Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb. Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb. Xəzər dənizinin hüquqi statusu üzrə bütün məsələlərlə bağlı razılıq əldə olunub. ABŞ-ın fərdi sanksiyaları Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafını maliyyə baxımdan məhv edə bilər. Ukraynada vəziyyət yenidən gərginləşib.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vyanada görüşəcəklər. Bu barədə informasiya Ermənistan Xarici İşlər Nazirliyinin Feysbukdakı səhifəsində yerləşdirilib. Məlumata əsasən, görüş dekabrın 7-də ATƏT-in xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq.
Bu gün Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb. Dekabrın 7-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Hərbi dialoq çərçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2018-ci il üçün fəaliyyət planı razılaşdırılacaqdır.
Bu gün Rusiya paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası keçirilib. Toplantıda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər.
Region ölkələr Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır. Bunu Xəzəryanı ölkələrinin XİN rəhbərlərinin Moskva görüşünün yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ümumilikdə mən keçirdiyimiz görüşü pozitiv qiymətləndirirəm. Biz Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində 20 il davam edən işi yekunlaşdırdıq. Bu mətn təsdiqlənməsi üçün ölkə başçılarımıza təqdim olunacaq və biz ümid edirik ki, sənəd onlar tərəfindən imzalanacaq”, - deyə Lavrov vurğulayıb.
Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2017-ci ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2017) dərc edib. 2017-ci ildə neft qiymətlərindəki azalma və hərbiləşdirmənin səviyyəsi arasındakı əlaqə xüsusilə Mərkəzi və Cənubi Amerikada, eləcə də Yaxın Şərqdə aydın görünür.
2017-ci il üzrə Qlobal Hərbiləşdirmə İndeksinin “Top-10”luğuna İsrail, Sinqapur, Ermənistan, Rusiya, Cənubi Koreya, Küveyt, İordaniya, Kipr, Yunanıstan və Bruney daxildir. Bu ölkələr silahlı qüvvələrə cəmiyyətin digər sahələrinə nisbətən daha yüksək səviyyədə resurslar ayırırlar.
Azərbaycan ötən illə müqayisədə 2 pillə geriləyib.