Tanınmış müğənni Könül Kərimova müasir dövrdə kliplərin çəkilməməsindən danışıb. O, bu haqda Milli.Az-a danışıb:
"Demək olar ki, müasir dövrdə kliplər çəkilmir. Bunun bir səbəbi televiziyalarımızda klip saatlarının olmamasıdırsa, digər bir səbəbi isə müğənnilərin tənbəlliyidir. Müğənni var ki, heç bir dənə də olsun klipi yoxdur. Mənim bu sarıdan bəxtim gətirib. Bütün kliplərimi peşəkarlara həvalə etmişəm. Bir neçə klipimi isə tanınmış rejissor Arif Qazıyev çəkib. Arif müəllim muğam mərkəzində mənə yaxınlaşdı ki, sən çox gözəl oxuyursan, niyə indiyə qədər klip çəkdirməmisən?
"Bir aləm var" mahnımın klipini o, mənim üçün təmənnasız çəkdi. Tale elə gətirdi ki, bu mahnıdan və klipdən sonra mənə toylarda tələbat artdı. Klipdə elə səhnələr var ki, göldə qayıqda çəkilmişəm. Hətta qorxduğumdan ilk öncə qayığa minmək istəmirdim, israrla dedilər ki, mütləq qayıqda olmalısan. Mənimlə birlikdə bir nəfər də qayıqda idi ki, mən batsam, xilas etsin. Bəlkə də başqa rejissor olsaydı, sözündən çıxardım, amma Arif müəllimin sözündən çıxa bilmədim. Bütün bu çətinliklərə baxmayaraq çox gözəl bir iş ərsəyə gətirdik".
Əli Rəhimoğlu
Milli.Az