Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının
fövqəladə iclası keçirilib. İclasda qəbul edilən bəyannamədə Şərqi
Qüds Fələstinin paytaxtı elan olunub. Avropa İttifaqı ölkələrinin
siyasi liderləri ABŞ prezidentinin Qüdsün statusu ilə bağlı
kursundakı son dəyişikliklərlə razılaşmayıblar. İrəvan Türkiyə ilə
imzalanan Sürix protokollarından imtina edəcəyini açıqlayıb. Rusiya
prezidenti Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması
barədə əmr verib. Rəsmi Vaşinqton Suriya prezidenti Bəşər Əsədi
2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil. İsrail
Livanı “daş dövrünə çevirməklə” hədələyib. Mixail Saakaşvili
Kiyevdə hakim qarşısına çıxarılıb. Rusiya Ukraynaya qarşı
genişmiqyaslı müharibəni istənilən an başlaya bilər. ABŞ Şimali
Koreya ilə danışıqlar aparmağa hazır olduğunu bəyan
edib.
Azərbaycan, Dağlı Qarabağ
Dekabrın 20-də Bakıda Azərbaycanın, İranın və
Rusiyanın xarici işlər nazirlərinin görüşü
keçiriləcək. Görüşdə üçtərəfli əməkdaşlıq
əlaqələrinin inkişaf perspektivləri müzakirə ediləcək.
Dekabrın 13-də İstanbulda keçirilən İslam Əməkdaşlıq
Təşkilatının fövqəladə iclasında Azərbaycan Prezidenti İlham Əliyev
çıxış edib.
Prezident İlham Əliyev: “ABŞ Qüdslə bağlı qərarına yenidən baxmalıdır”
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq
Qarabağla bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu
inkar edib və münaqişənin həlli ilə bağlı danışıqların ruhuna zidd
açıqlamalar verib. “Ermənistan” telekanalına müsahibə
verən Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə
aparılan danışıqlarda konkret bəndlərin müzakirə edilmədiyini
bildirib.
Sarkisyan rusların planından imtina etdi - Qorxulu QARABAĞ AÇIQLAMASI
Ermənistan
2017-ci ilin 11 ayı ərzində Ermənistan ordusu 52
itki verib. İitkilərin 22-si atəşkəs rejimini pozan
zaman Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib.
Yerdə qalan 30 itki isə erməni hərbi birləşmələrinin daxilində
baş verən hadisələr zamanı - qeyri-qanuni münasibətlər, sağlamlıq
problemləri, bədbəxt hadisələr, əsgər yoldaşı tərəfindən vurulma,
intihar və s. hallarda qeydə alınıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, vəziyyət çox
həyəcanlıdır.
52 erməni hərbçisi ÖLDÜRÜLDÜ - Düşmənə sarsıdıcı zərbə və ÜZƏ ÇIXAN ŞOK FAKTLAR
2018-ci ilin yazını Ermənistan-Türkiyə protokolları
olmadan qarşılayacağıq. Bunu Ermənistan Xarici İşlər naziri Edvard
Nalbəndyan jurnalistlərə açıqlamasında söyləyib.
“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə
Ankara-İrəvan əlaqələrinin normallaşdırılması prosesi başladıldı.
Bu da 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması
ilə nəticələndi. İndiyə qədər bu sənədlər ratifikasiya edilməyib.
Belə ki, Türkiyə protokolların ruhuna zidd olan şərtlər irəli
sürüb. Bu sənədlər əbədi girov olaraq qala bilməz”, – deyə o
bildirib.
Qeyd edək ki, 2009-cu ildə imzalanan protokolların əsas
şərtlərindən biri Ermənistan-Türkiyə sərhədinin açılması idi.
Sonradan Türkiyə bu protokolların icrasından Ermənistanın
Qarabağdan ordularını çəkməməsi ucbatından imtina etmişdi.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə
ərazisində terror aktları həyata keçirməyi planlaşdıran şəbəkəni
ifşa edib. Bu haqda qurumun mətbuat mərkəzindən
bildirilib.
Həyata keçirilən axtarış və istintaq tədbirləri nəticəsində
aydın olub ki, ABŞ vətəndaşı, milliyyətcə erməni olan R.K. 2017-ci
ilin sentyabrında Feysbuk sosial şəbəkəsində “Martin Avagyan” adlı
səhifə açıb.
Amerika ermənisi Ermənistanı qan gölünə çevirmək istəyirdi - DETALLAR
Türkiyə, İran, Yaxın Şərq
Hazırda İmralı adasında həbsdə olan PKK terror
təşkilatının lideri Abdullah Öcalan Türkiyədə hərbi çevrilişə
cəhdin olacağını bir il əvvəldən bilirdi. Bunu Ədalət
və İnkişaf Partiyasının (AKP) Mardindən olan millət vəkili Orhan
Miroğlu qonağı olduğu bir teleproqramda deyib.
“Öcalan bunu 1 il əvvəl söyləmişdi” - AKP-li deputatdan ŞOK İDDİA - VİDEO
FETÖ-nun sui-qəsd qrupları sensasiyalı planlar
qurub. Bu barədə türkiyəli keçmiş hərbi prokuror
Əhməd Zəki Üçox danışıb. Keçmiş hərbi prokurorun sözlərinə görə,
FETÖ həmin sui-qəsd qruplarına Makedoniya və Kosovoda təlim
keçib.
“Siyasət adamlarına, əhəmiyyətli qeyri-hökumət təşkilatlarının
nümayəndələrinə, din adamlarına, idman rəhbərlərinə, sənətçilərə
qarşı hücumlar həyata keçiriləcək. Bildiyim qədəri ilə qarşıdakı
bir neçə ay ərzində bunlar baş tutacaq”, - ekspert deyib.
Qeyd edək ki, Əhməd Zəki Üçox bir qədər əvvəl də FETÖ-nun xarici
əks-kəşfiyyat idarələri nümayəndələrinin də iştirakı ilə Kosovada
yerləşən fermada sui-qəsdçilərə təlim keçdiyini bildirmişdi.
Rusiya dövlət başçısı Vladimir Putin dekabrın 12-də
Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla
görüşüb. Prezidentlər arasında danışıqlar iki saata
yaxın davam edib.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Putin
Türkiyə prezidenti ilə danışıqların işgüzar və konstruktiv şəraitdə
keçdiyini bildirib.
“Qeyd etmək istərdim ki, danışıqlar işgüzar və konstruktiv
şəraitdə baş tutdu. Biz ikitərəfli əməkdaşlıq, o cümlədən strateji
ticarət-iqtisadi və hərbi-texniki layihələrin həyata keçirilməsini
müzakirə etdik, beynəlxalq və regional gündəliyin aktual məsələləri
ilə bağlı fikir mübadiləsi apardıq” deyə V.Putin bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada
nizamlanma prosesini müzakirə etmək üçün rusiyalı həmkarı ilə
Soçidə görüşmək niyyətində olduğunu bildirib.
"Bölgədəki mühüm məsələləri müzakirə etdik. Bu gün Suriya ilə
bağlı məsələyə, son görüşümüzdə qəbul edilən qərarlara toxunduq və
Soçidə daha bir görüşün keçirilməsinə dair razılığa gəldik. Əsas
məsələlərdən biri Qüdslə bağlı vəziyyətdir. ABŞ müsəlmanları,
xristianları və hətta yəhudiləri də məyus edən qərar qəbul edib.
İsrail bunu Fələstinə təzyiq etmək imkanı kimi görür”, deyə Ərdoğan
qeyd edib.
O həmçinin bir həftə ərzində Rusiyadan “S-400” zenit-raket
komplekslərinin tədarükü ilə bağlı məsələnin həll olunacağını
vurğulayıb.
“YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan
PYD-nin silahlı gücü - red.) Suriya Xalqları Konqresində olmasına
İran da qarşıdır. Biz kürdləri təmsil edənlərin siyahısını Rusiyaya
vermişik”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin
başçısı Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirməyi planlaşdırdığı
Afrin əməliyyatına toxunan Çavuşoğlu bildirib ki, Afrinə girmək
üçün orada hansısa ölkənin hərbçilərinin olub-olmaması şərt
deyil.
“Əsəd bizim üçün təhdid deyil” - Ankara əsas təhlükəni AÇIQLADI
“Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini
düşünürük”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin
başçısı Mövlud Çavuşoğlu NTV telekanalının canlı efirində
deyib.
“Rejim və müxalifət qruplarının bir uzlaşma əldə etməsi
önəmlidir. Amma Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini
düşünürük. Eyni zamanda, Əsədin bir keçid hökumətində Suriyanı
seçkilərə hazırlaya bilməyəcəyini düşünürük”, - o bildirib.
Xatırdadaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın
22-də Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən
sonra Suriya lideri Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna
etmədiyini bildirib.
Çavuşoğlu: “Əsəd Suriyanı birləşdirə bilməyəcək”
Rusiya prezidenti Vladimir Putinin Rusiya Silahlı
qüvvələrinə Suriyadan çıxması ilə bağlı əmr verməsi Türkiyənin
Afrinə hücumunu tezləşdirə bilər. 2012-ci ildən bu
yana PYD-nin (PKK terror təşkilatının Suriya qanadı - red.)
nəzarətində olan Afrində hazırda 300-dən çox Rusiya hərbçisi
var.
Türkiyə KİV-inin yazdığına görə, prezident Rəcəb Tayyib
Ərdoğanın “bir gecə qəfil gələ bilərik” sözləri ilə xəbərdarlığını
etdiyi Afrin əməliyyatı hər an başlaya bilər.
Putindən “Mehmetcik” üçün YAŞIL İŞIQ: Hücum hər an BAŞLAYA BİLƏR
İstanbulda böyük qətliama səbəb olacaq terror
hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə
əməliyyatı ilə alınıb. Dünən Bahçelievlərdə keçirilən
əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ
keçirilib.
İlk araşdırmalardan sonra bombaların RDX, PENT və HMX tipli
olduğu müəyyən edilib. NATO arsenalında olan bombaların PKK
tərəfindən asanlıqla əldə edilməsi diqqət çəkir.
İstanbul havaya UÇURULACAQDI - NATO-dan XAİN ADDIM
Rəsmi Ankaranın kəskin narazılığından sonra ABŞ
Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə
müşaviri Herbert Makmaster qalmaqala səbəb olan çıxışı barədə
danışıb. Makmaster Türkiyə ilə güclü ittifaqa
inandığını bildirib.
Qeyd edək ki, Herbert Makmaster Türkiyənin radikal qruplara
dəstək verdiyini və ABŞ-ın dekabrın 18-də qəbul edəcəyi Milli
Təhlükəsizlik Strategiyasında bunun əks olunacağını qeyd etmişdi.
Türkiyə isə bu açıqlamaya sərt reaksiya göstərmişdi.
ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin
paytaxtı kimi tanımaq qərarı Yaxın Şərqdə vəziyyətin nizamlanmasına
kömək etmir. Bunu Rusiya prezidenti Vladimir Putin
Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında
deyib.
“Həm Rusiya, həm də Türkiyə hesab edirlər ki, ABŞ rəhbərliyinin
Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq və səfirliyini oraya
köçürmək qərarı Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək
etmir. Bu, əksinə, Yaxın Şərqdə onsuzda mürəkkəb vəziyyəti daha da
gərginləşdirə, Fələstin-İsrail sülh prosesinə xətt çəkə bilər”, -
deyə Putin vurğulayıb.
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq
Təşkilatının fövqəladə iclası keçirilib. Toplantının
sonunda yekun Bəyannamə qəbul edilib. Bəyannamədə Şərqi Qüds
Fələstinin paytaxtı elan edilib. Təşkilat dünya ölkələrini işğal
altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa
çağırıb.
İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan etdi (YENİLƏNDİ)
Avropa İttifaqı ölkələrinin siyasi liderləri ABŞ
Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı kursundakı son
dəyişikliklərlə razılaşmayıblar. Bu barədə Avropa
Şurasının sədri Donald Tusk danışıb.
Tusk Brüsseldə keçirilən sammitdə iştirak edən 28 ölkə adından
Avropa Birliyinin Qüds məsələsində mövqeyinin dəyişməz olaraq
qaldığını qeyd edib.
Fələstin BMT-nin tamhüquqlu üzvü olmaq üçün BMT-yə
müraciət etmək niyyətindədir. Bunu Fələstin lideri
Mahmud Abbas İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilinin (İƏT)
fövqəladə sammitinin nəticələrinə görə təşkil olunan mətbuat
konfransında bildirib.
“Suriya üzərində Rusiya təyyarələrinin vurula
biləcəyi barədə Pentaqonun nümayəndəsinin bəyanatı çox
təhlükəlidir. Bu “özünüz getməsəniz, vurub çıxardacağıq” şəklində
son xəbərdarlıqdır”.
Bunu ABŞ-ın Hərbi-Hava Qüvvələrinin mərkəzi komandanlığının
nümayəndəsi Demyen Pikartın bəyanatını şərh edən siyasi ekspert
Aleksandr Neykropnıy “Planet Today” portalında yazıb.
Aleksandr Neykropnıy hesab edir ki, ABŞ Suriyada Rusiya
qoşunlarına hücüm etməyə səylə hazırlaşır.
“Rusları öldürmək istəmirik, amma...” - ABŞ Rusiya ilə müharibənin ANONSUNU VERDİ
Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də
Suriyaya səfər edib. V. Putini Xmeymim aviabazasında
Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu
və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin
qarşılayıb.
Dekabrın 11-dəRusiya prezidenti Vladimir Putin
Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə
əmr verib. Suriyaya səfər edən V. Putin bu haqda
Xmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan
edib.
"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun
qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya
məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin
çıxışında bildirib.
Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü
vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını
qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".
Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri 2015-ci ilin
sentyabrın 30-dan Suriyada terrorçulara qarşı əməliyyatlarda
iştirak edir.
Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus
şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı
müqaviləni Dövlət Dumasına təqdim edib. Bu haqda
Kremlin mətbuat xidmətindən bildirilib.
Rusiya ilə Suriya arasında imzalanan 49 illik razılaşmada
hərbi-dəniz bazasının genişləndirilməsi nəzərdə tutulur
“Suriyanı tərk edəcək Rusiya hərbi qulluqçularının
bir hissəsi yəqin ki, Ukraynanın şərqində döyüş əməliyyatları
zonasında olacaq”. Bu haqda “İnformasiya müqaviməti”
qrupunun koordinatoru, Ukrayna Ali Radasının (“Xalq cəbhəsi”
fraksiyası) üzvü Dmitri Tımçuk deyib.
Rusiyanın Donbasla bağlı planı AÇIQLANDI
Rəsmi Vaşinqton Suriya Prezidenti Bəşər Əsədi
2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində
deyil. "The New Yorker" jurnalının avropalı və
amerikalı rəsmilər arasında olan mənbələrinin ötürdüyü məlumata
əsasən, Donald Tramp administrasiyası Suriyada 2021-ci ildə
keçiriləcək növbəti prezident seçkilərinə qədər Prezident Bəşşar
Əsədin hakimiyyətini qəbul etməyə hazırdır.
"Bu qərar hər dəfə Əsədin istefasının sülh yolu ilə
nizamlanmanın əsas elementlərindən biri olmasının zəruriliyini
vurğulayan ABŞ-ın geriyə addım atmasıdır", - nəşr vurğulayıb.
Məqalədə bildirilir ki, Moskvanın Bəşər Əsədi hava dəstəyi ilə
təmin etməsi dönüş nöqtəsi olub və Suriya prezidentinin
hakimiyyətini qorumasına imkan verib.
Jurnalın mənbələrinin məlumatına görə, ABŞ rəsmiləri həmçinin
B.Əsədin 2021-ci ildə Suriyada keçiriləcək seçkiləri də bu və ya
digər yolla qazanacağından və hakimiyyətdə qalacağından
narahatdır.
ABŞ qoşunlarını Suriyadan çıxarmağı
planlaşdırmır. Bunu Ağ Evin sözçüsü Sara Sanders
bəyan edib. Onun sözlərinə görə, Vaşinqton İraq və Suriyada
terrorçularla mübarizəni davam etdirmək niyyətindədir.
“Rusiya güclərinin Suriyadan çıxarılması ABŞ-ın bu
ölkə ilə bağlı prioritetlərinə təsir etməyəcək”. Bunu
Rusiya prezidenti Vladimir Putinin bugünkü əmrini şərh edən ABŞ
Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərq üzrə nümayəndəsi Erik
Pahon deyib.
“Rusiya qoşunlarının Suriyadan çıxarılması haqqında xəbərlər
kontingentin real ixtisarını nəzərdə tutmurlar. Bu, ABŞ-ın Suriya
ilə bağlı prioritetlərinə təsir etməyəcək”, - Pahon bildirib.
O, əlavə edib ki, qlobal koalisiya Suriyada işləməyə davam
edəcək.
Livanın “Hizbullah” şiə təşkilatı bütün
müttəfiqlərini İsrailə qarşı birləşməyə çağırıb.
“Hizbullah” lideri Həsən Nəsrullah ilk hədəflərinin Qüds və
Fələstin olduğunu bildirib.
Həsən Nəsrullahın sözlərinə görə, Qüds addımı İsrailin sonunun
başlanğıcı olacaq.
Xatırladaq ki, İsrail 11 il əvvəl Livana hücum edəndə
“Hizbullah”ın güclü müqaviməti ilə qarşılaşıb və bir müddət sonra
geri çəkilməyə məcbur olub. “Hizbullah” son olaraq Suriyadakı
vətəndaş müharibəsində İranla birlikdə rejim qüvvələrini
dəstəkləyib.
“Hizbullah”ın 2006-cı ildə 33 min raketinin olduğu təxmin
edilirdi. Döyüş təcrübəsini xeyli artıran təşkilatın əlində hazırda
təxminən 150 min raketin olduğu bildirilir.
İsrail Baş naziri Benyamin Netanyahu Brüsselə
səfərini yarımçıq kəsərək, geri dönüb. Bu barədə
informasiyanı “Anadolu” agentliyi yayıb. Avropa Komissiyasının
rəhbəri Jan Klod Yunker və Avropa Birliyinin xarici işlər nazirləri
ilə görüş üçün Brüsselə gedən Netanyahu burada heç bir dəstək ala
bilməyəcəyini dəqiqləşdirdikdən sonra Yunkerlə görüşünü ləğv
edərək, ölkəsinə qayıdıb.
Netanyahu Brüsseldə yalnız Avropa Komissiyasının Təhlükəsizlik
və Xarici Siyasət üzrə komissarı Federika Moqerini ilə görüşüb.
Görüşdən sonra Moqerini AB-nin ABŞ kimi addım atmayacağını
söyləyib. Netanyahunun kəskin qərar qəbul etməsinə də məhz bu
məsələ səbəb olub.
Qeyd edək ki, Netanyahu AB-yə 22 ildən sonra ilk dəfə rəsmi
səfər edib.
İran Livanda müasir raket mərkəzi
qurur. Bu haqda Səudiyyə Ərəbistanın xəbər portalı
“Elaph”a müsahibəsində İsrailin Kəşfiyyat naziri Yisrael Katz
bildirib.
“İran Livanda müasir raket mərkəzi inşa edir. Bu, bizim “qırmızı
xətt”imizdir. Nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyik.
Hərbi müdaxilə ilə buna mane olacağıq, eynilə Suriyada olduğu kimi.
Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəf
alınacaq”, - o bildirib.
“Ölkəni daş dövrünə qaytaracağıq!” – İsraildən MÜHARİBƏ ELANI
ABŞ-ın vitse-prezidenti Maykl Pensin İsrailə
planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə
salınıb. İsrail mediasının yazdığına görə, səfərin
ABŞ Konqresində vergi islahatı ilə bağlı müzakirələrlə əlaqədar
təxirə salındığı bildirilir.
Daha əvvəl isə Fələstin lideri Mahmud Abbas Maykl Penslə
görüşməyəcəyini açıqlayıb.
ABŞ İrana qarşı koalisiya yaratmaq
niyyətindədir. Bu barədə ABŞ-ın BMT-dəki daimi
nümayəndəsi Nikki Heyli danışıb.
“Görəcəksiniz, İrana və etdiklərinə qarşı mübarizə üçün
koalisiya yaradılacaq”, - Heyli deyib.
Heyli həmçinin İranın raket istehsalı barədə BMT qətnamələrinin
tələblərini pozduğunu bildirib.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Dekabrın 11-də Rusiya Federal Təhlükəsizlik Xidməti
(FTX) Moskva regionunda genişmiqyaslı terror aktları həyata
keçirməyi planlaşdıran kamikadzelər qrupunu
zərərsizləşdirib. Bu haqda Milli terrorçuluğa qarşı
komitənin sədri Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, terror aktlarının Yeni il və prezident
seçkiləri (2018-ci ilin martında – red.) ərəfəsində həyata
keçirilməsi planlaşdırılırdı. Bortnikov qeyd edib ki, qrupun
tərkibinə Mərkəzi Asiyadan gəlmələr daxil idi.
Terrorçulardan əldəqayırma partlayıcı qurğular, həmçinin odlu
silah-sursatlar götürülüb. FTX həmçinin terror aktlarında istifadə
ediləcək vasitələrinin istehsalı üzrə laboratoriyanı məhv edib.
“Biz Krım məsələsinə qayıdacağıq. Prezident Vladimir
Putin aydın şəkildə bildirib ki, Krım məsələsi danışıqlarda
müzakirə olmayacaq. Hansısa məqamda olacaq”. Bu
barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik
Şuranın iclasında çıxış edərkən bildirib.
Dövlət katibinin sözlərinə görə, hazırda əsas məsələ Ukraynanın
şərqində zorakılığı dayandırmaqdır. Tillerson qeyd edib ki, ABŞ
Rusiyanın Ukraynaya müdaxiləsini qəbul etməyəcək.
“Sanksiyaların ləğvi üçün Moskva Ukraynaya müdaxiləyə son
qoymalı və onun ərazi bütövlüyü bərpa etməlidir”, - ABŞ xarici
siyasət idarəsinin başçısı vurğulayıb.
Dekabrın 14-də Rusiya prezidenti Vladimir Putinin
ənənəvi illik mətbuat konfransı keçirilib.
Putindən SƏRT BƏYANAT: “Bu, Ukrayna xalqının üzünə tüpürməkdir”- CANLI YAYIM - YENİLƏNDİ
Rusiyanın taktik nüvə silahının arsenalını
müasirləşdirməsi və genişləndirməsi ölkənin nüvə müharibəsinə
hazırlaşdığını göstərir. Bu haqda “The Washington
Free Beacon” nəşrinə ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) anonim
mənbələr bildiriblər.
Rusiya kosmosda nüvə müharibəsinə hazırlaşır - Pentaqon Moskvanın PLANINI AÇDI
Dekabrın 14-də Rusiya və ABŞ prezidentləri
Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş
tutub. Kremlin mətbuat xidmətindən bildirilir ki,
söhbət zamanı iki ölkə lideri Koreya yarımadasındakı nüvə
probleminin həlli də daxil olmaqla böhran nöqtələrindəki vəziyyəti
müzakirə edib.
Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Danışıqlar zamanı həmçinin ikitərəfli münasibətlərin aktual
məsələlərinə toxunulub.
Avropa İttifaqına üzv ölkələrin liderləri dekabrın
14-də Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına
dair qərar qəbul ediblər. Sanksiyaların müddəti
2018-ci yanvarın sonunadək idi.
“Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını
dəstəkləyir”, - deyə D.Tusk “Tvitter” hesabında qeyd edib.
Qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək.
Koreya böhranı
"ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa
hazırdır". Bu barədə ABŞ-ın dövlət katibi Reks
Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən
bəyan edib.
"KXDR səlahiyyətlilərinin danışıqlar masası arxasına oturması
zəruridir və biz istədikləri vaxt onlarla danışmağa hazırıq" deyə o
bildirib.
Tillerson həmçinin vurğulayıb ki, hər yeni raket sınağı ilə,
KXDR dünya birliyindən daha da təcrid olunacaq.
Tillerson əlavə edib ki, ABŞ Şimali Koreya ilə
münaqişənin hərbi yolla həllinə də hazırdır.
“Prezident Tramp açıq-aydın bildirib ki, hərbi yolla həll
variantı mövcuddur. Ordumuz da buna hazırdır”, deyə R.Tillerson
qeyd edib.
ABŞ dövlət katibinin sözlərinə görə, ABŞ və Çin
Koreya Xalq Demokratik Respublikasının nüvə silahının
təhlükəsizliyinin təminatını müzakirə edir. “Bizim
üçün ən mühüm məsələ Şimali Koreyanın artıq hazırladığı nüvə
silahının təhlükəsizliyini təmin etməkdir. Şimali Koreyada hər
hansı qeyri-sabitlik olacağı halda, nüvə silahı başqalarının əlinə
keçməməlidir. Çin və ABŞ hazırda bu məsələni müzakirə edir”, -
Tillerson deyib.
Şimali Koreya dünyanın ən böyük nüvə gücünə sahib
olacaq. Bu barədə Şimali Koreya lideri Kim Çen İn
danışıb.
Kim Çen Şimali Koreyanın 21-ci əsrdə ultramodern müdafiə
sənayesi qurmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl rəsmi Pxenyan nüvə başlıqları
daşımaq imkanlarına sahib “Hvasonq-15” raketlərini sınaqdan
keçirmişdi.
Koreya Xalq Demokratik Respublikasının (KXDR)
ətrafında vəziyyət üzrə hərbi ssenarini təhrik etmək cəhdləri
faciəyə gətirib çıxaracaq. Bu haqda Rusiya Xarici
İşlər Nazirliyinin başçısı Sergey Lavrov Federasiya Şurasında
“hökumət saatı”nda çıxışı zamanı bildirib.
“Koreya yarımadası ətrafında vəziyyət narahatlıq doğurur.
Gərginliyin tədricən azaldılmasına və danışıqlara alternativ mövcud
deyil. Hərbi ssenarini təhrik etmək cəhdləri faciəyə gətirib
çıxaracaq”, - o deyib.
Lavrovun sözlərinə görə, Rusiya Çin ilə birgə mövcud problemin
həllinə imkan verən “yol xəritəsi”ni hazırlayıb.
ABŞ-ın Cənubi Karolina ştatından respublikaçı
senator Lindsi Qrem prezident Donald Tramp administrasiyasının
Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində sonrakı
hərəkətləri haqqında öz proqnozunu verib. Bu haqda
“The Atlantic” nəşri bildirib.
Onun fikrincə, Birləşmiş Ştatlar və Şimali Koreya arasında
birbaşa hərbi toqquşma ehtimalı hazırda 70 faiz təşkil edir.
“Birinci biz vuracağıq!” – ABŞ müharibə SSENARİSİNİ AÇIQLADI
Ukrayna
“Ukrayna ABŞ-dan “Cavelin” tank əleyhinə raket
komplekslərini alarsa, Ukrayna Silahlı qüvvələri Donbasda müdafiə
xəttini möhkəmləndirə bilər”. Belə bəyanatla ABŞ-ın
müdafiə nazirinin köməkçisinin sabiq müavini Maykl Karpenter çıxış
edib.
Onun sözlərinə görə, əks təqdirdə Rusiya bütün Ukraynanı tuta
bilər.
“ABŞ Ukraynaya “Cavelin” tank əleyhinə raket komplekslərini
verərsə, vəziyyət başqa cür görünəcək. Rusiya müdafiə xəttini keçə
bilməyəcək. Biz Ukrayna əsgərlərinə öz torpaqlarını müdafiə etməyə
kömək etməliyik. Biz bunu etməsək, Rusiya sadəcə bütün Ukraynanı
tutacaq. O heç bir məhdudiyyət və sərhəd tanımayacaq”, - Karpenter
bildirib.
O əmindir ki, “Cavelin”i Ukraynaya verməklə Birləşmiş Ştatlar
düzgün qərar qəbul etmiş olacaq.
Dekabrın 11-də Gürcüstanın keçmiş prezidenti,
Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili
Kiyevin Peçerski rayon məhkəməsinə çıxarılıb.
Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik
Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. Keçmiş prezident
cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların
cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı
tərəfindən maliyyələşmədə şübhəli bilinirdi.
Məhkəmə Saakaşvilini azad edib.
Beləliklə, hakim prokurorların onun barəsində gecə-gündüz ev
dustaqlığı şəklində qətimkan tədbirin seçilməsinə dair xahişini
rədd edib.
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin
keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidentliyinə
namizədliyini irəli sürməyəcəyini, lakin hökumətə rəhbərlik etməyə
hazır olduğunu bildirib.
"Mən normal Ukrayna hökumətində birmənalı olaraq məsuliyyəti
üzərimə götürməyə hazıram. Mən heç vaxt və əsla Ukrayna
prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm, mənə elə gəlir
ki, bu postda ukraynalılar olmalıdırlar", - deyə o əlavə edib.
Siyasətçi Ukraynada 13 ildən çox yaşadığını bildirib.
"Lakin stajlı ukraynalılar prezident olmalıdırlar, hökumətdə isə
Ukraynanın tələblərindən asılı olaraq müxtəlif insanlar işləyə
bilərlər", – deyə Saakaşvili əlavə edib.
O, Ukrayna prezidenti Pyotr Poroşenkodan yerli hökumətə
rəhbərlik etmək təklifi aldığını, lakin o zaman bundan imtina
etdiyini bildirib.
Mixail Saakaşvili Ukraynanın "Kanal 24”
televiziyasının efirində çıxışı zamanı isə Odessa şəhərinin meri
olmaq istədiyini bildirib. Saakaşvili deyib ki,
fikrində ciddidir və qətiyyən zarafat etmir. O, Ukraynanı 70 günə
əvvəlkindən də yaxşı vəziyyətə gətirəcəyinə söz verib.
Saakaşvili son qərarını açıqladı: "Qətiyyən zarafat etmirəm" - VİDEO
Ukrayna hökuməti məndən bütün vasitələrlə yaxasını
qurtarmaq istəyir. Bunu “Nyusvan” televiziyasına
müsahibəsində Mixail Saakaşvili söyləyib.
“Dünən baş prokuror dedi ki, biz onu həbs edə bilərik, amma o
özü istəsə, ölkədən gedə bilər. Əgər o getməsə, biz onu Gürcüstana
ekstradisiya edəcəyik. Siz haradasa belə hüquqi presedent
görmüsünüzmü? Bununla onlar mənə demək istəyirlər ki, əgər böyük
bəlaya düşmək istəmirsənsə, biz sənə Niderland və hətta Maldivlərə
də bilet alacağıq, amma 2019-a qədər bizi rahat burax”, – deyə o
bildirib.
Ukraynanın energetika şirkətlərinə yeni
kiberhücumlar hazırlanır. Bu haqda “Dragos”
şirkətinin rəhbəri Robert Liyə istinadən ABŞ-ın “The Atlantic”
nəşri yazıb.
Daha əvvəlki iki kibethücumla bağlı tədqiqat aparan şirkət
rəhbərinin sözlərinə görə, son həftələrdə yüksək fəallıq müşahidə
olunur.
“Bizim qiymətləndirmələrimizə görə, kiberhücumun bu ay həyata
keçirilməsi tamamilə məntiqli olardı”, o xəbərdarlıq edib.
Ukraynaya yeni genişmiqyaslı hücum hazırlanır - ABŞ şirkətindən XƏBƏRDARLIQ
“2014-cü ildə ölkənin sabiq prezidenti Viktor
Yanukoviç ölkəyə qayıdacağı halda, öz vəzifələrini icra
edərdi”. Bunu Ukraynanın keçmiş baş naziri Arseniy
Yasenyuk ölkənin sabiq prezidenti Viktor Yanukoviçlə bağlı
keçirilən məhkəmədə deyib.
O bildirib ki, ölkə konstitusiyasında “prezidentin itdiyi” halda
parlamentin hərəkətlərinin proseduru nəzərdə tutulmayıb.
“Yanukoviç ölkəyə qayıdacağı halda...” – SENSASİYALI BƏYANAT
Rusiya istənilən vaxt Kremldən verilən əmrlə
dövlətimizə qarşı genişmiqyaslı döyüş əməliyyatlarına başlaya
bilər. Bunu Ukrayna-NATO Komissiyasının iclasında
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr
Turçinov bildirib.
Kremldən əmr gözləyirlər - Müharibə istənilən vaxt BAŞLAYA BİLƏR
Krım Rusiyanın dağılmasından sonra Ukraynaya
qayıdacaq. Bunu Ukraynanın işğal edilmiş ərazilərin
məsələləri üzrə nazir müavini Georgi Tuk deyib.
“Rusiyanın vahid dövlət kimi məhv edilməsi Krımın Ukraynaya
qayıdışının şərtidir”, - nazir müavini bildirib.
O əlavə edib ki, Donbasda müharibənin başa çatacağı tarixi dəqiq
söyləmək mümkün deyil.