Azərbaycan kişisi başqasının xanımını özününkü necə edə bilər? - Nigari və "Dəli Kür"

Uzun illərdir Dəli Kür adlı bir Azərbaycan romanının əsasında çəkilmiş eyni adlı bədii filmi ekrandan düşdüm demir. Rəhmətlik İsmail Şıxlı, bu romanı heç də pis yazmayıb. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında bu roman ən maraqlı tarixi romanlardan sayılır. Zatən İsmail Şıxlının da ən şah əsəri bu romanıdır. Romanla bağlı onu xatırladım ki, əsas mövzusu 19-cu əsrin ortalarında rusların Qafqazı işğalı, o cümlədən, Azərbaycanın işğalı əsnansında rus imperiyasının əyalətlərdə apardığı siyasətindən yetərli qədər bəhs olunur. O dönəmin Azərbaycanı, ictimai siyasi dönəmi, dini inanc yöntəmi əsas diqqət mərkəzində olsa da, etiraf etmək gərəkir ki, romandakı dini mövzudakı səhnələr, ideyalar, qayələr sövet ideologiyasının məqsədinə xidmət edən detalların qabardılması, ön plana çəkilməsiylə qələmə alınmışdır. Dəli kür əsərinin məhşurlaşmasında onun ekran variantının böyük rolu danılmazdır. Əsərdə ən maraq doğuran, onu əsər edən mahiyyətindən biri də, Azərbaycan ədəbiyyatında Azərbaycan kişisinin obrazının məharətlə yaradılmasıdır. Çox qəribədir ki, haqqında danışdığımız Cahandar ağa obrazı son dərəcə ziddiyyətli bir surətdir.

Ən qəbul edilməz yönü, tərəfi də, əsl Azərbaycan kişisi, bəyi olan bu adam, həm də başqasının xanımını özününkü edir. Bir azərbaycanlı törəsi, mentallığı üçün bu səhnə qəbul edilməzdir. Cahandar ağanı gözdən salan da, məhz onun belə bir əxlaqı reallaşdırması, atdığı addımı ikrah doğuracaq dərəcədə imkan verilməsi, sonradan onları yedim deməkdir. Bütün bunlar öz yerində, bu romanda bir etnosun milli mənəvi dəyərlərinə vurulan iki ən böyük zərbənin açıq-aşkar görünməsinə baxmayaraq, bəs niyə hər bir azərbaycanlı illərdir bu filmi dayanmadan, doymadan seyr edir? Bu bilirsiniz nəyə bənzəyir? Birisini çöx döyürsən, vurursan, incidirsən, ancaq o yenə də səndən əl çəkmir. Dəli kür əsəri tarixi keçmişimizin zənginliyini stetik çalarla, koloritli səhnələrlə əks etdirsə də, etiraf etməmiz lazımdır ki, bu əsərdə kifayət qədər xalqımızın mənəviyyatının təməlini oluşduran dəyərlər göz ardı edilərək, darmadağın edilib.

Cahandar ağa nə qədər cəlbedici bir kişi xarakteriylə verilirsə, bir o qədər də, başqasının halalını evindən qaçırıb özünə ailə etməklə, heç bir bəyliyə, ağalığa, kişiliyə, azərbaycanlı xarakterinə, heç müsəlman kimliyinə, ehkamına yaraşmayan bir addım atır. Ancaq illərdir bizlər bu filmi sevə-sevə seyr edirirk. əsərdə ən ağır zərbə 19-cu əsrdə Qafqaz müsəlmanlarının toparlanıb bir təriqət tərkibində öz milli azadlıq hərəkatını üzə çıxarmaq yolunda misilsiz xidmətləri olmuş Nəqşibəndi təriqətinin şeyxi, Mir həmzə Seyid Nigarinin şəxsində dini dünyagörüşümüzə vurulan ağır zərbədir. Zikir ayinini əyyaşlığa çevirmiş mollaların, din adamlarının şəxsiyyətsizliyinin toruna düşən qadınlardan biri də cahandar ağanın bacısıdır. Cahandar ağa bu səhnədəki biabırçılığa bacısını güllələməklə cavab verərək bir kişi kimi işin içindən çıxmağı bacarır. Ancaq Cahandar ağa əsl kişiliyi və dəliqanlılığı o zaman edərdi ki, bacısıyla birgə ordakıları, əsasən də dini iyrənc vasitəyə çevirən “kişiləri” güllə qabağında, at döşündə aparıb Kürün əcəb seyrangahında öldürərdi. Bu olardı aləm.

Təəssüf ki, sovet dönəminin islam dininə qarşı apardığı iyrənc siyasətin bir parçası kimi, filimdə əksini tapan islam dinindəki ən böyük təriqətlərdən biri və onun şeyxi barəsindəki hədyanlar heç də üstü örtülmədən gözdən salınır. Bizim bir sözlə, islami dəyərimiz, bu filmdə yerlə yeksan edilir. Hansı ki, hər kəs də yaxşı bilir ki, Mir həmzə Seyid Nigari son dərəcə böyük və qüdrətli mürşidlərimizdən biri olub. O nəinki Qafqazda, eləcə də, Osmanlı dövlətində də kimliyini isbatlamış bir zatdır.

Onun başında durduğu təriqətin içində də müridizm kimi qolları da tarixə öz şərəfli sözünü deyib və deməyində davam edir. Rus imperiyasına qarşı gələn, onların Qafqazda əl-qolunu bağlayan bir mənalı şəkildə etiraf etməyimiz gərəkir ki, islam dini, müsəlmanlıq, eləcə də Nəqşibəndilik, yaxud onun qollarından biri olan müridizm hərəkatı olmuşdur. Hətta Şeyx Şamilin də mübarizəsinin kökündə Mir həmzə Seyid Nigarinin bağlı olduğu bir təriqətin mürşidinin nəfəsi dururdu. Belə demək mümkünsə, Kürdəmirli İsmail Şirvani həzrətlərinin bu təriqətin yenidən şəkillənməsi, yenidən formalaşması, yenidən canlaması və geniş şəkildə yayılmasında ağılalmaz xidmətlərini danmaq mümkün deyil. Filimdə adı çəkilən Nigari həzrətlərinin də məhz bu əqidə uğrunda savaşdığından

Azərbaycanı tərk etməsi, Osmanlı ərazisində öz missiyasını yerinə yetirməsi tarixi bir gerçəkdir. Şeirlərində də yana-yana söylədiyi, dilə gətirdiyi vətən həsrəti, sinəsini dağladığı Qarabağ eşqi elə onun sağlam bir əqidə sahibi kimi yer-yurdunu tərk etməsinə, ruslara qarşı apardığı mübarizəsi ucbatından Azərbaycana gələ bilməməsinə səbəb deyilmi? Bütün bunlar varkən, niyə bizlər, Dəli Kür əsərindəki təhqirləri sinəmizə çəkir, hətta ondan həzz alırıq? Nə vaxta kimi, başa düşmürəm? Yəni bir ruhumuzu zədələyən əsər o qədər vacib və böyük şeydir ki, bir millətin onurunu, xarakterini, dünyagörüşünü alt- üst eləsin, biz də ona ekran qarşısından oturub ləzzətlə, özü də təkrar-təkrar baxaq? Mən demirəm ki, bu əsərdən vaz keçəyin, heç olmasa yanlışını, səhflərini düzəldəyin.

Rəhmətlik İsmail Şıxlı digər sovet yazarlarımız kimi, ola bilsin ki, islam dinini, eləcə də 19-cu əsrin digər əsas pərdə arxasında cərəyan edən hadisələri o qədər də dərindən bilmirdi. Məsələn, elə Nəqşibəndiliyi, eləcə də Mir həmzə Seyid Nigarini dərindən tanımamış, əsərləriylə yaxından tanış olmamışdır. Nə olar ki? Ancaq anlamaq lazımdır ki, biz bu əsəri nə qədər də itirmək istəməsək, müəllifin yanlışlıqlarından vaz keçməsək belə, Dəli kür və bu tipli əsərlər sovet ideologiyasının diktəsi, imperiyanın sifarişləri öz ağırlığını göstərməkdədir. Mənəviyyatımıza və mədəniyyətimizə vurduğu yaralardan elə biləsən ki, həzz almaqla məşğuluq. Bu gün böyüyən gənc nəsil də bu filmə baxır və o da öz dünyagörüşüylə burda cərəyan edən hadisələrdən nəsibini alır. Bu əsərdə kifayət qədər maraqlı, dəyərli, tariximiz və mədəniyyətimiz baxımından önəmli nüanslar da az deyil. Ancaq nə olursa olsun, bu xalqın əsas bel sütunu olan inancına və əxlaqına qarşı vurulan zərbələri bəh- bəhlə qəbul etmək düzgün deyil.

Xanəmir Telmanoğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı