ABŞ-da ümumilli liderin xatirəsi anılıb

Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Metbuat.az-ın məlumatına görə, tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmyerlilərimiz və səfirliyin əməkdaşları ilə yanaşı, Xocalı faciəsinə həsr olunmuş “Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri də qatılıb.

Azərbaycanlı səfir Elin Süleymanov ümummilli liderin Azərbaycanın inkişafı və xalqımızın rifahında rolu, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib. Azərbaycan dövlətçiliyinin qurulmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və qətiyyətli addımları nəticəsində ölkənin hərtərəfli inkişafına nail olunduğu bildirib.

Bundan əlavə, Heydər Əliyevin anım günü çərçivəsində ABŞ-ın Merilend ştatının Qida Bankına Azərbaycan tərəfindən ianə edilib. Merilend Qida Bankının prezidenti Karmen Del Qersio və Hökumətlə Əlaqələr üzrə direktoru Nensi Smitlə səfirlikdə keçirilən görüş zamanı Elin Süleymanov ümummilli lider Heydər Əliyevin bir neçə dəfə Merilend ştatına səfər etməsindən bəhs ediblər.

Merilend Qida Bankının prezidenti K.Qersio Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Merilend Qida Bankına ölkəmizin yardımının artıq çox gözəl bir ənənəyə çevrildiyini qeyd edib və buna görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib. O, həmçinin ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ilə bağlı yaranmış əməkdaşlığın Azərbaycanla Merilend ştatı arasında bağların daha da möhkəmlənməsinə səbəb olduğunu söyləyib.

Bundan başqa, səfirliyin təşkilatçılığı ilə Vaşinqtonda yerləşən İslam Mərkəzində cümə namazı zamanı ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunub və ona Allahdan rəhmət dilənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR