Demokratiyanın dəfni başlanır

Demokratiyanın dəfni başlanır
11:05 10 Yanvar 2015
1384 Digər
Ölkə mətbuatı
A- A+

Facebook-da xəbər lentinə baxıram. Matəm nişanələri, qəzəbli statuslar, ateisvari qəzəblər, çiçəklər, şamlar, kainat qəmi, vətəndaş etirazları, orta əsrlərə layiq vəhşilikdən hiddət, fransızların vəhdətinə paxıllıq, qələmlər, avtomat kimi yığılmış və "qələm də silahdır" mesajını verən perfomanslar, "No pasaran!" refreni ilə titrəyən yumruqlar, Fransa səfirliyinə gedib binanın önünə qələm qoymaq, fransızların qəmini paylaşmaq çağırışları...


 
Və sair və ilaxır.
 
Sanki, absurd teatrdır. Yox, daşqəlbli deyiləm və tam əksinə, "Charlie Hebdo"da dərc olunmuş, İsa Məsihi aşağılayan, xristianları təhqir edən karikaturaları xatırlayıram.


 
Son bir həftədə "Boko Haram"ın terrorçuları Nigeriyanın şimalında, Borno ştatında 16 şəhər və kəndi yandırıblar. 2 min insan öldürülüb, 10 min insan qonşu Çada qaçıb.
 
İraqda, Suriyada, Liviyada öldürülən yüz minlərlə müsəlman…
 
Hər gün müsəlmanların öldürüldüyü, uşaqarın qaçırıldığı Nigeriyanın hansı ölkədəki səfirliyinin qarşısında çiçəklər gördünüz? Suriyanın diplomatik nümayəndəliklərinin qarşısında piketlər oldumu? İraq səfirliyinin qarşısında "Rədd olsun İŞİD!" çağırışlı aksiyalar, gecə "duruşma"ları keçirildimi?
 
Bəşər Əsədi nəyin bahasına olursa-olsun devirməyə çalışan Qərbin istəyinə görə suriyalı uşaqların çay kimi axan qanları bəlkə rənginə görə Parisdə öldürülən karikaturaçıların qanlarından fərqlidir? Amerikalıların bombardmanları nəticəsində həlak olanlara görə harada, kimlər nümayişlər keçirdi?
 
Seçkili ədalət, müəyyənləşdirilmiş hiddət, konkretləşən vətəndaş etirazı, fərqli həmrəylik saxtakarlıqdır, ikrah doğurur. İkili standartlar eybəcərdir, naqisdir.
 
…Fransada qaradərilini təhqir etmək irqçilik, yəhudini aşağılamaq antisemitizm sayılır. Qondarma, tarixdə əsla olmamış "erməni soyqırımı"nın yalan olduğunu söyləyəni cərimə gözləyir. Amma elə həmin Fransada kimsə 1,5 milyard müsəlmanı təhqir edən karikatura çəkirsə, Hz.Məhəmmədi aşağılayıb İslamı hədyanlara tuş edirsə - söz azadlığı sayılır.


 
Ən azı paradoksal məntiq, qəribə vəziyyətdir.
 
Sözsüz, ömrü boyu bir kitab oxuyan, bu kitabın bütün başqa kitablardan üstün olduğuna əsla şübhə etməyən adam təhlükəlidir.
 
İndisə keçək mətləbə.
 
Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" jurnalının redaksiyasına soxulan üç şəxs orada olanları AK-47 avtomatlarından atəşə tutmuşdular. Gülləbaranda 12 nəfər ölmüş, 20-dən çox şəxs yaralanmışdı. Yaralıların 4-nün vəziyyəti kritikdir. Ölənlərin ikisi polis, 4-ü isə jurnalın rəssamıdır.
 
"Charlie Hebdo" həftəlik jurnalının redaksiyasının atəşə tutulması ilə əlaqədar Fransanın paytaxt regionunda terror təhlükəsi səviyyəsi ən son həddə çatdırılıb.
 
2012-ci ildə “Charlie Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi.
 
İlkin versiyalara görə, "Charlie Hebdo"nun gülləbaran edilməsinin əsas səbəblərindən biri də jurnalın İŞİD lideri Əbubəkr əl Bağdadinin karikaturasını dərc etməsi olub.
 
Jurnala hücum etməkdə şübhəli bilinən, əslən əlcəzairli Səid və Şərif Kuaişi qardaşları paytaxt Parisdən şimal-şərqdəki Dammarten an Qoel şəhərciyində qətlə yetiriliblər.


 
Qərbin xüsusi xidmət orqanlarının gizli əməliyyatlarından bəhs edən romanların süjetlərində olduğu kimi, terror və ya qanlı cinayətdə suçlananlar məhv olunublar.
Yəni "Enemy of state" zərərsizləşdirilib. Amma tarix göstərir ki, belə halların tam əksəriyyətində "dövlətə və vətəndaşlara təhlükə olan adam zərərsizləşdirilib" sözlərini "ssenaridə ona ayrılmış rolunu icra edəndən sonra vaxtı bitən birbaşa icraçılar, marionetkalar məhv edildilər: bütün izləri itirmək üçün" oxumaq gərəkdir.
 
Bu məsələ ayrı mövzuluq olduğundan, hələlik bəlli məqamlara toxunmayaq.
 
Parisdə "Charlie Hebdo" jurnalının gülləbaranı, bu aşkar və qanlı terakt ilə bağlı fikirlər ikiyə bölünüb. Bir tərəfdə "İslamı, dini hissləri və inancları təhqir etmək olmaz - nəticə belə alınır!" iddiaları, digər tərəfdə "Bu müsəlmanlar vəhşiləşiblər, "Charlie Hebdo"nun rəssamlarına və jurnalistlərinə isə afərin!" deyənlər və yazanlar durublar.
 
Əslində, "Charlie Hebdo"nun əməkdaşlarının gülləbaran edilməsi İslamın, Hz.Məhəmmədin aşağılanması, karikaturlar və s. ilə bağlı deyil. Jurnalistlər adi, vəhşi fanatizmin qurbanı oldular.
 
Bəşəriyyət tarixi boyu insanların əqli, şüuru, mədəniyyəti həmişə barbarlıqla, vəhşiliklə sınağa çəkilib. Barbarlıq fanatizmlə qarışanda isə vəhşət alınır.
 
Dindarların hisslərinin təhqiq olunması çox qeyri-müəyyən məsələdir. Məsələn, mən sağlam məntiq tərəfdarıyam. Və bu səbəbdən də məni Şimali Koreya, Myanma, Svazilend kimi diktatura rejimlərinin varlığı qıcıqlandırır. Belə diktaturaların varlığı sağlam məntiqin təhqiridir. Amma mən həmin ölkələrin vətəndaşlarının qətlə yetirilməsinə qarşıyam.
 
Çünki fanatik deyiləm.


 
"Charlie Hebdo" satirik jurnalında dərc olunmuş karikaturalar, gerçəkdən də, təxribatdı. Amma yox, "təxribat" kəlməsi durumu tam əks etdirmədiyindən "provokasiya" sözünə üstünlük verirəm. Buna rəğmən, jurnalın əməkdaşları Fransa qanunlarını pozmamışdılar. Söz yox, belə əmələ görə jurnalistlərin dərhal edam olunacağı ölkələr də var.
 
"Charlie Hebdo" Fransa Respublikasında dərc olunurdu. Karikaturalardan qıcıqlanan insanlar etirazlarını dinc yollarla, yəni mitinq, nümayişlər, yürüşlər, qanunvreici təşəbbüslər və s. vasitəsilə ölk rəhbərliyinin diqqətinə çatdıra bilərdilər.
 
Fərq budur.
 
Məsələn, təsəvvür edin ki, metroda sərxoş bir adam eynəkli gənclə üzbəüz əyləşib. Qəflətən sərxoş eynəkliyə deyir: "Nə baxırsan?! Nə gözlərini zilləyibsən, hə?" Deyir və eynəklinin sifətinə yumruq endirir.


 
Eynəkli adam qanunu pozmayıb. Sərxoşa bəraət qazandırmağa çalışaqmı? Axı o, qıcıqlanıb, baxışlar onu aşağılayıb.
 
Fanatiklərin məntiqinə görə, silahı olan haqlıdır, silahı olmayanın isə hüquqları və haqları da yoxdur.
 
Bu, artıq orta əsrlər yox, insan inkişafının ən ilkin dövrləridir.
 
"İraq və Şam İslam Dövləti"nə, yəni İŞİD-ə savadsız gənclərin qoşulmalarının sirri də budur. Çünki normal cəmiyyətlərdə cinayət, əxlaqlı toplumlarda tərbiyəsizlik və vəhşilik sayılan əməllərin çoxunu İŞİD "qanuniləşdirir". İŞİD-dəki vəhhabi kiməsə təcavüz etmək istəyir? Buyursun, döyüşdə əlinə keçən qadını zorlasın - axı bu qadın "kəniz" sayılır. Kəniz onu bezdirdi?! "Qardaş"ı, "əxi" mücahidə sata və ya bağışlaya bilər. Yəni İslam adı ilə pərdələnən bu fanatizmin primitiv şəkildə savadsız insanlara çatdırılması sayəsində quldarlıq leqallaşır, təcavüz və zorlama isə adi hal sayılır.
 
İslam heç bir halda nə İŞİD, nə "Taliban", nə də "Boko Haram" deyil.


 
Necə ki, sosializm ideyasının eybəcərləşdirilməsi sabiq Sovetlər Birliyində kommunist diktaturasına, Kambocada "qırmızı kxmer"lərin vəhşiliklərinə, Uqandada İdi Əminin hannibalizminə səbəb olmuşdu.
 
İdeyaları insanlar ideologiyaya çevirəndə dindən də siyasi və iqtisadi maraqları üçün yararlanmağa başlayırlar.
 
Ən çirkin cinayəti fərqli səbəblərlə pərdələmək olar ki, belə vəsilələr arasında din ən "rahat" nəsnə sayılır.


 
Təsəvvür edin ki, küçədə sülənən bir xuliqan "Bu gündən millətçiyəm və yalnız öz millətimdən olmaynaları qarət edəcəyəm!" deyir. Amma onun yaşadığı yerin küçələrində qarət ediləsi "kafirlər, yadlar" çox olmadığından, bu xuliqan soydaşlarını da soymağa başlayır. Fəqət, bu zaman həmin soydaşlar "normal olmayan adamlar, qeyri millətlərə rəğbət bəsləyənlər, düşmən dəyirmanına su tökənlər" adlandırılır.
 
Çirkin əməllərini "İslam" kəlməsi ilə pərdələməyə çalışan cinayətkarlar yığnağı olan İŞİD, "Əl Qaidə", "Cəbhət əl Nüsrə", "Taliban" və ilaxır da eynən belədir. Onların hədəfləri "kafir"lərlə bahəm, bu murdarların terrorunu dəstəkləməyən "qeyri-mömin, yolunu azmış müsəlmanlar"dır.
 
Şəkk və ya şübhənin qəbuledilməzliyini, başqasının mövqeyinə və fərqli fikrə dözülməz yanaşmanı da əlavə etsək, mənhus ideya uğrunda qanlar töküb başlar kəsməyi "müstəhəb" sayan fanatizm alınır.


 
Parisdə jurnalistləri gülləbaran edənlərdən biri "Təhqir etdiyiniz Allahın qisasını aldıq!" bağırıbmış.
 
Halbuki, Allahı təhqir etmək olmaz. Gərçi Allah təhqir olunsaydı, onu aşağılamağa çalışanın cəzasını özü verərdi. Yox əgər hansısa bəndə "Allahın qisasını aldım!" deyirsə, onda kafirin ən böyüyü elə odur: çünki Allahın adından danışıb, onun adından hərəkət edir.
Fanatizm buna görə sağlam məntiqi rədd edir.
 
