İraq ordusunun mübahisəli bölgələri Kürd Muxtariyyətindən geri almaq üçün atdığı addımlarda Haşdi Şabi qüvvələri də dəstək verir.
Metbuat.az-ın məlumatına görə, hazırda Peşmərgə ilə İraq ordusu arasında baş verən qarşıdurmada Haşdi Şabi də cəbhədədir. Haşdi Şabi komandirlərindən Əbu Mehdi Mühəndisin cəbhədə görünməyindən sonra ABŞ açıqlama verib.
ABŞ Xarici işlər nazirliyinin sözçüsü Hezer Nauert açıqlamada deyib: “Bu məsələ ilə bağlı xəbərləri gördük. O, terrorçudur. Xəbərlərin doğru olduğunu deyə bilmərəm, ancaq əgər doğrudursa, ümid edirik ki, onun əsgər toplamaq işləri müvəffəqiyyətsizliklə sona çatar”. Mühəndisin 2009-cu ildə ABŞ tərəfindən terrorçuların siyahısına daxil edildiyi bildirilib.
Qeyd edək ki, Mühəndisin İraqdakı əməliyyatları icra edən əsas adamlardan biri olduğu deyilir. Haşdi Şabi komandirinin İraqın Baş naziri Heydər əl-İbadi ilə birgə çəkilən fotoları da yayılmışdı. Çətin günlər yaşayan İraq, ABŞ dövlət katibi Reks Tillersonun xarici terrorçuların ölkədən çıxarılması tələbinə sərt reaksiya verib. Heç kimin onların daxili işinə qarışa bilməyəcəyini deyən Heydər əl-İbadi qeyd edib ki, Haşdi-Şabi qüvvələri İraqda xidmət edəcəklər.
Günay Elşadqızı \ METBUAT.AZ