Həzrət Bəhaullahın anadan olmasının 200 illik yubileyi ilə bağlı tədbir keçirilib

Həzrət Bəhaullahın anadan olmasının 200 illik yubileyi ilə bağlı tədbir keçirilib
15:34 21 Oktyabr 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Bakıda Bəhai dininin banisi Həzrət Bəhaullahın anadan olmasının 200 illik yubileyi ilə bağlı mətbuat konfransı keçirilib. 

 

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Bəhai İcmasının üzvü Ramazan Əsgərli qeyd edib ki, Azərbaycan bəhailəri bütün dünyada yaşayan ruhani qardaş və bacılarına qoşularaq bu mötəbər bayramı böyük sevinclə qeyd edir və həmvətənlərini bu sevincə bölüşməyə dəvət edirlər: “Həzrət  Bəhaullahın 200 illik yubileyi dünyanın 190-a yaxın ölkəsində ən müxtəlif səviyyələrdə qeyd edilir. Birləşmiş Krallıq, ABŞ, Avstraliya, Hindistan, Avstriya, Yeni Zellandiya, Kanada, İtaliya, Monqolustan, Hollandiya, Filippin, Sinqapur, İspaniya, Malayziya, Banqladeş, Pakistan, Qazaxıstan, Braziliya, Vyetnam, Sinqapur, Argentina və s. ölkələrin indiki və keçmiş başçıları və ictimai xadimləri Həzrəti Bəhaullahın şəxsiyyətinə ehtiram və təlimlərinə heyranlıq ifadə edən bəyanatlar verməkdədir. Bəhai dininin tarixi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır, yeni İlahi müjdəyə ilk iman gətirənlər arasında minlərlə azərbaycanlı olub. 19-cu əsrin sonlarında Bakı, Naxçıvan, Gəncə, Salyan, Xızı,  Göyçay, Bərdə, Neftçala, Sabirabad, Lənkəran, İrəvan və başqa şəhərlərdə üzvlərinin sayı minlərlə ölçülən ilk bəhai icmaları formalaşıb”.

 

Ramazan Əsgərli bildirib ki, bəşəriyyət hazırda yeni mərhələyə qədəm qoyub: “ Biz inanırıq ki, Həzrəti insanlığın inkişafına istiqamət verən təlimlər gətirib. Bu təlimlər yalnız bir xalq, bir bölgə üçün deyil, bütün dünya üçün nəzərdə tutulub. Ona görə də İranda çıxmasına baxmayaraq, dünyanın bütün ölkələrində insanların ürəyi bu təlimlərə cavab verir”.

 

Daha sonra söz alan Səlahəddin Əyyubov qeyd edib ki, Azərbaycancanda bu dinin tarixi lap qədimlərə gedir: “Azərbaycanın tanınmış yazıçısı Məhəmməd Səid Ordubadi xatirələrində yazıb ki, Naxçıvanda 10 minlərlə Babi bəhai dininə qoşulub. Yazıçı xatirəsində onu da qeyd edib, Behbudov adlı generalı məhz çar Naxçıvana göndərib ki, baş verəcək çaxnaşmaları yatırtsın. Sonradan Bəhailəri müxtəlif bölgələrə sürgün ediblər. Bundan sonra Bəhailər Azərbaycanın müxtəlif yerlərində yaşayıblar. 1860-cı ildən Bakıda, 1900-cü illərin əvvəllərində Şamaxıda, Göyçayda, Şəkidə bəhailərin fəaliyyəti başlayıb. 100 il bundan qabaq Bərdədə və Salyanda bu dinin həqiqiliyini göstərmək məqsədilə İslam icmaları ilə açıq söhbətlər gedib. 1937-ci ildə digər dini icmalar təqib olunduğu kimi, Bəhai icmaları da təqib olunub. Bu dövrdə icmalar dağılmağa başlayıb, icmanın təməlini qoymuş 9 nəfəri isə öldürüblər. Onların yerinə gələn 9 nəfəri isə Sibirə sürgün ediblər. Buna görə Bəhailərin həmin dövrdə fəaliyyətləri çox zəifləyib. Xruşşovun apardığı siyasət nəticəsində Bəhailərə bəraət veriblər. 1983-cü ildə isə yenidən Bəhailər təqib olunmağa başlayıb. 1990-cı ildən bəhailər aktiv fəaliyyətə başlayıblar. Azərbaycan qanunlara uyğun olaraq qeydiyyatdan keçiblər".

 

Azər Cəfərov isə çıxışında Bəhai dininin prinsipləri ilə bağlı danışıb. O deyib ki, Bəhai dininin dünyaya yayılması 1963-cü ildən sonra daha sürətlə gedib: “Həmin ildə yer kürəsində 400 minə yaxın bəhai vardısa, 1980-ci ildə 6 milyondan çox olub. Bəzi ölkələr var ki, əhalisinin 15 faizini Bəhailər təşkil edir. Bu dinin onurğa sütununu bəşəriyyətin birliyi təşkil edir. Bəhai dininin baniləri qeyd edirlər ki, bəşəriyyət özünün  müxtəlif inkişaf mərhələlərindən keçib. İnsan körpəlik, uşaqlıq, yeniyetməlik keçdiyi kimi, bəşəriyyət də özünün inkişafından qalmayaraq indiki mərhələyə çatıb. Bəhai dinində ikinci əsas birlik dinlərin birliyidir. Bütün dinlər öz ruhani əsaslarında birdirlər. Həzrəti Bəhaullah deyib ki, əgər biz Musanın, İsanın təlimində tumurçuğu görürüksə, Məhəmmədin təlimində bu, çiçəkdir. Və Bəhaullahın təlimində bu artıq yetişmiş bir meyvədir. Biz düşünürük ki, yer kürəsində Allahın bir dini var. Sadəcə olaraq zaman-zaman formasını dəyişərək, indiki Bəhai dini formasına gəlib çatıb. 3-cü əsas prinsip dinin hormoniyasıdır. Bəhai dini o mövqedən çıxış edir ki, bu dinlərin heç biri bir-birinə ziddiyyət təşkil eləmirlər. Əgər bəşəriyyət dinin əsasında qurulsaydı, bu, fanatizmə gətirib çıxarardı. 4-cü prinsip qadın və kişi bərabərliyidir. Bir cəmiyyətdə ki, qadın azaddırsa, o cəmiyyətin özü azaddır. Digər bir prinsip isə təhsildir. Yəni cəmiyyət o zaman tərəqqi edə bilər ki, hamı təhsil prosesində əhatə olunmalıdır. Qloballaşan cəmiyyətdə vahid bir təhsil sisteminin formalaşmasını istəyirik. Beynəlxalq dil yaradılmalıdır. Həzrəti Bəhaullah qeyd edirdi ki, bir dənə beynəlxalq dil yaradılmalı, məktəblərdə ana dili ilə birgə uşaqlara öyrədilməlidir. Həzrəti Bəhaullah deyirdi ki, bütün xalqlar təhlükəsizlik müqaviləsi bağlamalıdırlar. Eyni zamanda təcavüzkar xalqların qarşısı alınmalıdır. Ən böyük prinsiplərdən biri də ondan ibarətdir ki, bəhailər irqi, cinsi, dini azarkeşlikdən uzaqdırlar. Uşaqları da bu cür tərbiyə edirik. İnsan bəşəriyyəti və öz vətənini sevməlidir. Dinin prinsipində göstərilir ki, digər millətdən, dindən, irqdən olan insanlara məhəbbətlə yanaşmaq lazımdır. Bizim üçün insanın ürəyin təmizliyi əsas meyardır”.

 

 

Fərəh Əsgərli çıxışında bəhailərin təlim tərbiyə haqqında nə iş gördüyündən danışıb. O bildirib ki, Bəhailərin əsas funksiyası təlim-tərbiyədir: "Bizdə bəzi kitablar var ki, uşaqlar həmin kitabları oxuyurlar. Alınan biliklərin nəticəsində bəzi praktiki sosial-iqtisadi proyektlər  həyata keçirilir. Çünki gənclərin enerjisini düzgün yola yönləndirmək çox vacibdir”.

 

Qeyd edək ki, Həzrəti Bəhaullah 1817-ci ildə Tehran şəhərində əsilzadə ailəsində doğulub. Gəncliyindən xüsusi bilik və qabiliyyət nümayiş etdirən Bəhaullah ətrafdakı bütün insanların heyrətinə səbəb olub. Gənc olmasına baxmayaraq "Yoxsulların atası" kimi tanınıb.

 

Həzrət Bəhaullah 1863-cü ildə Bağdad şəhərində özünün gözlənilən Allah Elçisi olduğunu elan edir. O, 1868-ci ildə dünya hökmdarlarına və krallarına məktub yazaraq onun missiyasını araşdırmağa və həqiqəti etiraf etməyə çağırır.

 

Həzrət Bəhaullah həyatının 40 ilini həbs və sürgünlərdə, ağır məşəqqətlər altında keçirib. Tədricən Bəhai dini dünyanın bütün ölkələrinə yayılır və Beynəlxalq Bəhai icması təşəkkül tapır.

 

Həzrət Bəhaullahın təliminin əsas qayəsi bəşəriyyətin birliyidir. O, insanlığın yetkinlik mərhələsində qədəm qoyduğunu bildirir və elan edir ki, "dünya sülhü nəinki mümkündür, hətta qaçılmazdır". O, insanlığa müraciət edərək buyurur: "Bilik çadırı qurulmuşdur, bir-birinizə yadlar kimi baxmayın. Siz hamınız bir ağacın meyvələri, bir budağın yarpaqlarısız".

 

Azərbaycanda da Bəhai dini 170 illik tarixə malikdir. Bəhai icması təlim-tərbiyə, mədəniyyət və maarifçilik fəaliyyətlərini ilə məşğul olaraq cəmiyyətə xidmətlə məşğuldur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR