Bu il dekabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Quba “ASAN həyat” kompleksinin açılışı olub.
Kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Qubanın Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” Kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib.
“ASAN-xidmət”in təşkilatçılığı ilə bir qrup jurnalist kompleksin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Quba rayonuna səfər edib. AzVision.az-ın əməkdaşı da mediaturda iştirak edib.
“ASAN-xidmət”in informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Quba “ASAN xidmət” mərkəzi 25 dekabr 2017-ci il tarixindən etibarən vətəndaşların istifadəsinə verilib.
Şöbə müdiri qeyd edib ki, Quba “ASAN xidmət” mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonlarlı üzrə ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək.
Mediatur çərçivəsində jurnalistlər kompleksdə yaradılan şəraitlə tanış olublar. Quba “ASAN Həyat” konsepsiyası Quba “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərini istifadəyə verib. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə bilərlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
“ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalarından ibarətdir. Bunlar “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, “ABAD” Məktəbi, Kinoteatr (2 zal, böyük 122 nəfərlik, kiçik 72 nəfərlik), Quba regional ASAN Təlim Mərkəzi, kafe və bank (ödənişlər üçün mərkəz). “ASAN Həyat” kompleksi üçün ayrılan ərazidə park, fontan və oturacaqlar, 91 yerlik avtomobil duracağı və digər rayonlardan gələcək vətəndaşlar üçün 2 avtobus dayanacağı yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün park və uşaq meydançası salınıb.
Quba regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi) tərəfindən 32 növ xidmət göstərilir.