“Azərbaycan vətəndaşlarının yaşayışı daha da yaxşılaşacaq” - Millət vəkili

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılışındakı çıxışı zamanı bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı qeyd edib ki, Azərbaycan, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır:

“Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni, bütün infrastruktur hazırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcək. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək.

Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin böyük uzaqgörənliyi, siyasi iradəsi və zəhməti hesabına həyata keçirilən beynəlxalq layihələr kompleksinin tərkib hissəsi olmaqla, müstəqillik dövrü tariximizin ən mühüm hadisələrindən biridir:

“Dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, qoca qitə olan Avropa və sürətlə inkişaf edən Asiyanı, dünyanın iki nəhəng iqtisadi güc mərkəzi olan Avropa İttifaqı və Çini, Cənub-Şərqi Asiya ölkələrini birləşdirən, ən ucuz, sərfəli, təhlükəsiz layihənin gerçəkləşdirilməsidir. Bu layihə Azərbaycanı Şərq və Qərb arasında qovşaq, şəbəkə ölkəsi halına gətirir və dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirir. Layihə keçmişdə mövcud olmuş nəqliyyat-kommunikasiya sistemlərini qat-qat üstələyərək, böyük geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır, dövlət müstəqilliyimizi daha da möhkəmləndirir, eyni zamanda türk dövlətlərini birləşdirir. Bu, bir daha təsdiq edir ki, bədxahların bütün çirkin oyunlarına baxmayaraq, Azərbaycan dövləti beynəlxalq və regional layihələri uğurla reallaşdırmaq gücündədir və həll edə bilmədiyi heç bir problem yoxdur”.

Millət vəkilinin sözlərinə görə, digər ölkələrlə əməkdaşlıq olmasaydı, bu layihə də gerçəkləşməzdi: “Həmin ölkələrin Azərbaycan ilə əməkdaşlıq etməsi Prezidentimiz İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, ona olan etibar və ölkəmizin gələcəyinə inam hissinin olması ilə bağlıdır. Dövlət başçımız bununla göstərdi ki, Azərbaycan həm birləşdirici gücdür, həm də əməkdaşlıqda vazkeçilməz ölkədir.

Dəmiryolunun fəaliyyətə başlaması millətimizin təkcə indiki deyil, gələcək nəsillərinin rifah halının yüksəldilməsinə yönəldilib. Bununla infrastruktur tamamilə yenilənir, yeni iş yerləri açılır, tranzit-nəqliyyat sistemindən dövlət büdcəmizə əlavə gəlirlər daxil olur. Bunun nəticəsində, Azərbaycan vətəndaşlarının yaşayışı daha yaxşılaşacaq. Eyni zamanda dəmiryolu boyunca yaşayan ölkələr və xalqlar da fayda götürəcək.

Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət geniş və əhatəli olub, Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovşaq, şəbəkə ölkə halına gətirir, dövlətimizin rolunu artırır və mövqelərini möhkəmləndirir. Məhz bu əməkdaşlıq nəticəsində Şimal-Cənub dəmiryol xəttinin işə düşməsi böyük əhəmiyyət daşıyacaq, ölkəmizi Fars körfəzinə, Hind okeanına çıxaracaq və Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvanın da problemlərini həll etməyə yardımçı olacaq.

Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin iştirak etdiyi və ya həyata keçirdiyi layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinma hissini yüksəldir”.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı