Çexiya-Amerika diplomatik qalmaqalı: səfir Şapiro prezident Zemana cavab verir

Çexiya-Amerika diplomatik qalmaqalı: səfir Şapiro prezident Zemana cavab verir
22:08 6 Aprel 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 6 aprel, AZƏRTAC
ABŞ-ın Çexiya Respublikasındakı diplomatik missiyasının başçısı Endrü Şapiro Amerika səfirini Praqa şəhərindəki iqamətgahında görmək istəmədiyi barədə Prezident Miloş Zemanın bir gün əvvəl mətbuatda dərc olunmuş sözləri ilə əlaqədar bəyanat verib.
Çexiya Prezidenti ABŞ səfirinin Zemanın mayın 9-da Moskvaya getmək və Qələbə Günü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək planlarını pisləməsini nəzakətsizlik hesab edib.
Endrü Şapiro deyib ki, Prezident Zemanın İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini yad etmək istəyini başa düşür. Lakin belə bir fakt onda təəssüf doğurur ki, Çexiya Prezidenti Avropa İttifaqının üzvü olan ölkələr arasında “beynəlxalq hüququ pozan Rusiya ordusunun qonşu dövlətdə vəziyyətin sabitliyini pozduğu” bir zamanda Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək yeganə dövlət başçısı olacaqdır. Amerika səfiri deyib ki, Prezident Zemanı “açıq ünsiyyət quran” bir adam hesab edirdi, buna görə də Çexiya rəhbərinin onun “səmimi fikrini” qiymətləndirəcəyinə bel bağlayırdı, lakin belə olmamasından məyusdur.
ABŞ-ın Çexiyadakı səfiri, həmçinin sözünə əlavə edərək bildirib ki, onun üçün “hamı ilə mehriban işgüzar münasibətlər çox vacibdir, buna görə də onun iqamətgahının qapıları hər bir kəsin üzünə açıqdır.
Endrü Şapiro bütün Çexiya Respublikasının vətəndaşlarına da müraciət edib. O deyib ki, hazırda ABŞ hökuməti və Amerika xalqı iki dövlət arasında tərəfdaşlıq və müttəfiqlik münasibətlərini əvvəlkindən daha çox qiymətləndirir. Miloş Zemana və Çexiya sakinlərinə ünvanlanmış bəyanatını Endrü Şapiro hazırda məzuniyyətdə olduğu ABŞ-dan verib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiya_Amerika_diplomatik_qalmaqali_sefir_Sapiro_prezident_Zemana_cavab_verir-844085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR