İspaniyanın şimal-şərqindəki Katalonya Muxtar Vilayətinin müstəqillik cəhdlərinə görə, dövlətə qarşı üsyan, qiyam və dövlət əmlakından sui-istifadədə günahlandırılan muxtar vilayətin hökumət üzvlərinin ifadəsi alınıb.

Metbuat.az-ın məlumatına görə, eks hökumət üzvlərindən 14-dən 9-u Madriddəki Milli Məhkəməyə gedərək ifadə veriblər. Ancaq Belçikanın paytaxtı Brüsselə qaçan eks Kataloniya lideri Karles Puçdemon və digər 4 eks hökumət üzvü məhkəməyə gəlməyib.

Milli Məhkəmə Prokurorluğu məhkəmədən Puçdemon və digər 4 nazir – səhiyyə naziri Antoni Komin, təhsil naziri Klara Ponsati, mədəniyyət naziri Lluis Puiq və kənd təsərrüfatı naziri Meritxell Serret haqqında Avropa səviyyəsində həbs və geri qaytarılma əmrinin çıxarılmağını istəyib. Prokurorluq, həmçinin ifadə verən 8 Katalon nazirinin həbsini tələb edib. Kataloniya Muxtar Vilayətinin 27 oktyabrdakı tək tərəfli müstəqillik elanını doğru hesab etmədiyi üçün bir gün öncə, 26 oktyabrda istefa verən eks nazir Santi Vila haqqında isə 50 min avro cərimə edilərək, azadlığa buraxılması tələb edilib.

Milli Məhkəmə Prokurorluğunun tələbi ilə 8 nazirin həbsi, birinin isə 50 min avro cərimə ödəyərək azadlığa buraxılmasına qərar verib. Məhkəmənin Puçdemon və digər 4 nazirlə bağlı qərarı hələ ki, açıqlanmayıb.

Kataloniya Parlamentinin sədri Karme Forcadell və parlamentin 5 üzvü ilə bağlı qərar 9 noyabra qədər təxirə salınıb. Ali Məhkəmə isə məhkəmədən çıxdıqdan sonra Barselonaya qayıdan Forkadell və parlamentin 5 üzvünün məhkəməyə qədər polis nəzarətində qalmasına qərar verib.

Günay Elşadqızı \ METBUAT.AZ