ABŞ Milli Arxivi 1963-cü ildə qətlə yetirilən ölkənin 35-ci prezidenti Con Kennedinin sui-qəsdi ilə bağlı daha 676 sənədi ictimaiyyətə nümayiş etdirib.

Metbuat.az-ın məlumatına görə, Arxivin açıqlamasında bildirilir ki, sənədlərin 553-ü Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən gizli saxlanılan qeydlərdir. Qeyd edək ki, bununla da 2017-ci il ərzində Kennedi sui-qəsdi ilə bağlı 3-cü dəfə sənədlər nümayiş olunub. Milli təhlükəsizlik səbəbilə 300-yə yaxın sənəd hələ də gizli saxlanılır.

ABŞ prezidenti Donald Trampın təlimatı ilə artıq Kennedi sui-qəsdi ilə bağlı 2901 sənəd ictimaiyyətə təqdim edilib. Tramp digər sənədlərin də gecikdirilmədən açıqlanmasını istəyib. O, açıqlamasında bildirmişdi ki, 2018-ci il 26 aprelədək qismən düzəlişlər edilməklə sənədlərin digər hissəsi də açıqlansın.

Kennedinin sui-qəsdinə aid bəzi həssas sənədlərin Federal İstintaq Bürosu (FBI) və CİA-nın yoxlamasından sonra açıqlanacağı bildirilib. Açıqlanan qeydlər ABŞ Milli Arxiv idarəsinin veb səhifəsində nümayiş olunur.

Birləşmiş Ştatların 1992-ci ildəki Kennedi Sui-qəsdinin Qeydlər Qanununa görə, çoxu FBİ və CİA-ya aid olan milyonlarla sənəd 25 il ərzində ictimaiyyətə açıqlanmalıdır. Milli Arxiv idarəsi Kennedi faylına aid bir çox sənəd paylaşsa da, bəzi məlumatların yalnız prezidentin razılığı ilə açıqlana biləcəyini qeyd edib.

Günay Elşadqızı \ METBUAT.AZ