Nyu-Yorkdakı terror hücumundan sarsılan Amerikada daha bir hadisə baş verib.
Metbuat.az-ın məlumatına görə, ölkənin mərkəzindəki Kolorado ştatında supermarketdə silahlı hücum olub. Məlumata görə, məşhur “Valmart Denver” mağazalar şəbəkəsinin Tornton şəhərindəki şöbəsindəki silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib. Ölənlərdən birinin qadın olduğu deyilir.
Tornton polisi hücumun kim tərəfindən törədilməyi ilə bağlı hələlik heç bir açıqlama verməyib. Supermarketin müştərisi olan Aaron Stephens bildirib ki, kassada olan zaman silah səsləri eşidilib: “İşçilər və müştərilər böyük qorxu yaşadı. Hamımız qışqıraraq çölə qaçdıq”.
Yerli mediaya danışan müştərilər bildiriblər ki, təxminən 30 silah səsi eşidilib. Hadisədən sonra supermarketin qarşısına çoxlu sayda polis və təcili yardım maşınları gətirilib. Məlumata görə, Tornton şəhərində təxminən 120 min əhali yaşayır.
Qeyd edək ki, bir neçə gün öncə Nyu-Yorkda 29 yaşlı özbək mühacir Pikapı velosiped yoluna sürüb. Hadisə nəticəsində 8 nəfər həlak olub, 11 nəfər yaralanıb. Ölənlərdən 5-i argentinalı dostlar olub. Polis hadisəni törədən şəxsi yaralayaraq, həbs edib. Rəsmilər hadisənin terror aktı olduğunu bildiriblər.
Günay Elşadqızı \ METBUAT.AZ