Soyuq havaların yeməyi

Soyuq havaların əvəzedilməz yeməyi xaşdır.

Metbuat.az yeməyin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

Malın ön ayaq dırnaqları
Mal quyruğu (istəyə görə)
Duz
Dəfnə yarpağı
İstiot (əzilməmiş)
Sarımsaq
Narşərab
Turşu
Göyərti

Hazırlanmasına gəldikdə isə, malın ayaq dırnaqları təmizlənir. Tükü ütülüb təmizlənmiş dırnaqlar bol su ilə yuyulur. İstənməyən iylərdən xilas olmaq üçün minalı qazan götürülür, təmizlənən mal dırnaqları qazana qoyulur, üzərinə bol su əlavə edilir. Qazanda dırnaqlar bir gün saxlanılır. Suyu vaxtaşırı təmizləmək lazımdır. Su dəyişdikcə həm də dırnaqlarda ütmə əsnasında meydana gələn iy də çəkilmiş olur.

Bundan sonra dırnaqları sürətli bir şəkildə soyuması üçün soyuq suya salın. Dırnaqlar soyuduqdan sonra doğramağa başlayın. Xaş bişirmək üçün mal dırnaqlarını doğrayarkən baltadan istifadə etməyin, çünki bu zaman həm sümük qırıqları ətə qarışır, həm də ilik dağılır. Mümkündürsə, sümük kəsmək üçün olan mişardan istifadə edin.

Doğranan mal dırnaqları və quyruq parçaları, xaş bişiriləcək qazana qoyulur. Sonra dırnaqların üzərinə su əlavə edilir. Su dırnaqların üzərinə təqribən 1-20 sm çıxmalıdır. Daha sonra xaş aşağı atəşdə qaynadılmağa başlayır.

Xörək qaynadıqca, suyun üzərinə toplanan kəf yığılmalıdır.

Bəzən xaşın içərisinə doğranmamış baş soğan əlavə edilir. Bu zaman kəf daha yaxşı toplanır. Xaş suyunun şəffaf olması üçün isə bəzən suya kök əlavə edilir.

Xaş təqribən ən az 5-6 saat qaynamalıdır. Xaş bişənə yaxın içərisinə duz, əzilməmiş istiot, dəfnə yarpağı vurulur.

Xaşın yanında süfrəyə sirkə, sarımsaq, narşərab, turşu, göyərti verilir.

Nuş olsun!

Hamburgeri evdə hazırlayın - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)