Sağlam məntiq deyir ki, normal, sivil insan qəbul etmədiyi, barışmadığı əməli və ya nənsəni görərsə, ondan ya uzaq durmalı, ya da bu durumu normallaşdırmağa çalışmalıdır.
Yəni biri əlində bıçaq kimisə qarət edirsə və ya kiminsə evinə od vurmağa çalışırsa, kimisə vurursa, bu hadisənin yanından heç nə olmamış kimi keçib getmək olmaz. Ən azı polisə zəng vurmaq, ya da aşağılanana, qarət olunana, ölüm təhlükəsi ilə qarşılaşana, evi yandırılacaq adama kömək etmək olar.
 
Fanatik isə bunu etmir. O, quldura haqq qazandırır, qurbanı isə hədəf sayır.


 
İŞİD, "Əl Qaidə" və başqa terror təşkilatları qanunları heç sayırlar.
 
Parisdə satrik jurnalın redaksiyasının gülləbaran olunması da terrorçuların Avropa dəyərlərinə, qanunlara tüpürmək belə, istəmədiklərini göstərmək cəhdidir.
 
Onlar deyirlər: "Aramızda Fransa vətəndaşları var. Bəli, onlar Fransada yaşayırlar, amma Fransa qanunları ilə ömür sürmək istəmirlər. Əgər kimsə bizə tərs baxarsa, onu qanına qəltan edərik". Belələri Fransa vətəndaşı olaraq Fransa qanunlarını rədd edirlər.
 
Belədə "Charlie Hebdo"nun rəssamları və jurnalistlərini öldürmək eynən metrodakı o eynəkli gənci vurmaq kimidir.
 
İslamçı fanatiklərin hədəfləri jurnalistlər və ya adi vətəndaşlar yox, müsəlmanların radikallaşmasıdır.
 
Bunun üçünsə Avropada müsəlmanlara qarşı nifrət, isteriya, islamofobiya formalaşdırmaq gərəkdir.
 
Nifrət necə formalaşır? Çox asan: avropalıları inandırmaq lazımdır ki, bütün müsəlmanlar terrorçulardır.


 
Təbii, absurd və yalandır.
 
Radikal islamçılıq, vəhhabilik, sələfilik və fanatizm İslam deyil. Necə ki, boynundan fotoaparat asılan hər adan fotoqraf, əlində neştər tutan hər kəs də cərrah sayıla bilməz.
Gərçi boynundan kiçik Quran asılan və ya masasının üstündə təsbeh olan hər kəs mömin müsəlman sayılsaydı, onda evində Cinayət Məcəlləsi kitabı olan hər adam ən azı müstəntiq bilinməliydi.


 
Radikal islamçılar sakitləşən deyillər. Fransada məscidlərə hücumlar artıb, Almaniyada anti-İslam yürüşləri keçirilir, Benilüks ölkələrində müsəlman mücahirlərin deportasiyasını tələb edənlərin sayı çoxalır.
 
Müsəlmanlar artıq seçim etməlidir. Beyinləri irinləmiş cihadçılar, xilafətçilərlə ən sərt mübarizə dönəmi çatıb.
 
Parisdəki olay isə dünyada yeni geosiyasi dönəmin başlanmasından xəbər verir.
 
Lütfən, "Charlie Hebdo"nun gülləbaran edilməsinin sırf fanatiklərin əməli olduğunu mənə deməyin. Yaxın Şərqdəki "demokratikləşdirmə" prosesində Fransanın indiyədək sərt, aqressiv, "vuraq, sonra ayrıd edərik" prinsipi ilə endirilən hücum taktikasına yönəlmiş siyasətə qatılmadığını, habelə Fransanın Avropada ən böyük müsəlman əhaliyə malik olduğunu xatırlasaq, təsadüflərə yer yoxdur.


 
Fransada indiyədək müsəlmanlarla dinc yaşam, tolerantlıq, demokratik tərəfdaşlıq prinsiplərini müdafiə edənlərə ağır zərbə endirilib.
 
Fransa Prezidenti Fransua Olland və ölkə siyasətçiləri seçim qarşısında qoyulub, "İndi sözünüz nədir?!" ultimatumu səslənib.
 
Nifrət toxumları səpilir və hədəfdə müsəlmanlar yox, İslama sayğı bəsləyənlər və habelə, müsəlmanları Yaxın Şərqdə "demokratikləşdirmək" üçün bombardman etmək istəməyənlərdir.
 
Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR