə yanlış informasiyanın ötürülməsilə nəticələnib. Yəni gah rəsmi şəxs dediklərini danıb ki, belə deməmişəm, gah da jurnalist həqiqətən də ona qulaq asıb və öz bildiyini yazıb. Bu baxımdan rəsmi yazışma forması daha etibarlı və ağlabatandı. Ancaq biz, hər şeydə olduğu kimi burda da problem yaratmağı bacarmışıq. Jurnalist üçün suala cavabın şifahi və ya yazılı şəkildə verilməsi fərq eləmir. Əsas odur ki, lazım olan vaxtda cavab verilsin. Əfsuslar olsun ki, bizim əksər dövlət qurumlarının mətbuat xidmətləri imeyllə yazışma sistemindən operativlik üçün deyil, sualdan daha rahat yayınmaq üçün istifadə edirlər. Bir cümləlik cavab üçün bəzən bir həftə gözləməli olursan. Sanki imeylə baxırlar, gələn məktublar qovluğuna girməzdən əvvəl gedib, çay süzürlər, sonra manatın məzənnəsinə, hava proqnozuna, günlə bağlı bürclərin dediklərinə baxırlar. Gedib nahar edirlər, domino oynayırlar, "Topaz"da "şot" yazırlar. Gəlib bir az seriala-zada baxırlar, axşam olur, imeyli yenə açırlar ki, bu gün filan qədər məktub gəlib, 3-4 günə yığılsın, hamısına birdən cavab verərəm. Bəlkə də belə deyil, amma əminəm ki, jurnalistlər bunun belə olduğunu düşünürlər. Sanki bu şəxslər sualları cavablandırmaq, ictimaiyyəti məlumatlandırmaq üçün deyil, bütün bunların qarşısını almaq üçün maaş alırlar. Dediklərimdən inciməsinlər, incisələr də özləri bilərlər. Bizi daha çox incidirlər. Hələ mən münasibətlərə görə məlumat ötürülməsindən danışmadım.
Femida.az saytının redaktoru Günay Arda – Elə qurumlar var ki, hətta "poçt ünvanına müraciət edin" deyirlər. Əgər hər hansı dövlət və ya qeyri-dövlət qurumu ilə bağlı dezinformasiya varsa, günahkarı həmin qurumun mətbuat xidmətinin rəhbəridir. Bəzən bu sektorda jurnalistikadan xəbərsiz adamlar olur. Medianın iş prinsiplərini, xəbərin çatdırılmasında ləngiməyə yol verməyin nə demək olduğunu bilməyən adamlar var. Mətbuat qurumlarında işləyən, öz işinin öhdəsindən gələnləri hamı tanıyır və qiymətləndiririk.
Bu sahədə dəhşətli şeylər də baş verir. Təsəvvür edin, bir televiziyanın mətbuat departamentinin rəhbəri saytlara zəng edib deyir ki, televiziyamızın rəhbəri dəyişir. Ardınca da deyir ki, indi mən bu xəbəri inkar edən açıqlama verəcəm, siz də yayın. Bunun izahı yoxdur. Qurum araşdırmır ki, özü haqda bu xəbərlər necə yayılır, əksinə median günahlandırır. Qurum rəhbərləri tədbir görməli, əməkdaşlarının işini araşdırmalıdır. Tanışlıqla işə götürmək, illərin fəaliyyətini heç etməkdir.
Günay Elşadqızı \ METBUAT.AZ