TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər...

Artıq uşaq intiharları ilə bağlı ağlımıza bir sual gəlir: Görəsən, “Mavi balina” oyununa görə intihar edib?

Ağdaşda 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun özünü yaşadığı evin həyətindəki tövlədən asması “Mavi balina” oyununu yenidən gündəmə gətirdi. Bəzi media qurumları bu oyunu hətta azyaşlının intiharına səbəb kimi göstərdi. Uşağın intihardan öncə yazmış olduğu məktub “Mavi balina” ilə bağlı şübhələri yox etsə də, tərəddüdləri aradan qaldırmadı.

“Mavi balina” uşaqlar üçün təhlükəli hesab edilən rus tanışlıq saytlarında, bəzi sosial şəbəkələrdə mövcuddur. Maraqlı məsələ budur ki, bu gün istənilən şəxs qeyd olunan saytlara birbaşa daxil olub, həmin oynu oynaya bilər.

“Mavi balina” oyunu 50 gün davam edən, 50 təlimatdan ibarətdir. Oyunu oynayan insanlar həmin təlimatlara əsasən, ya özlərinə, ya da yaxınlarına xəsarət yetirir. Çox vaxt bu cür hadisələr ölümlə nəticələnir. İnsanların psixologiyasına birbaşa təsir edən oyun kimliyi məlum olmayan şəxslər tərəfindən idarə edilir.

Dünyada bu oyuna qarşı ciddi mübarizə başladılıb. ABŞ-ın xüsusi xidmət orqanları artıq bununla mübarizə aparır. Bəs, ölkəmizdə bununla bağlı hansı işlər görülür?

İKT Mərkəzinin direktoru Fərid Kazımov mövzu ilə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır:

“İstənilən halda, bu, ölkə müstəvisindən çıxan qlobal bir problemdir. Bir çox ölkələrdə hüquq-mühafizə orqanlarının tərkibində bununla bağlı xüsusi qruplar, departamentlər yaradılıb. Bunlar məhz kiber cinayətlərlə məşğul qruplardır. Onlar insanların psixologiyasına təsir edən cinayətkar qruplara qarşı mübarizə aparırlar. Bizdə də bu məsələyə artıq diqqət edilməlidir. İnternet qlobal bir məkan olduğu üçün dünyanın istənilən ölkəsindən azərbaycanlılara təsir etmək mümkündür. O nöqteyi nəzərdən, bu işlər müəyyən mənada sistemli halda aprılmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev bildirib ki (Trend), “Mavi balina” oyunu ilə əlaqədar digər ölkələrdə kifayət qədər intihar halları baş versə də, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən uşaqların onunla əlaqədar intihar etməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb:

“Əslində, “Mavi balina”nı oyun saymaq olmaz. Bu, şəbəkə formatındadır və “facebook”, “odnoklassnik” kimi şəbəkələrdə yayılır. Bu, hansısa proqram olsaydı, onu əngəlləmək daha asan olardı. Amma bu, şəbəkə formatındadır. Ona görə də onu əngəlləmək bir qədər çətindir”.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Mövzu diqqətimizdədir…

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu kişini görənlər, ehtiyatlı olun! – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR