Səudiyyə Ərəbistanında baş verənlərdə 4 hadisə diqqət
çəkdi. Birinci: Livanın baş naziri Saad əl-Haririnin “təhdid
edilirəm” deyərək istefa verməsi və Ər-Riyada sığınması. İkinci:
əl-Haririnin istefa verdiyi gün Yəməndə İranın dəstəklədiyi
husilərin Ər-Riyada uzaq mənzilli raketlə hücumu. Üçüncü:
Səudiyyədə korrupsiya əməliyyatının başlanması. Dördüncü: Trampın
“Səudi Aramco” neft şirkətinin hissələrinin Nyu-York birjasında
satın almaq üçün hərəkətə keçməsi.
Publika.az xəbər verir ki, türkiyəli siyasi yazar
Taha Dağlı baş verənləri şərh edib.
BİRİNCİ: əl-Haririnin atası Refik Hariri Livanın
keçmiş baş naziri olub. 2005-ci ildə Beyrutda sui-qəsd nəticəsində
öldürüldü. Haririyə sui-qəsd edən İsrail, yoxsa
İran-Hizbullah-Suriya üçlüyü idimi? Bu, sual cavabsız qalıb. Sonda
günah Suriyanın üzərinə qaldı və Suriya Livandakı hərbçilərini
ölkədən çıxartdı. Saad əl-Hariri BMT araşdırmasının nəticələrinə
istinadən 2011-ci ildə “Atamı Hizbullah öldürdü” deyərək, Livanın
baş nazir postundan istefa etmişdi. Bu gün yenə “atam kimi məni də
öldürəcəklər, təhdid altındayam” deyərək istefa verdi.
İstefadan bir həftə öncə İranın dini lideri Xameneinin xüsusi
nümayəndəsi Əli Vilayəti Beyrutda Saad əl-Hariri ilə görüşdüyü və
ona “sənin də sonun atan kimi olacaq” dediyi iddia edilir. Səudiyyə
Ərəbistanı İranın Hizbullah üzərindən əl-Haririyə təhdidini Tehrana
qarşı “kozır” olaraq istifadə edir. Hariri ailəsi əvvəldən
Səudiyyəyə yaxın olub və daim Hizbulahla münaqişə yaşayıb.
İKİNCİ: Yəməndəki husilər Səudiyyə Ərəbistanı ilə
2,5 ildir müharibə aparır. Husilərin Ər-Riyada atdığı uzaq mənzilli
raket İran istehsalıdır. Səudiyyə husilərin raketi İranın təlimatı
ilə atdığını iddia edir.
ÜÇÜNCÜ: Səudiyyə Ərəbistanında saray müharibəsi
gedir. 11 şahzadənin həbs olunması və mülklərinin ələ keçirilməsi
birinci vəliəhd Məhəmməd bin Səlmanın bütün rəqiblərinin sıradan
çıxarılması deməkdir. Yeni kral bin Səlman olacaq. Onun atasının
ölümündən sonra deyil, sağlamlıq problemlərinə görə taxtdan enməsi
ilə kral olacağı gözlənilir.
DÖRDÜNCÜ: “Saudi Aramco” Səudiyyənin milli neft
şirkətidir. Tramp bu şirkətin Nyu-York birjasındakı səhmlərini ələ
keçirməyi planlaşdırır. Ehtimal olunur ki, Ər-Riyadın təcili pula
ehtiyacı var, şahzadələrin həbs olunaraq, mülklərinin əlindən
alınmasının səbəbi də budur.
Kim qazanacaq?: Bu prosesin nəticəsində qazanan
tərəf ABŞ və İsrail olacaq. Səudiyyənin İranla qarşıdurması
İsrailin marağındadır. Amerika isə maddi qazanc əldə edəcək.
Böhranı idarə edən kimdir?: Səudiyyədə baş
verənləri idarə edənlərdən biri də Birləşmiş Ərəb Əmirlikləridir
(BƏƏ). Bu ölkə də ABŞ-la birgə hərəkət edir. BƏƏ-nin vəliəhd bin
Salmanın üzərində böyük təsirə malik olduğu deyilir. Bin Salmanın
məhz BƏƏ tərəfindən taxta çıxarılmağa hazırlandığı haqda
informasiyalar var idi. Şahzadələrə qarşı son əməliyyat da bu
prosesin sonuncu mərhələsi hesab olunur.
Müharibə olacaqmı?: Səudiyyə Ərəbistanı və İran
müharibəyə doğru gedir. Yəməndə döyüş uzun zamandır aparılır. İndi
Livanda İran-Səudiyyə döyüşü başlaya bilər.
Asif Nərimanlı