Avstriyanın paytaxtı Vyanada keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin 7-ci Sessiyası öz işini başa çatdırıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Konvensiyaya tərəf olan 183 dövləti, müşahidəçi statusuna malik ölkələri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndənin iştirak etdiyi konfransda təşkilatın Korrupsiya əleyhinə Konvensiyasının icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair ölkələrin məruzələri dinlənilib, eləcə də korrupsiyanın qarşısının alınması, cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpası, həmçinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı dinləmələr keçirilib, müvafiq qətnamə layihələri müzakirə edilərək qəbul edilib.
Tədbir müddətində bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirilən ikitərəfli görüşlər çərçivəsində ölkələrimizin korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icra vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının 2-ci dövri icmalının təşkili ilə bağlı məsələlər müzakirə edilib.
Konfrans müddətində korrupsiya cinayətlərinin qarşının alınması və təqibi, əmlakın bərpası, habelə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın gücləndirilməsibarədə qəbul edilən qətnamələr və digər sənədlər bu sahədə fəaliyyətindaha da təkmilləşdirilməsinə zəmin yaradacaq.
Günay Elşadqızı \ METBUAT.AZ