Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən, “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib.
Metbuat.az-ın məlumatına görə, elmi konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutudur. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, dünyanın, o cümlədən Müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.
Konfransda çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb: “Biz bütün Şərq üçün nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan 5 il sonra, yəni 1923-cü ildə yaradılıb”. Çıxış edən tarixçi-alimlər bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir.