Gömrükçülər ötən il 2 mln. 577 min manatdan çox qaçaqmalçılıq əşyaları tutub

Gömrükçülər ötən il 2 mln. 577 min manatdan çox qaçaqmalçılıq əşyaları tutub
11:34 10 Yanvar 2015
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın gömrük orqanları tərəfindən 2014-cü ildə həyata keçirilmiş kompleks tədbirlər, əməliyyat-axtarış fəaliyyəti və gömrük nəzarəti nəticəsində 10811 hüquqpozma faktı aşkar edilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu faktlardan 424-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 mln. 577 min 813 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 473 nəfərin (375 Azərbaycan vətəndaşı, 98 xarici) barəsində müvafiq tədbirlər görülüb.

 

Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proq­ramı”nın icrasını təmin etmək və gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkar olunub. 

 

Bu faktlar üzrə  ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən 35 kq 926 qram tiryək, 27 kq 037 qram marixuana, 38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin, 10 konvalyut diazepam, 30 ədəd alprazolam, 1,4 qram fenobarbital, 110 flakon və 10 konvalyut klonazepam, 20 konvalyut xlordia­zepoksid və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

 

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 185  nəfər (159 nəfər kişi, 26 nəfər qadın) barəsində müvafiq tədbirlər görülüb.

 

2014-cü il ərzində kinoloqlar tərəfindən narkotik axtarışı üzrə xidməti itlərin tətbiqi nəticəsində 16 fakt üzrə ümumilikdə 7 kq 249 qram narkotik vasitə, o cümlədən 5 kq 590 qram tiryək,  64 qram heroin, 20 qram həşiş, 1 kq qurudulmuş marixuana, 215 qram meta­don məhlulu aşkar olunub. Hesabat ilində Kinoloji Mərkəz tərəfindən narkotik axtarışı üzrə 18 it əldə olunaraq təlimləndirilib, beynəlxalq əməkdaşlıq çərçivəsində Toqo və Monqolustan gömrük xidmətlərinin hər birinə iki baş xidməti axtarış iti verilib. 

 

2014-cü il ərzində Azərbaycan gömrük orqanları tərəfindən aşkar olunmuş 10387 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 287 hüquqi şəxs (o cümlədən 144 xarici hüquqi şəxs) və 10 089 fiziki şəxs (o cümlədən 6218 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 mln. 206 min 651 manat cərimə tətbiq olunmaqla, dəyəri 228 min 933 manat olan mallar müsadirə edilib.

 

Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar keçiril­məsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, onların müvəqqəti idxal müddətlərinin pozulması ilə əlaqədar olub.

 

“Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 514 500 ABŞ dolları, 72 100 avro, 630 000 rus rublu, 730,6 qram qızıl, 130 ədəd qızıl zinət əşyaları, 62 kq 429 qram  gümüş  aşkar olunub.

 

Hesabat ilində həmçinin 127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 1 910 000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 38 ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 64 ədəd ov silahlarının sursat və ləvazimat­ları, 8 ədəd qaz silahı və 57 ədəd qaz silahı üçün patron, 27 ədəd pnevmatik silah və 2398 ədəd pnevmatik silah üçün sursat, 4 kq 600 qram civə, 772 ədəd soyuq silah, 979 ədəd televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon və 2183 ədəd telefon aksesuarları, xeyli miqdarda dərman vasitə­ləri, baytarlıq və bitki dərmanları, 4 kq-dan çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatları və digər mallar tutulub.

 

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülmüş, aksiz markasız  və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 12 076 476 ədəd xaricdə istehsal olunan siqaret, 1152 litr və 5792 ədəd spirtli içki, o cümlədən 525000 ədəd digər ölkələrin aksiz markaları və 4 top saxta aksiz markaları saxlanılıb.

Eyni zamanda 2014-cü ildə konrtafakt və saxta malların qaçaqmalçılığına qarşı tədbirlər gücləndirilib, 3 fakt üzrə hüquqpoz­manın predmeti kimi götürülmüş 12,5 kq kiflənmiş yağ məmulatı, 500 qram balıq kürüsü, 16 kq kiflənmiş pendir, 9 kq sosiska, 32 kq kolbasa, 24,3 kq kolbasa məmulatları, 68 ədəd müxtəlif markalı molbil telefonlar keyfiyyətsiz, istehsal və son müddəti başa çatdığından kontrafakt (saxta) mallar qismində sənədləşdirilərək qanunvericiliyə uyğun qanunsuz dövriyyədən çıxarılıb.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR