Əliyevin Ümrə ziyarəti gözlənilir (VİDEO)

Əliyevin Ümrə ziyarəti gözlənilir (VİDEO)
22:06 6 Aprel 2015
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev ailə üzvlərilə birgə Səudiyyə Ərəbistanında rəsmi səfərdədir. Dövlət başçısının Səudiyyə kralı ilə görüşündə ikitərəfli münasibətlərlə yanaşı, dünya bazarında neftin qiyməti və regiondakı vəziyyət də müzakirə olunub. İlham Əliyevin Ər-Riyadda başlayan yüksəksəviyyəli görüşləri Ciddə də davam edib. Səudiyyə tərəfinin yaydığı məlumatlarda isə səfər gedişində prezidentin Ümrə ziyarəti həyata keçirəcəyi bildirilir.

ANS TV-nin məlumatına görə, prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərinin hərbi aerodromunda Kral Salman bin Əbdüləziz əl-Səud qarşılayıb. İki ölkənin dövlət himnlərinin səslənməsindən sonra nümayəndə heyətləri təqdim olunub. Səudiyyə kralının adından prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Sonra dövlət başçısının Kral Salman bin Əbdüləziz əl-Səudlə görüşü olub. Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.
Görüşdə Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.

Müzakirələr zamanı iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fikr mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının maliyyə, neft və minerallar nazirləri, Ticarət Palataları Şurası sədrilə görüşlərində dünya bazarında neftin qiyməti, ikitərəfli əməkdaşlıq əsas müzakirə mövzusu olub. Həmçinin “Cənub” qaz dəhlizi layihəsi müzakirə edilib. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Paytaxt Ər-Riyadda görüşləri başa çatdıqdan sonra prezident İlham Əliyev Ciddə şəhərinə gəlib. Prezidenti Ciddədə Şahzadə Mişaal bin Məcid bin Əbdüləziz qarşılayıb.

Səudiyyə Ərəbistanı xəbər agentliyinin məlumatına görə, prezident Ümrə ziyarətini həyata keçirəcək. Səfərdə dövlət başçısını ailəsi də müşayiət edir. Prezidenti İlham Əliyev bu gün həmçinin Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb. Söhbət zamanı son on ildə Bankla Azərbaycan arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirilib.

Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Mənbə
ANS TV: İlkin Kərimov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR