Play Store

Azərbaycan və Türkiyə XİN rəhbərləri üçtərəfli formatları müzakirə ediblər

Xəbər verdiyimiz kimi, Azərbaycan, PakistanTürkiyə xarici işlər nazirlərinin Birinci Üçtərəfli Görüşü çərçivəsində Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Metbuat.az-ın məlumatına görə, nazirlər dövlət başçılarının qarşılıqlı səfərlərini, o cümlədən Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 20 oktyabr tarixində İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirakını və bunun ardınca Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyub Ərdoğanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak etmək üçün Bakıya səfərini xüsusi vurğulayıblar.

Görüşdə, hər iki ölkə Prezidentinin iştirakı ilə bu yaxınlarda Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının nəticələri təqdir edilib və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin iştirakçısı olduğu Qərb-Şərq nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına və layihənin imkanlarından istifadə edəcək dövlətlər arasında əməkdaşlığın, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər hər iki ölkənin iştirakçısı olduğu “Asiyanın Qəlbi” - İstanbul Prosesinin və bu çərçivədə Azərbaycanın ev sahibliyi etdiyi 7-ci nazirlər konfransının əhəmiyyətini qeyd ediblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirdi və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə həmkarına məlumat verib.

Nazirlər, həmçinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatlarının uğurla inkişaf etdiyini qeyd ediblər və Azərbaycan-Türkiyə-Pakistan formatının da ölkələrimiz arasında əməkdaşlığın inkişafını təşviq edəcəyini və mühüm platformaya çevriləcəyinə ümidvar olduğunu bildiriblər.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR