Ötən gün ABŞ-ın Texas ştatında kilsəyə terror hücumu olub. Devin Patrik Kelley adlı terrorçu 27 nəfərin ölümünə və 30 nəfərin yaralanmasına səbəb olub.
Evli və bir uşaq atası olan 26 yaşlı Devinin 2009-2013-cü illərdə ABŞ Hərbi Hava Qüvvələrində çalışdığı məlum olub. Hücumdan dərhal sonra hadisə yerindən qaçan qətliamçı avtomobilində ölü halda tapılıb. Onun intihar etdiyi, yaxud da ətrafdakı sakinlər tərəfindən öldürüldüyü ehtimale edilir. “First Baptist” kilsəsində baş verən hücumda ölən və yaralananların arasında uşaq və hamilə qadınların olduğu deyilir.
Son zamanlar “Yeni dünya”da terror hadisələrinin sayı çoxalıb. Demək olar hər gün silahlı hücumun baş verdiyi ABŞ-da son zamanlar hər həftə terror hadisəsi baş verir desək, yanılmarıq. Bəs, nəhəng ölkədə bu qədər terror hadisəsinə səbəb nədir? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Nəzakət Məmmədovanın sözlərinə görə, ABŞ-ın son aylarda davamlı şəkildə terror hücumlarına məruz qalması dünyanın diqqətindədir və baş verən hadisələrlə bağlı bir neçə ehtimal irəli sürülə bilər:

“Geniş yayılmış, "klassik versiya" ondan ibarətdir ki, ABŞ-ın terrora qarşı qlobal müharibəsi, dünyanın bir çox bölgələrində, xüsusilə Yaxın Şərqdə antiterror koalisiyası yaratması onu terrorçuların əsas hədəfinə çevirib. Digər versiyaya görə, bunu rəqib dövlətlər, müəyyən xarici və daxili qüvvələr ölkədə sabitliyi pozmaq, xof yaratmaq üçün istifadə edə bilərlər. Habelə, daxildəki Tramp əleyhdarları bunu etməklə seçkilərdən bəri adı müxtəlif qalmaqallarda səslənən prezidentə təzyiq edə bilərlər”.
Politoloq bildirib ki, ölkə elitasinda yer tutan, Yaxın Şərqdə müharibənin davam etməsində maraqlı olan hərbi konsernlərin rəhbərləri, bu terror aktları ilə İŞİD təhdidinin yox olmadığını göstərmək istəyən bilərlər: “Bununla belə, ölkənin öz xüsusi xidmət orqanları bunu etməklə cəmiyyətdə müəyyən fikirlərin formalaşmasına, ictimai rəyi müəyyən məsələlərə hazırlamaq istəyə bilər. Məsələn, son terror aktlarından birinin Orta Asiyadan olan "yaşıl kart" sahibi tərəfindən törədilməsi ilə Trampın seçkilərdə vəd etdiyi miqrantlara qarşı mübarizənin zəruriliyi məsələsi gündəmə gətirilib. Tramp Konqresi 1990-cı illərdən bəri mövcud olan "viza lotoreyası"nın ləğvinə inandırmaq niyyətindədir və bu cür teraktlar miqrasiya qanunvericiliyini sərtləşdirmək üçün Konqresmenlərə təsir vasitəsi hesab oluna bilər”.
Politoloqun sözlərinə görə, Yaxın Şərqdə İŞİD-in məğlubiyyəti dünyada terrorun zəiflədiyi fikrini önə çıxarıb: “Lakin 2001-ci ildən bəri öz qlobal ekspansionist siyasətini terrora qarşı mübarizə adı altında yürüdən ABŞ bundan sonra qlobal siyasətini həyata keçirmək üçün yeni bir konsepsiya tapmalı olacaq. Odur ki, bu teraktlar ABŞ əhalisinə və bütövlükdə dünyaya terrorun bitmədiyi və onunla mübarizə üçün ABŞ-ın öz qlobal missiyasını davam etdirməli olduğu fikrini təlqin etmək məqsədi daşıya bilər”.
Günay Elşadqızı \ METBUAT.AZ