Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Metbuat.az-ın məlumatına görə, tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Abu Dabidəki səfirliyinin və Dubaydakı baş konsulluğunun, SOCAR-ın, BƏƏ-dəki Azərbaycan icmasının və yerli ictimaiyyət nümayəndələrinin, Abu Dabidə təhsil alan azərbaycanlı tələbələrin, yerli KİV təmsilçilərinin və digər qonaqların iştirak etdiyi anım mərasimində çıxış edən səfir Daşqın Şikarov ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışıb.
Ulu öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi barədə geniş danışan səfir məhz Heydər Əliyevin vətəninə və xalqına hədsiz sevgi və sədaqəti kimi şəxsi keyfiyyətlərinin, müxtəlif yüksək vəzifələrdə fəaliyyəti zamanı əldə etdiyi idarəçilik təcrübəsi və inkişaf məsələlərində strateji yanaşmasının ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdığını vurğulayıb. Səfir, dahi rəhbərin səyləri nəticəsində Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycanın çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoyduğunu, ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldığını, kənd təsərrüfatı istehsalının dəfələrlə artdığını, yüzlərlə yeni sənaye müəssisəsi inşa edildini vurğulayıb.
Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməlinin məhz həmin illərdə yaradıldığını bildirən səfir keçmiş SSRİ məkanında ittifaq büdcəsindən dotasiya almayan iki respublikadan birinin də Azərbaycan olmasının bunun əyani sübutu olduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin rəhbərliyi illərin Azərbaycanın tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdiyini, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdığını qeyd edib.
Sonra səfir D.Şikarov Azərbaycanda 1992-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən hərc-mərcliyin, xaosun ölkəmizi fəlakət həddinə gətirib çıxardığını təəssüflə xatırlatdı. Ermənistandan qaçqın axınının, Sumqayıt fitnəkarlığının, 20 Yanvar qırğınının, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsinin, Xocalı soyqırımının, torpaqlarımızın 20 faizinin işğalının və insanlarımızın yerindən-yurdundan didərgin salınmasının Azərbaycanı diz çökdürməyə yönələn böyük planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri olduğunu vurğulayıb.
Səfir qonaqların diqqətini hadisələrin təhlükəli miqyasına yönəldərək o vaxt çoxlarının Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtula biləcəyinə və müstəqilliyini qoruyub saxlayacağına inanmadığını, lakin Heydər Əliyevin bizim hamımızın canlı şahidi olduğumuz vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı, tarixinin gedişini dəyişdiyini və Azərbaycan üçün yazılmış ssenariləri alt-üst etdiyini xüsusi qeyd edib, 1993-cü ildə xalqın israrlı Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycanın uçurumun bir addımlığından dönə bildiyini vurğulayıb.
Ümummilli liderin uğurlu xarici diplomatiyası barədə də dolğun məlumat verən səfir diqqətə çatdırıb ki, bu uğurlu siyasi kurs və inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və zənginləşdirilir. Son 14 il ərzində ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri buna əyani sübutdur.
Tədbirdə çıxış edən səfir müavini Leyla Süleymanova ümummilli liderin istər Sovet İttifaqı dövründə, istərsə də müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycanın maraqlarını bütün imkanlardan istifadə edərək qoruduğunu, ölkəmizin davamlı tərəqqi və inkişaf yolu tutduğunu bildirib. Sonra çıxış edən Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə Heydər Əliyev irsinin, siyasi həyatının Azərbaycan xalqı tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
Sonra Azərbaycan Dövlət Televiziyası tərəfindən ulu öndərin Azərbaycançılıq ideologiyasının yaradılması, xaricdə yaşayan azərbaycanlılara və diasporaya verdiyi xüsusi diqqət barədə hazırlanmış film nümayiş etdirilib. Çıxışlar və filmin seyrindən sonra qonaqlar üçün ulu öndərin xatirəsinə ehsan süfrəsi açılıb. Ümummilli lider Heydər Əliyev barədə Birləşmiş Ərəb Əmilriklərində çap olunmuş kitabın nüsxələri tədbir iştirakçılarına paylanılıb.
“Pakistan - Azərbaycan Məzunlar Assosiasiyası” təsis edildi - FOTOLAR