Ata-oğul qarşıdurmasının əslinə baxılsa, heç bir qütbü, coğrafiyası, mədəniyyəti yoxdur. O anlamda yoxdur ki, bu, bir problemə dönüşdüyü zaman bəşəri don geyir, səciyə daşıyır. Bu istiqamətdə gerçəklərin kökünə baxsaq, mövzunun genetikası xristian dünyagörüşündən birbaşa gəlməsə də, ancaq bu anlayışın, dini inancın içində elə dərin izlər salmağa başlamışdır ki, mövzunu xristiani deyə elan etsək, heç yanılmarıq.
Sözsüz, ata-oğul sindromu Qoca Şərqin bir çox əsərlərini, dastan və rəvayətlərini, əfsanələrini, nağıllarını, eləcə də, Firdöfsiyanə, nəzmanə poemalarını çoxdan süsləyib. Demək ələ alınan anlayışın zaman etibari ilə lap ilkinliklərə dayanan gərəkçələri də vardır.
Gələk “İncilin” əzəldən dəyişməyən tezisinə. O tezisinə ki, “Ata-Oğul-Qutsal Ruh” olaraq nitələnən və qəbul edilən bu inanc sistemi dünyanın az qala yarısına yaxın bir toplumunu əsrlərdir öz ardınca aparmağı bacardı. Düzdür, zaman – zaman kilsələr üz-üzə gəldi, qarşıdurmalar yaşandı, cərəyanlar, fərqli akımlar, təriqətlər öz sözünü dedi, ortaya çıxdı. Bunlar tarixin gedişatında və toplumarın mədəni olaraq inkişafında təbii qarşılanmalıdır. Ancaq bu üçlü tezis nə qədər digər dinlər və elə xristian dinin daxilndə fərqli təriqətlər tərəfindən çeşidli məlum arqumentlərlə inkara səbəb olsa da, sonuc olaraq, yenə də əzəlki “varlığını” qoruyub saxlamaqdadır. Bir sözlə, “Ata-Oğul-Qutsal Ruh” anlayışı bu gün də xristian dünyasının təməl ilkəsi kimi yaşamaqdadır. Baxmayaraq ki, dünya kifayət qədər inkişaf mərhələsini geridə qoyub, bu və bu kimi “cəfəng” düşüncələri, inancları cürüdəcək xeyli fəlsəfi yanaşmalar da mövcuddur, ancaq o üçlü tezisi davam etməyindədir. Xristianlıq öz üzərinə din kimi nəyi alır, götürürsə, bu 3-lü anlayışın üzərindən mənimsəyir, qəbul edir.
Xristianların inancına görə Hz. İsanın atası Allahdır. Belə çıxır ki, hz. Məryəmin həyat yoldaşı, əri birbaşa Allahdır. Sözsüz ki, bu şəkildə anlaşılmaması gərəkir. Ancaq atası Allah olanın anasının ərinin də Allah olması gərəkir. Hər halda, bu anlayışı qəbul edən əksər xristianlar və onların dini ədəbiyyatları bu günə kimi belə bir yanaşmanı qoruyub saxlamaqla məşğuldurlar. Bu yanaşma isə boşlu-boşuna havada sudan asılıb qalmamış, ta ki mədəniyyətlərin alt qatın qədər işləməklə məşğul olmuşdur. Az qala bütün dünya bu gün ata-oğul münasibətinin bir çox boyutlarda müzakirəsini aktual bilib və bilməkdə davam edirsə, demək xristian inanc sisteminin ana damarını oluşduran bu yanaşma hələ də kökdən düşməyib. Yaxud da, bu gün bu inanc keçmişdəki kimi özünü qoruya bilməsə də, bir zamanlardakı əsdirdiyi rüzgarlar, başlatdığı tüğyanlar öz işini məharətlə gördüyündən, bu danışıqlar, qarşıdurmalar da birbaşa oradan gəlir. Allahın oğlu olma yanaşmasının mədəniyyətə, ədəbiyyata, zehniyyətə təsirindən. İnanc kitabımız “Qurani Kərim” də hz.İsanın bütün yönlərini təsdiq edir. Məsələn, hz. Məryəm hz. Cəbrayıldan müjdəni aldıqdan sonra sanki donur.
“Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim övladım necə ola bilər?”
(Mələk) dedi: “Elədir, lakin Rəbbim buyurdu:
“Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökm verilmiş bir işdir”.
Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib, uzaq bir yerə çəkildi. (Məryəm surəsi, 20-22)
(Məryəm) dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadğı bir halda necə övladım ola bilər?”.
(Allah) dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”- deyir, o da olur”. (Ali İmransurəsi, 47)
Bu ayətlərin ardınca Allah müsəlmanların kitabında hz.İsanın “Söz” olduğunu təsdiqləyir.
Yenə Nisa surəsinin 171-ci ayəsində yazılır ki, “… Məryəm oğlu Məsih İsa ancaq Allahın elçisidir və sözüdür. Onu (Ol sözünü) Məryəmə yönəltmişdir və ondan bir ruhdur….”.
Allah Məryəmə İsa dünyaya gəlməmişdən də adını ona bildirmişdir.
Ənbiya surəsinin 91-ci ayəsində isə, Allah deyir ki, “İsmətini qoruyan (Məryəm); Biz ona Öz ruhumuzdan üflədik, onu və övladını insanlığa bir ayə etdik”.
Bütün bunlardan və bu kimi ayələrdən məlum olur ki, İsa “Söz”dür. Allah İsanı “Ol” sözündən Məryəmin bətninə salmış, ordan dünyaya gətirmişdir. Yəni, İsanın atası Allah deyil, sözdür. İlahi sözünü atalığı sayəsində İsa dünyaya gəlmişdir.
Bütün bunlar bir mövzu olaraq (ata-oğul) hardan və nədən qaynaqlanır. Ata oğlunu tanıya və bilə bilər. Buna imkanı var. Oğlun isə atasını heç cürə tanıyıb bilmək imkanları yoxdur. Allah, Yaradıcı Böyük Güc, Hz. İsa vasitəsi ilə bütün bəşəriyyətə, düşünən kəsimə demək istədi ki, hər biriniz əslində adı bəlli kişilərin oğlu deyil, Allahın vasitəsində, gücü sayəsində yaradılışa tabe tutulmuşsunuz. Hər birinizin anası Məryəm kimi müqəddəs yükə çəkilir, şərəfləndirilir. Hər birinizin anasına Allahın mələyi, Cəbrayıl kimi bir mələyi gəlir. O payı o gətirir göylərdən. Sizlərin əslində gerçək atanız sözdür, hikmətdir, mahiyyətdir. Sizin mahiyyətiniz göründüyünüzdən daha fərqli və daha mükəmməldir. Siz mahiyyətinizin fərqində olmadığınızdan, aləm bir-birinə dəyir, hər şey “kəllə-mayallaq” olur.
Bu anlayışdan yola çıxaraq İlahi qatdan ötürülən, tarix boyunca davam edəcək müjdə bundan ibarətdir ki, sizlər insanların şəklinə, görüntüsünə, heykəlinə, geyim-keçminə aldanmayın. İnsanların, sizə xitab edənlərin özünə deyil, onların fikrinə, düşüncəsinə, ideya və fəlsəfəsinə, cəmiyyətə qatqı sağlayan inanclı, təməlli, alt yapısı ilahiliyə oturuşmuş mesajlarına hörmət və izzətlə yanaşmalısınız. Ancaq bu yolla bu dünyada haşr-nəşr olmaq zorundasınız. Yoxsa, heç bir dini inanca söykənməyən hər hansı bir fəlsəfəyə, ideya və ideologiyaya zorluqla boyun əydirilən cəmiyyətə sayqı duymaq olmaz. Onlara dəyər vermək cinayət xarakteri daşıyar. İnsanları, millətləri xaosa, qarşıdurmaya, böyük vaxt itgisinə düçar edər. Dövlət və hakimiyyətlərin millətlərə, xalqlara, cəmiyyətlərə uyğuladıqları, tətbiq etdikləri qanunlar insanın sosial durumundan daha çox, onun İlahi kitablarda diqqətə çatdırılan mahiyyətinə nisbətdə yazılmalı, icraya yönəldilməlidir. Əks təqdirdə işıq, nur sistemi bəşəriyyətin varlığından uzaq düşər. İnsanlıq mahiyyət baxımından zülmətlə qol-boyun olur.
Xristian inancındakı hz.İsanın Allahın oğlu olma anlayışı da məhz buradan yaranmışdı. Yuxarıdakı ayələrdən və bu ayələrə dəstək verən digər ayələrlə birgə “İncil” kitabında da öz əksini tapmışdır. Xristianlar isə İsanın üzərindən Allahı ata obrazına qədər endirmişdirlər. Oysa, Allah ata deyildir və ata ola bilməz də. Sadəcə mahiyyət etibari ilə onun bir “Ol” kəlməsindən yaranan aləm kimi hz. İsa da bir “Söz” mahiyyəti daşıdığını Quran isbatlayır. Yaradılmış insan oğlu da birmənalı şəkildə özünü sözlə, onun mahiyyəti və hikməti və dəyəriylə qurtaracaqdır.
Ona görə də filosofların indiyə kimi ortaya atdıqları fəlsəfələrin gücü də ona dayanır ki, o mahiyyət, hikmət, gözəllik aşaması yaşayan o “Söz”, ideya, ideologiya, din cəmiyyətin üzərində və daxilində əxlaq və ədalət yuvasını tapdığında, haqq zühur edir. Yaradıcı güc yaratdıqlarından, o sözlərindən, ideyalarından razı qalır.
Ona görə də bütün zamanlarda ata-oğul mövzu olaraq, cəmiyyət və sistemlərdə “İlahi ədalət”i və “Qutsal əxlaq”ı bərqərar etmək naminə yer almışdır.
Xanəmir Telmanoğlu